“Rusiya artıq İrəvanı müttəfiq kimi qəbul etmir” - Erməni partiya sədri

 “Rusiya artıq İrəvanı müttəfiq kimi qəbul etmir” -  Erməni partiya sədri
  20 İyul 2020    Oxunub:4155
Rusiyanın siyasi rəhbərliyi artıq İrəvanı müttəfiq kimi qəbul etmir.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Demokrat Partiyasının sədri Aram Sarkisyan deyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin artıq hüdudlarından kənara çıxması və regional xarakter ala biləcəyi barədə çox danışılıb.
Belə vəziyyətdə baş nazir Nikol Paşinyan və hazırkı hökumət Ermənistan-Rusiya münasibətlərini son 20 ildə mövcud səviyyəyə qaytarmağa borcludur.

"Əgər müttəfiq dövlətin yalnız çətin anlarda kömək və dəstək vermək məcburiyyətində olduğunu xatırlayırsınızsa, ölkədəki siyasi vəziyyət sizin üçün müsbət hala gəldikdə müttəfiqinizdən şikayət etməyə başlayırsınızsa, başa düşməlisiniz ki, belə vəziyyətdə o cavab verə bilər və bu cavab olduqca ağrılı ola bilər", - deyən Sarkisyan, ”Russia Today" beynəlxalq xəbər agentliyinin baş redaktoru Marqarita Simonyanın artıq Kremlin illərlə topladığı narazılığını ifadə etdiyini söyləyib.

Partiya rəhbərinin sözlərinə görə, kimsə bunu başa düşmürsə, o, sadəcə axmaqdır və Ermənistanın milli maraqlarına zidd gedir.

“Bu gün heç kim Rusiyanın bölgəmizdəki böyük təsirini əvəz edə bilməz. Bunu xalqımız da yaxşı başa düşməlidir. Rusiyaya qarşı düşüncələrin cəmiyyətimizin bir hissəsində yaranması son iki ildə mövcud Ermənistan hakimiyyətinin xidmətidir. Onlar sorosçulara və bütün qrant verənlərə Rusiyanı bizə qarşı çevirməyə icazə verdilər. Bu, bir həqiqətdir. İkincisi, dost ölkələrin olmasını istəyirsinizsə, hər gün onlarla mehriban və isti münasibətlər qurmalısınız".

Aram Sarkisyan qeyd edib ki, gərgin vəziyyət yarananda, Rusiya Prezidenti Vladimir Putin həmişə Ermənistanın siyasi rəhbərliyi ilə əlaqə saxlayırdı, amma bu dəfə baş vermədi.

“Belə bir münasibətin nəyə səbəb olacağını başa düşürsünüz? Sizə artıq açıq şəkildə müttəfiq olmadığınızı bildirirlər. Onlar birtərəfli əsasda münasibət qurmaq niyyətində olmadıqlarını açıq şəkildə göstərirlər. Sizə kömək edilməli olduğunu xatırlayan kimi dərhal diz çöküb və kömək üçün sürünürsüz. Bu, müstəqilliyinizin təzahürüdür?”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Ermənistan   İrəvan  





Xəbər lenti