Üç “dissident”in günahları – ARAŞDIRMA

Üç “dissident”in günahları – ARAŞDIRMA
  14 Mart 2013    Oxunub:3944
1962-ci il iyulun 17-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Xəlil Rza, Qulu Xəlilov və Məsud Əlioğlu barəsində qərar qəbul edir: “Bizim partiyanın siyasətinə və yüksək proletar beynəlmiləlçiliyi prinsipinə zidd olan milli məhdudluq və lovğalıq kimi yanlış mövqeyə yuvarlanmış şair Xəlil Rzanın və tənqidçilər Məsud Əlioğlunun, Qulu Xəlilovun davranışı pislənilsin. Mətbuatda səhv çıxışına görə Məsud Əlioğlu “Azərbaycan” jurnalının redaksiya heyətinin tərkibindən çıxarılsın”.

Bu sərt hökm Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun 17 iyul 1962-ci il tarixli həmin iclasında səslənmişdi. “Respublikanın ayrı-ayrı yazıçılarının səhvləri haqqında”. Bu da həmin iclasda qəbul edilmiş qərarın adıdır.
Görəsən, o vaxt Xəlil Rza, Məsud Əlioğlu və Qulu Xəlilov hansı “milli məhdudluğa” və “lovğalığa” görə cəzalandırılmışdılar? Bu suala Siyasi Sənədlər arxivində saxlanılan qərarın giriş hissəsində qismən cavab verilir. Qeyd olunur ki, “respublikanın ayrı-ayrı yazıçılarının işində prinsipial partiya tənqidi tələb edən ciddi nöqsanlar vardır”.
Nədən ibarət idi bu nöqsanlar?

“Son vaxtlar bəzi gənc yazıçılar müasir reallığı pis bilmək, kommunizm quruculuğunun tarixi nailiyyətlərini dərindən dərk etməmək və qiymətləndirməmək nəticəsində... ideya-yaradıcılıq səhvlərinin girdabına düşmüş, obıvatel-meşşan əhval-ruhiyyəsinin əsirinə çevrilmişlər”.
Belə bir girişdən sonra qərarda konkret adlar çəkilir: “Xəlil Rzanın bu yaxnlarda ortaya çıxmış “Ana dili” şeiri, ”Qlavlit”in (Mətbuatda dövlət sirlərini mühafizə edən idarə - M.H.) çapa icazə vermədiyi “Məftilə sarınmış yaralar” poeması əvvəllər xeyli yaxşı şeirlər yazmış gənc şairin açıq-aşkar ideya yanılmalarından xəbər verir. Ana dilini dəbdəbəli, gurultulu sözlərlə vəsf edən şair onu başqa xalqların dillərinə qarşı qoyur”.

O vaxtlar Mərkəzi Komitə bürosunun belə qərarlar çıxarması üçün müvafiq şöbələrdən sənəd və arayışlar toplanırdı. Bu qərarın qəbul olunmasında da Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsinin arayışı əsas götürülmüşdü.

Sovet dövründə Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsinin nə demək olduğunu o dövrü yaşamayanlar üçün bir neçə sözlə ifadə etmək asan deyil. Ölkədə bütün ideoloji iş məhz bu şöbə vasitəsilə tənzimlənirdi. Amma nə qədər qəribə olsa da təbliğat və təşviqat şöbəsi də öz arayışını hazırlayarkən Xəlil Rzanın həmkarlarının – Yazıçılar İttifaqının rəhbərliyinin təqdim etdiyi sənədlərə əsaslanmışdı. Həmin sənədlər içərisində X.Rza barəsində yazılmış xasiyyətnamə də var: “Son vaxtlar Xəlil Rzanın açıq çıxışlarında və şeirlərində milli məhdudluq, qapalılılq, ictimai inkişaf məsələlərimizin yanlış anlaşılması kimi meyllər meydana çıxmışdır. Xəlil Rzanın bəzi son şeirlərini (məsələn, “Ana dili” şeirini) ideyaca ziyanlı adlandırmaqdan başqa söz tapmaq olmur”.

Təbliğat və təşviqat şöbəsinin arayışını hazırlayanlar isə bu xasiyyətnaməyə bircə cümlə artırmaqla kifayətləniblər: “Kəskin tənqidlə qarşılaşmayan Xəlil Rza bir sıra ideyaca ziyanlı şeirlər yazmaq dərəcəsinə qədər enib”.

