`Vikipediya` min cild etdi

`Vikipediya` min cild etdi
  25 Fevral 2014    Oxunub:1681
İngilisdilli “Vikipediya” min cildli kitab şəklində dərc ediləcək.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, “Vikipediya” onlayn ensiklopediyasının ingilisdilli bölməsində hazırda 4,5 milyon məqalə yer alıb və bu dil bölməsi 270-dən çox dil bölməsi arasında ən tutumlusu hesab edilir. “Wikipedia Books Project” layihəsinin iştirakçıları məhz bu bölməni çap şəklində dərc etmək niyyətindədirlər.

İngilisdilli “Vikipediya”nın hər biri 1200 səhifədən ibarət olmaqla min kitab cildinə yerləşəcəyi, bütün cildlərin saxlanılması üçün uzunluğu 10 metr, hündürlüyü 2,5 metr stellajın lazım olacağı güman edilir.

“Wikipedia Books Project” iştirakçıları kitabları qalın cilddə nəşr etməyi düşünürlər. Formatlama mətn və qrafikin hər səhifədə üç sütunda yerləşdirilməsini nəzərdə tutur. Bundan başqa, monoxrom çap texnologiyasından istifadə ediləcək. Lakin layihə üçün kifayət qədər pul vəsaitinin toplanması mümkün olsa, nəşrin rəngli variantı da nəzərdən keçiriləcək.

Qeyd etmək lazımdır ki, “Vikipediya”nın daima yenilənməsi və redaktə olunması səbəbindən cildlər hazırlanan zaman layihə müəllifləri dəyişiklikləri qısa zaman kəsiyində etməli olacaqlar.

Lakin “Vikipediya”nın çap şəklində buraxılmasından praktiki fayda şübhə doğurur. Birincisi, nəşr bir nüsxədə planlaşdırılır. İkincisi, 1000 cildli kitabda informasiyanı axtarmaq heç də rahat olmayacaq.

Buna baxmayaraq layihə müəllifləri nəzərdə tutulan 50 min dollardan 3500 dollar cəlb ediblər. Vəsait toplanışı bundan sonra daha 50 gün ərzində davam edəcək.


Teqlər:





Xəbər lenti