Bakıda yaşayış binasında partlayış

Bakıda yaşayış binasında partlayış
  02 Noyabr 2013    Oxunub:1311
Bakının Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, bina 15, mənzil 76 ünvanında mənzilə qaz sızması nəticəsində partlayış baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat daxil olan kimi nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə yollanıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, çoxmənzilli yaşayış binasında Nicat Bədəlova məxsus mənzilin hamamında qaz sızması nəticəsində partlayış baş verib. Partlayış nəticəsində mənzilin aynabəndinin şüşələri və dəmir barmaqlarının bir qismi dağılaraq həyətə tökülüb.

Eyni zamanda mənzildə olan 1984-cü il təvəllüdlü Bədəlova Firuzə Tofiq qızı və 2010-cu il təvəllüdlü azyaşlı Bədəlova Zəhra Nicat qızı partlayışın təsirindən psixi sarsıntı keçirib. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının əməkdaşları zərərçəkmiş şəxslərə müdaxilə edib.

Hadisə yerində olan “Azəriqaz” QSC əməkdaşları binaya qazın verilməsini tam şəkildə dayandırıb. Bundan sonra xilasedicilər mənzilə daxil olaraq eyvanın təhlükə yaradan pəncərələrini və dəmir barmaqlıqlarını təhlükəsizlik qaydalarına riayət etməklə kəsib təhlükəsiz yerə qoyublar.


Teqlər:  





Xəbər lenti