Biz Xəlil Rzanın “Azərbaycan” jurnalında (1962-ci il, № 3) dərc edilmiş “Ana dili” şeirini həm o dövrün, həm də indiki dövrün gözü ilə oxumağa çalışsaq da, şeirdə nə ideya qüsuru tapdıq, nə də dilimizin hansısa xalqın dilinə qarşı qoyulduğunu hiss etdik. Şeirdə o dövrün partiya senzorlarını az-çox qıcıqlandıra biləcək bənd isə aşağıdakıdır:

Kim sevməyir
öz dilini,
İtsin mənim gözlərimdən
Ilim-ilim.
Bu Azəri torpağının
Günəşidir
Mənim dilim!!!

Yeri gəlmişkən qeyd edək ki, həmin şeiri Xəlil Rza sonralar – 15 fevral 1980-ci il tarixli “Azərbaycan müəllimi” qəzetində də dərc etdirib. Aradan 20 ilə yaxın bir vaxt keçməsinə, suların xeyli durulmasına baxmayaraq, “Ana dili” bu dəfə də ixtisara məruz qalıb, yuxarıda xatırlatdığımız bənd “yoxa çıxıb”. Baxmayaraq ki, şair və ya redaksiya işçiləri bu dəfə şeirə bəlkə də heç həqiqətdə movcud olmayan bir epiqraf da əlavə ediblər: “Biz öz Vətənimizi və dilimizi sevirik. V.İ.Lenin”...

“Qlavlit”in çapına qadağa qoyduğu “Məftilə sarınmış yaralar” poeması isə o dövr üçün artıq etiraz nəğməsiydi! Axı həmin 60-cı illərdə aşağıdakı misraların çapına hansı partiya funksioneri göz yuma bilərdi?

Bir-birindən cida düşdük,
Diri gözlü oda düşdük.
Biz yadlara neyləmişdik
O sahildə, bu sahildə?

Ürək dustaq, Vətən məhbəs!
Hanı Babək, Cavanşir bəs?
Həyat bu cür qala bilməz
O sahildə, bu sahidə!

O dövrdə Azərbaycanın Rusiya tərkibinə könüllü daxil olduğunu iddia edən respublika partiya təşkilatı təbii ki, X.Rzanın aşağıdakı misralarına “ideya yanılması”ndan başqa ad verə bilməzdi:

Nə həsrət, nə hicran olsun
Vahid Azərbaycan olsun!
Qoy birləşsin, bir can olsun
O sahil də, bu sahil də!

“Vahid Azərbaycan” deyə hayqıran, “o sahil”lə “bu sahil”i birləşdirmək istəyən şair cəzalandırılmalıydı. Amma xoşbəxtlikdən artıq 37-ci ilin standartları ilə yox...

“Tənqidçi Qulu Xəlilovun “Azərbaycan” jurnalında dərc edilmiş məqaləsində də bu cür səhvlərə yol verilmişdir”. Bu cümlə də Mərkəzi Komitə bürosunun qərarındandır. Söhbət isə Qulu Xəlilovun “Azərbaycan” jurnalında (1961-ci il, № 12) dərc edilmiş “Lirikamızda müasirlik” adlı məqaləsindən gedir.

Nisbətən cavan oxucular üçün xatırladaq ki, Qulu Xəlilov1930-cu ildə anadan olmuş, 1954-cü ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra “Ədəbiyyat və incəsənət” qəzetində, Nizami adına Ədəbiyyat İnstitunda işləmişdi. BDU-nun filologiya fakültəsinin dekanı olmuş, 1967-ci ildən ömrünün sonuna qədər jurnalistika fakültəsində dərs demişdi. Filologiya elmləri doktoru, professor idi, əməkdar elm xadimi fəxri adını almışdı. Ədəbiyyata dair 20-yə yaxın kitabın, müxtəlif nəsr əsərlərinin müəllifi olmuşdu. 70-ci illərdə çox böyük populyarlıq qazanmış “Yaşamaq istəyirəm” povesti ayrı-ayrı illərdə dörd dəfə nəşr edilmişdi. Qulu Xəlilov 1995-ci ildə vəfat edib.

