Milli yığmamızın braziliyalıları

Milli yığmamızın braziliyalıları
  19 Noyabr 2013    Oxunub:1449
Reynaldo və Almeyda da bu sıraya qoşulacaqmı?

Son bir neçə gündə “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Reynaldo Da Silvanın və onun komanda yoldaşı və həmvətəni Riçard Almeydanın Azərbaycan vətəndaşlığı almaq istədiyi barədə məlumatlar yayılıb. İndiyə qədər milli komandamızda xeyli sayda əcnəbi futbolçu çıxış etdiyindən braziliyalıların da milli komandamızda forma geyib-geyməyəcəyi müzakirə mövzusuna çevrilib.

Bu günə qədər Rusiya, Ukrayna, Gürcüstan, Nigeriya, Serbiya və Türkiyə kimi ölkələrdən milliləşdirilmiş futbolçu yığmamızda oynamağa imkan tapıb. Bundan əlavə, beş braziliyalı oyunçu da millimizin şərəfini qoruyub. Hazırda milliləşdirilməsi gündəmə gələn hər iki oyunçu Braziliyanı təmsil etdiyindən indiyə qədər millimizin forması altında çıxış etmiş braziliyalıların seçmə komandamızdakı karyerasına, eləcə də Reynaldo və Almeydanın milli komandamızdakı perspektivinə nəzər salmağa qərar verdik.

* Milliləşən braziliyalılardan Markus Fereyra Yevlaxın “Karvan” komandasında inamlı təsir bağışlasa da, milli komandanın oyunçusu kimi potensialını aça bilmədi. “Karvan”ın o vaxtkı adı ilə UEFA kubokunda mərhələ adladığı dövrdə sərgilədiyi oyunla diqqət çəkən cənubi amerikalı pleymeyker milli forma ilə cəmi iki oyuna çıxması da çox şeydən xəbər verir.

* Şahin Diniyevin milli komandanı çalışdırdığı dönəmdə milliləşdirilən Andre Ladaqa seçmə mərhələdəki Qazaxıstan matçı ilə debüt edib. Milli komandamızda 11 oyun keçirən və “ev”dəki Qazaxıstan qarşılaşmasında millimizdəki qol hesabını açan eks “Bakı”lı sonradan enişə doğru qrafiq cızdığından milli komandadan da uzaq düşdü. Ölkəmizdə “Karvan”da da oynayan A.Ladaqanın millimizə xeyir verdiyini deyə bilmərik.

* 2006-cı ilin sentyabrında Qazaxıstan matçında milli seçmə komandamızda debüt edən Leandro Qomeş 18 oyunda meydana çıxsa da, ümidləri doğrultmayıb. Hazırda ölkəsinin aşağı dəstə klublarından birində forma geyən hücumçu Azərbaycanda top qovduğu dövrdə milli seçmə komandamızın indiki çalışdırıcısı tərəfindən də dəfələrlə yığmanın düşərgəsinə dəvət olunsa da, forvard kimi işinin öhdəsindən gələ bilməyib. Milli komandamızın heyətində bir qol belə vura bilməyən ön xətt oyunçusu haqqında xoş söz demək mümkünsüzdür.

* Milliləşdirilən daha bir braziliyalı futbolçu isə ölkəmizdə Yevlaxın “Karvan” komandasındakı çıxışları ilə tanınan Ernani Pereyradır. Müdafiəçinin fiziki göstəriciləri pis olmasa da, milli komandamızda 12 oyuna çıxmış oyunçunun bizimkilərdən fərqləndiyini söyləyə bilmərik.


* Futbol funksionerlərimizin milliləşdirərək milli formanı geydirdiyi daha bir braziliyalı isə “Bakı”nın yarımmüdafiəçisi Fabio Luis Ramimdir. Milli yığma komandamızda 16 oyun keçirən “sambacı” 4 dəfə fərqlənməyə imkan tapsa da, bunu yalnız zəif rəqiblərlə qarşılaşmalarda bacardı. Son zamanlarda ümumiyyətlə yığmaya çağrılmayan orta xətt oyunçusu hazırda diqqətdən kənarda qaldığından onun milli perspektivini də müzakirə etməyə dəyməz.

Göründüyü kimi, indiyə kimi milli formanı geymiş braziliyalılar heç nə ilə yadda qalmayıb. Təbii ki, belə vəziyyətdə yenidən milliləşmiş braziliyalılara bel bağlamaq variantı birmənalı qarşılanmaya bilər. Amma milli komandamızı həqiqətən gücləndirə biləcək əcnəbilərə də ehtiyac hiss olunmaqdadır.

Bu mənada həm Reynaldo, həm də Almeyda yığma komandamıza xeyir verə bilər. Yerli futbolçularla müqayisədə əlahiddə texnikası, oyunu üzərinə götürmə bacarığı və sürətli cinah reydləri ilə seçilən hər iki “sambaçı” “Qarabağ”ın əsas silahı hesab olunur. Hər iki futbolçunun yerli futbola tez uyğunlaşdığını və xüsusən çətin duellər zamanı səhnəyə çıxmaq bacarığını qeyd etməyə dəyər. Həm matçı çevirmək, həm də assentlik bacarığı ilə adından söz etdirən oyunçular kollektiv oyun tələb olunduğu anlarda sistemdən çıxmamsı da əlavə üstünlük kimi qiymətləndirilə bilər. Bu isə yarımmüdafiəçilərin yığma komanda üçün də əla perspektiv vəd etdiyini deməyə əsas verir. Digər tərəfdən, brailiyalıların həm millimizdə oynamaq istəyinin olması önəmli məqamlardandır.

Hər halda, sözügedən futbolçular haqda son qərarı AFFA rəsmiləri verəcək. Verilən qərarların lehimizə və ya əleyhimizə olacağınə isə zaman göstərəcək.

Tural Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti