Gənc hüquqşünaslardan yeni layihə
Razılaşmanın tərkib hissəsi olaraq, 22- 28 Noyabr tarixləri aralığında Gürcüstandan olan tələbələr Bakıda keçirilən görüşlərdə iştirak edirlər. Görüşdə ELSA Gürcüstan 13 nəfər üzvdən ibarət olan nümayəndə heyəti ilə təmsil olunur.
Tədbir proqramının tərkib hissəsi olaraq tələbələr Azərbaycan milli musiqisi, tarixi abidələri, hüquq sistemi və s. ilə tanış ediliblər. Bütün bunlarla yanaşı, qonaqların ASAN Xidmət mərkəzində və eləcə də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında görüşlərinin keçirilməsi planlaşdırılıb.
Seyfəlpaşa Əliyev bildirib ki, eyni razılaşma Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Norveç nümayəndəliyi (ELSA Norveç) ilə də əldə olunub. Razılaşmaya müvafiq olaraq Yanvar ayının 30-u Norveçin Bengen və Oslo şəhərlərindən hüquqşünas tələbələrdən ibarət nümayəndə heyəti Bakıya rəsmi səfər üçün gələcəklər və qarşılıq olaraq azərbaycanlı hüquqşünas tələbələr “Təhsil səfəri” layihəsində iştirak üçün Norveçə yollanacaq.
ELSA layihələrinin tərkib hissəsi olan “Təhsil Səfəri” layihələrində əsas məqsəd Avropanın müxtəlif ölkələrinin milli mədəni dəyərlərinin, hüquq sistemlərinin qarşılıqlı öyrənilməsindən, hüquqşünas tələbələrin qarşılıqlı dostluq əlaqələrinin yaradılmasından ibarətdir.
Qeyd edək ki, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (The European Law Students’ Association) Hüquqşünas Tələbələrin və Gənc Hüquqşünasların dünyadakı ən böyük birliyidir. Azərbaycan artıq iki ildir ki, ELSA-nın üzvüdür. Hazırda ELSA-nın Azərbaycan nümayəndəliyinə Sirac Sultanlı rəhbərlik edir.
Təşkilatın hazırda Hüquqşünas tələbələr arasında Səhnələşdirilmiş Məhkəmə Prosesləri üçün qeydiyyat davam edir. Eləcə də, Dekabr ayında ELSA Azərbaycan tərəfindən Azərbaycan Gənclər Sammiti layihəsi həyata keçiriləcək.