Mərkəzi Komitə bürosunun qərarında adı çəkilən məqaləsində Qulu Xəlilov son dövrlərin poeziya nümunələrini təhlil edərək yazırdı: “Bütün mütərəqqi xalqlar indi ürəkdən sevinir ki, vur-tut 460 min əhalisi olan Qabon Respublikasının, 560 min əhalisi olan Mavritaniya Respublikasının və bir çox adı, yeri indiyə qədər coğrafiya kitablarında, xəritələrdə məlum olmayan kiçik dövlətlərin beynəlxalq təşkilatlarda nümayəndəsi, hər ölkədə səfiri var, öz səsini müstəqil şəkildə ucaldır. Bəs onda bizim qardaş-bacılarımızın altı-yeddi milyondan çoxuna nə üçün öz ana dilində danışmaq, oxumaq, yazmaq, məktəb açmaq qadağan olsun?
Onların qəhrəman babası Şah İsmayıl Xətai öz dövründə bu dildə Macarıstana nota verməmişdimi? Vaxtı ilə Azərbaycan dili bütün Yaxın Şərqdə ən çox istifadə olunan beynəlxalq danışıq dili deyildimi?”


Qulu Xəlilovun məhz bu fikirləri Mərkəzi Komitədə narahatlıq yaratmışdı. Görünür, Şah İsmayıl Xətainin öz dövründə Macarıstana Azərbaycan dilində nota verməsini yada salmaq milli müstəsnalıq və lovğalıq əlaməti sayılırdı...
Balaş Azəroğlunun “Elə oğul istəyir Vətən” şeirinə istinad edən tənqidçi yazırdı: “İndi elə bir xalq yoxdur ki, öz birliyi, Vətəninin səadəti uğrunda düşünməsin, mübarizə aparmasın. Bəs onda uzun, şərəfli, zəngin və qəhrəman bir tarixə malik olan bir xalqın azadlığı uğrunda düşünməmək nadanlıq deyilmi?”
İndi o qədər də qeyri-adi səslənməyən, bəlkə də ritorik görünən bu fikirlər uzaq 60-cı illərdə “ideyaca ziyanlı müddəalar” sayılırdı.

“Azadlıq təşnəsi olan bir millətə azadlığı sədəqə kimi qram-qram vermək kimə gərəkdir? Xalqın öz qüvvəsini, öz hüququnu dərk etməsi, ayağa qalxması, silaha sarınması lazımdır. Azadlıq – qurbanlar tələb edir”.
Bu cümlələr də indiki oxucuya heç nə demir. Çünki Azərbaycan ötən əsrin 80-ci illərinin sonlarında ayağa da qalxdı, kifayət qədər qurbanlar da verdi. Amma qəbul etməliyik ki, 60-cı illərdə sovet cəmiyyətində azadlığın qurban tələb etdiyini dilə gətirmək yasaq idi!

“Tənqidçi Məsud Əlioğlunun “Sevil”dən “Saçlı”ya, “Səriyyə haqlıdırmı?” kimi məqalələri də mövcud olmayan milli müstəsnalığı göylərə qaldıran ideyaca ziyanlı müddəalarla doludur”. Bu cümlə də o vaxtkı Mərkəzi Komitə bürosunun qərarından götürülüb.
O dövrün tanınmış tənqidçisi Məsud Əlioğlu barədə də qısa məlumat verməyi lazım bilirik: O, 1928-ci ildə sovet dövrünün tanınmış yazıçısı Əli Vəliyevin ailəsində doğulub. Tanınmış ədəbiyyatşünas alim və tənqidçi olub. “Cəlil Məmmədquluzadənin dramaturgiyası”, “Ədəbi fraqmentlər”, “Hüseyn Cavid romantizmi” və s. kitabların, yüzlərlə elmi-tənqidi məqalənin müəllifi olub. 1973-cü ildə dünyasını dəyişib.

Məsud Əlioğlu “Sevil”dən “Saçlı” ya” adlı məqaləsində (“Azərbaycan” jurnalı, 1962, № 3) Azərbaycan ədəbiyyatında qadın obrazlarını təhlil etmişdi. Bəs belə bir məqalədə hansı milli müstəsnalıqdan söhbət gedə bilərdi?
Təbliğat və təşviqat şöbəsinin Mərkəzi Komitəyə arayışından: “Bu məqalə anti-marksist, açıq-aşkar irticaçı, mövcud olmayan milli müstəsnalığı göylərə qaldıran müddəalarla doludur. ...O, bütün məqalə boyu guya “müsəlmançılıq” tərəfindən hazırlanmış köhnə “milli” ənənələrin tərifini göylərə qaldırır. Məsud Vəliyev (Məsud Əlioğlu – M.H.) iddia edir ki, guya bütün yaxşı şeylər yalnız Şərqə məxsusdur”.
Sonra bu fikirlərin təsdiqi kimi tənqidçinin məqaləsindən sitat verilir: “Şərqdə, xüsusilə Şərqin qabaqcıl ölkələrindən olan Azərbaycanda qadın-ana hüququnun hörmətli tutulması, qadın ləyaqətinin, qadın namusunun müqəddəsliyi, qadına bəslənən ülvi və müqəddəs münasibətlər bu xalqın varlığında nə qədər humanist duyğuların, ali və saf fikirlərin mövcud olduğunu nümayiş etdirir.
M.Vəliyev bütün pis və əxlaqa zidd şeylərin kənardan gətirildiyini iddia edir”.

