Azərbaycanın Rusiyadakı səfirliyi döyülən həmyerlimiz ilə bağlı məlumat yayıb

Azərbaycanın Rusiyadakı səfirliyi döyülən həmyerlimiz ilə bağlı məlumat yayıb
  05 Noyabr 2013    Oxunub:1481
Moskva vilayətinin Zelenoqrad şəhərində rus millətçisi tərəfindən vəhşicəsinə döyülən 14 yaşlı azərbaycanlı Rövşən Kazımovun vəziyyəti qənaətbəxşdir. Rövşən Kazımovun anası Aygün Kazımova bildirib ki, hazırda Rövşən həkim nəzarətindədir.

AzVision.az APA- ya istinadən xəbər verir ki, Aygün Kazımova noyabrın 1-də baş verən hadisənin təfərrüatlarını da danışıb: “Oğlum dərsdən evə gələn zaman 12 nömrəli avtobusda bir nəfər rus gənc Rövşənə yaxınlaşaraq onu təhqir etməyə başlayıb. Gənc oğlan Rövşənə irqçi sözlər deyərək, onu “qara” millətin nümayəndəsi adlandırıb. Əvvəl Rövşən ona heç nə deməyib. Lakin sonra oğlum ona cavab qaytardıqda, o, Rövşəni döyməyə başlayıb. Oğlumun başına və bədən nahiyələrinə təpik və yumruqla güclü zərbələr endirib. Bu zaman avtobusda olan sərnişinlər laqeyd münasibət göstəriblər. Bircə Tatyana Aqofonova adlı sərnişin Rövşəni oğlanın əlindən almağa çalışıb. Oğlumu əvvəl Zelenoqradda olan xəstəxanaya aparıblar. Daha sonra Moskvada yerləşən Morozovski adına xəstəxanaya gətiriblər. Ona kəllə-beyin və göz travması diaqnozları qoyulub”.

A. Kazımova oğlunun artıq polis tərəfindən dindirildiyini də bildirib: “Dünən səhər polis oğlumdan ifadə alıb. Rövşən hadisənin təfərrüatlarını onlara danışıb. Hadisə baş verəndən sonra mən polislə danışdım. Onlar oğlumu döyəni saxladıqlarını bildirdilər. Lakin onu hələlik həbs edə bilməyəcəklərini, qanunun buna yol vermədiyini bildirdilər. Bizə dedilər ki, onun barəsində mütləq tədbir görüləcək. Bizdə olan məlumata görə, oğlumu vəhşicəsinə döyən gənc hələ də azadlıqda gəzir”.

A. Kazımova oğlunun başına ikinci dəfədir ki, belə iş gəldiyini bildirib. Belə ki, 2006-cı ildə oğlu Rövşən Kazımov işıqforun yaşıl işığında yolu piyada keçmək istəyərkən bir avtomobil onu vurub. Aldığı xəsarət nəticəsində R. Kazımov görmə qabiliyyətini qismən itirib və əlil olub. Rövşəni əlil vəziyyətinə salan sürücü cinayət məsuliyyətinə cəlb edilməyib. A.Kazımova həmin vaxt polis tərəfindən hədələndiklərini və ona görə də şikayətçi olmadıqlarını söyləyib.

A.Kazımova Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşlarının oğlu ilə görüşdüklərini, məlum hadisə ilə yaxından maraqlandıqlarını da bildirib.

Hadisənin şahidlərindən biri Tatyana Aqofonova açıqlamasında hadisənin təfərrüatları barədə danışıb: “Axşam saatlarında işdən evə qayıdarkən gözdən əlillər üçün məktəbin yanında 12 nömrəli avtobusa bir yeniyetmə mindi. Kənardan onun əlil olduğu hiss olunurdu. Lakin çox səliqəli və tərbiyəli görkəmi var idi. Avtobus bir neçə dayanacağı keçəndən sonra arxa tərəfdən söyüş səsləri eşitdim. Bir kişi səsi idi. Çox kobud şəkildə kimisə təhqir edirdi. Avtobusun mərkəzi çıxış qapısının yanında olan bir qadın həmin söyüş söyən oğlana yaxınlaşaraq ondan özünü niyə belə aparmasını soruşdu. Oğlan isə cavabında həmin qadına “bu ki, “qara”dır, sənə nə dəxli var?” dedi. Mən də həmin oğlana yaxınlaşıb, ona etirazımı bildirdim. Oğlan bizə fikir verməyib, yeniyetmənin üstünə düşərək onu təpikləməyə başladı. Bu zaman sürücüdən avtobusu saxlamağı xahiş etdim. Xoşbəxtlikdən sürücü avtobusu düz polis patrul xidmətinin olduğu yerdə saxladı. Mən hadisə yerində gözləyirdim. Bu zaman yeniyetməni döyən şəxsin polislərlə anlaşmaq istədiyinin şahidi oldum. O, mənə yaxınlaşaraq bildirdi ki, “Məni tanımırsan, görməmisən. Münaqişəyə yeniyetmə özü başladı. Mənim günahım yoxdur”. Lakin mən ona bunu etməyəcəyimi bildirdim. İndi mən rusiyalı olduğuma görə utanc hissi keçirirəm. Onu da demək istəyirəm ki, yeniyetməni döyən gənc alkoqollu deyildi, ayıq vəziyyətdə idi”.

Xəsarət alımış Rövşən Kazımov da hazırda özünü normal hiss etdiyini söyləyib. O da hadisənin təfərrüatını açıqlayıb: “Mən avtobusa oturdum. O, məni söyüşlə çağırdı. Mənə dedi ki, sən “qara”san. Get pomidorunu sat, “qara”. Mən ona “qara” olmadığımı, günəşdə zaqar aldığımı söylədim. Bundan sonra o, üstümə gələrək mənə şillə vurdu və əli ilə üzümü sıxdı. Onu itələdim. Bu zaman o, üstümə düşdü. Mən onun belindən tutdum, o isə məni vururdu. Sürücü bizə yaxınlaşdı. Onu buraxmağımı söylədi. Mən onu buraxdım. Bu zaman o, yumruqla mənim gözümə vurdu”.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfirliyi hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, səfirlik məlum hadisəni nəzarətdə saxlayır.


Teqlər:  





Xəbər lenti