Mehriban Əliyeva Romada- FOTOSESSİYA

Mehriban Əliyeva Romada- FOTOSESSİYA
  06 Mart 2013    Oxunub:1727
Mehriban Əliyeva Romada “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisinin açılışında iştirak edib.
AzərTac-ın xüsusi müxbirinin verdiyi məlumata görə, martın 5-də Heydər Əliyev Fondunun, “Baku” jurnalının ingilisdilli versiyasının və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə layihəsi çərçivəsində Romanın “MAXXİ Milli Müasir İncəsənət Muzeyində “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisinin rəsmi açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Romanın MAXXİ Milli Müasir İncəsənət Muzeyinə gəliblər.
Əvvəlcə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Muzeyin prezidenti Covanna Melandri arasında görüş keçirilib.
Görüşdə “Bakıya uçuş” sərgisinin Romada keçirilməsindən məmnunluq ifadə edilmiş, bu sərginin Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlığa töhfə olduğu vurğulanıb, MAXXİ Milli Müasir İncəsənət Muzeyi ilə Heydər Əliyev Mərkəzi arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Romanın MAXXİ Milli Müasir İncəsənət Muzeyinin prezidenti Covanna Melandri Azərbaycanın birinci xanımının tədbirdə iştirakını məmnunluqla qeyd edərək sərginin təşkilatçılarına minnətdarlığını bildirib.
Mərasimdə çıxış edən Leyla Əliyeva “Bakıya uçuş” sərgisinin bu dəfə dünya memarlığının şah əsəri - Romada açıldığını vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, müsəlman Şərqində ilk dəfə - 1918-ci ildə qadınlara səsvermə hüququ Azərbaycanda verilib, müsəlman qızları üçün ilk dünyəvi məktəb Bakıda açılmış, Şərqdə ilk opera və balet də bizim ölkəmizdə səhnələşdirilib. “İyirmi ildən çoxdur müstəqil olan ölkəmiz hazırda sürətlə inkişaf edir”, - deyən Leyla Əliyeva Azərbaycanın artıq ilk peykini səmaya buraxdığını diqqətə çatdırıb.
Sərgiyə gələn qonaqlara buradakı rəssamların əsərlərinin bukletləri, “Baku” jurnalının, “Əli və Nino” əsərinin ingilis dilli versiyası, Azərbaycan haqqında videoçarxın olduğu disklər hədiyyə olunub. Romada açılan “Bakıya uçuş” sərgisi martın 26-dək davam edəcəkdir.
Martın 5-də axşam Romada “Bakıya uçuş” sərgisində iştirak edən qonaqların şərəfinə ziyafət verilib.

Qalereya




Teqlər:  





Xəbər lenti