Bəs əslində kənardan gətirilən nə idi?

M.Əlioğlu adı çəkilən məqaləsində “Sevil” pyesindən söz açaraq yazırdı: “Sevil bizim Azərbaycan mühitindən, “müsəlman ailəsindən” çıxmış, yaxşı və sağlam tərbiyə görmüş, şərəfini, təmiz adını hər şeydən uca tutan, ləkəli olmaqdansa, ölümü qəbul edən ismətli bir gəlindir. ...Dilbər xanım bizim xalqın içərisindən çıxmamışdır, kənardan gəlmişdir. Təsadüfi deyidir ki, o, xarakterini və münasibətlərini tez-tez dəyişdiyi kimi, adını və dilini də tez-tez yaddan çıxarır və dəyişir. O, bizə yaddır, yadlar qucağında böyümüşdür, “haram süd” əmmişdir. ...Dilbər xanım özü ilə bərabər “Vətəninə” nə gətirmişdir? Yelbeyin ziyalıları yerindən oynadan, işvəkar və aldadıcı hərəkətlər, pozğun əxlaq “nəzəriyyəsi”, bir də kazinolarda, ziyafət məclislərində işlədilən yad bir dil!”

Məlumat üçün deyək ki, büronun qərarının hazırlanmasından ötrü toplanan sənədlər içərisində Xəlil Rzanın “Ana dili” şeirinin rus dilinə hərfi tərcüməsi, eləcə də M.Əlioğlunun adı çəkilən məqaləsinin rusca qısa icmalı da var. Tənqidçinin “Dilbər xanımın özü ilə gətirdiyi yad bir dil” ifadəsinin tərcüməsindən sonra qeyd gəlir: “Reç idyot o fransuzskom yazıke!”– “Söhbət fransız dilindən gedir!”

Maraqlıdır ki, Azərbaycan KP MK-nın bu qərarı tək adı çəkilən müəllifləri əhatə etməmişdi. “İdeyaca qüsurlu və bədii cəhətdən zəif materiallar dərc etdiklərinə görə” “Azərbaycan” jurnalının redaktoru Əbülhəsən Ələkbərzadəyə və “Ədəbiyyat və incəsənət” qəzetinin redaktoru Qasım Qasımzadəyə töhmət verilmişdi...

Yəqin ki, bütün bu deyilənlərdən sonra biz sovet rejimini indi dəbdə olan pafoslu sözlərlə yıxıb sürüməliydik . “Rejim yazıçının əl-qolunu bağlayırdı”, “Şair azad sözə görə sıxışdırılırdı” və s. və i.a. Amma biz belə yazmırıq. Çünki təxminən 50 il bundan əvvələ aid olan arxiv sənədlərinə müraciət etməklə kimisə, yaxud kimləri isə sovet dönəmindəki bu və ya digər indi yanlış sayılan addımına görə tənqid etmək, xüsusən də ittiham etmək niyyətimiz yoxdur. Elə bu səbəbdən də sənədlərə, o dövrün termini ilə desək “viza verən”, onu imzalayan şəxslərin adlarını çəkməyə də lüzum görmürük. Bu qərarı, həmin arayışları məhz o adamlar imzalamasa da, başqaları imzalayacaqdı. Çünki biz sovet dövlətinin tərkibində, sovet reallığında yaşayırdıq. Yaxın tariximizin bu səhifəsinə işıq salmaqda məqsədimiz isə sadəcə o dövrün insan üzərindəki, xüsusən ədəbiyyat üzərindəki qlobal nəzarətinin bir epizodunu xatırlatmaqdır.
Bu, bizik və bizim tariximizdir. Kədərli tarix olsa belə...

Müsəllim Həsənov









Teqlər:  





Xəbər lenti