Qarabağdan Ermənistana silah axını - Yeni faktlar (VİDEO)

Qarabağdan Ermənistana silah axını -  Yeni faktlar (VİDEO)
  05 Noyabr 2020    Oxunub:4756
Ermənistanda hərbi böhran dərinləşir. İş o yerə çatıb ki, Azərbaycanın işğal olunmuş ərazilərindən qaçan erməni hərbçilər yalnız fərariliyə görə deyil, Ermənistanda silahlı qiyam hazırlığında da ittiham olunurlar.
Azvision.az -ın məlumatına görə, Ermənistandan işğal olunmuş ərazilərə silah-sursat daşınacağı gözlənilsə də, bunun tam əksi baş verir. Artıq erməni mətbutının yazdığı kimi Dağlıq Qarabağdan Ermənistana külli miqdarda silah-sursat daşınır. Bunu təsdiqləyən onlarla fakt üzə çıxarılıb.



Dünən Ermənistanın Vayk şəhərində Dağlıq Qarabağdan gətirilən xeyli sayda sursat aşkar edilib. Erməni mətbuatı yazır ki, Vayk polis şöbəsinə daxil olan operativ məlumatlar əsasında Qarabağdan qayıdan avtomobillərə baxış zamanı silahlar, dəbilqələr, güllə keçirməyən jiletlər, hərbi bıçaqlar, xeyli sayda güllə və digər hərbi avadanlıqlar götürülüb.

"Bu çətin günlərdə silah və sursata daha çox döyüş meydanında ehtiyac duyulur. Ayrı-ayrı rayonların polis bölmələrinin zabitləri silah və sursatların “Artsax”dan (Dağlıq Qarabağ -red) Ermənistana qanunsuz daşınması hallarını aşkar etmək üçün gecə-gündüz nəzarəti davam etdirirlər. Eyni zamanda əhali arasında müəyyən maarifləndirmə işləri aparılır, xəbərdarlıqlar edilir", - deyə erməni KİV-i bildirib.



Qarabağdan İrəvana silah daşınması ilə bağlı digər bir neçə fakt isə Ermənistanın Sünik və Sisian polis bölmələrinin əməkdaşları tərəfindən aşkarlanıb. Məlumata görə, polislər Qarabağdan qayıdan "UAZ" markalı avtomobilə baxış keçirərkən maşında gizlədilmiş “Kalaşnikov” avtomatları və xeyli sayda güllə müəyyən ediblər.

Döyüş bölgəsindən Ermənistana silah axını erməni mətbuatında həyəcan təbilinin çalınmasına səbəb olub. Təbii ki, bütün bunlar yaxın günlərdə Ermənistanda silahlı qiyam təhlükəsinin real olduğuna işarədir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Silah-sursat   Fərarilik   Ermənistan  





Xəbər lenti