Paracüdo üzrə Qran-Pridə ilk günün qalibləri

Paracüdo üzrə Qran-Pridə ilk günün qalibləri
  14 May 2019    Oxunub:1744
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri yarışının açılış mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında təşkil olunan tədbirin ardınca final görüşləri baş tutub. Azərbaycan millisinin 6 üzvü finala yüksəlib.

Qadınlar arasında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Şahanə Hacıyeva həlledici görüşdə çinli Li Liqinqi məğlubiyyətə uğradaraq qızıl medala sahib olub.

52 kiloqram çəkidə Səbinə Abdullayeva və Bəsti Səfərova bürünc medal uğrunda görüşdə bir-birilərinə rəqib olublar. Bu qarşılaşmadan Bəsti Səfərova qalib ayrılıb.

57 kiloqram çəki dərəcəsində Azərbaycanın iki cüdoçusu - Sevda Vəliyeva və Afaq Sultanova finalda qarşılaşıblar. Sevda Vəliyeva bu görüşdən qələbə ilə ayrılıb və turnirin qalibi adını qazanıb.

Kişilərin yarışında isə Vüqar Şirinli (60 kq) finalda Rumıniya təmsilçisi Florin Aleksandruya qalib gəlib və qızıl medala yiyələnib. Bayram Mustafayev (66 kq) gürcüstanlı Giorgi Kaldaniyə məğlub olaraq gümüş medal əldə edib. Bu çəkidə çıxış edən digər idmançı Namiq Abbaslı bürünc medal uğrunda Gürcüstan təmsilçisi Giorgi Qamyaşvilini məğlub edərək üçüncü olub. 73 kiloqramda Ramil Qasımov üçüncü yeri tutub. Hüseyn Rəhimli (81 kq) isə finalda Özbəkistan idmançısı Davurxom Karomatova məğlub olub və gümüş medala layiq görülüb.

Digər çəki dərəcələrində gürcüstanlı Giorgi Kaldani (66 kq), Özbəkistan təmsilçiləri Feruz Sayidov (73 kq), Davurxom Karomatov (81 kq) və ukraynalı İnna Çerniak (52 kq) qalib olublar.

Qeyd edək ki, 35 ölkədən 214 cüdoçunun qatıldığı turnirə mayın 14-də yekun vurulacaq.

Azvision.az


Teqlər: Paracüdo   Qran-Pri  





Xəbər lenti