Kiçiltdiyimiz böyük söz: “Abdal” əslində kimdir? – ARAŞDIRMA

Kiçiltdiyimiz böyük söz: “Abdal” əslində kimdir? – ARAŞDIRMA
  26 İyul 2016    Oxunub:23955
Yeganə Kamal Cabbarlı

Bu araşdırmanı aparma səbəbim əslində, uzun müddətdən bəri “abdal” kəlməsi ətrafında yaranan bəzi xoşagəlməz məqamlara aydınlıq gətirməkdən ibarətdir. Hər bir söz, kəlmə müəyyən leksik mənanı ifadə edir. Dilimizdə istifadə etdiyimiz bəzi sözlərin isə bir neçə leksik məna daşıdığı bizə məlumdur.


Qeyd etmək lazımdır ki, sözlərin bir çoxu müxtəlif tarixi şəraitdə inkişaf edərək və yaxud müəyyən hadisələrin təsiri nəticəsində zaman- zaman fərqli mənalar almışdır. Belə sözlərin işlənildikləri mətnə, mövzuya uyğun olaraq fikrin yanlış və ya düzgün, həmçinin, yerində işlədilməsi insandan böyük məharət tələb edir. Həm də təkcə sözün dürüst və aydın ifadə edilməsi şərt deyil, onun məna incəliklərinə də diqqət yetirmək vacibdir. Hələ bu kəs bir media mənsubudursa, xüsusilə diqqətli olmaq gərəkdir, çünki bu hal nitq mədəniyyətinin qanunauyğunluqlarına ciddi şəkildə riayət edilməsinin tələb edir.

Unutmaq olmaz ki, insanın nitqi həm də onun dünyagörüşü və bilik səviyyəsinin göstəricisidir.Üzərində dayanacağımız sözə gəldikdə isə, bu müasir ədəbi dilimizdə işlənməyən sözdür və təəssüflə qeyd etmək lazımdır ki, azərbaycan dilinin lüğət tərkibinə salınarkən onun əsas, daşıyıcı mənası deyil, sonradan don geydirilmiş, xoşa gəlməyən mənası ön planda verilir. Ola bilsin ki, bu lüğətlərin əsasən filoloji lüğət kimi tərtib edilməsindən irəli gəlmişdir. Lakin nəzərə alsaq ki, hər bir söz insanların həyatında baş verən müəyyən tarixi hadisələr nəticəsində yaranır, deməli sözün öz ilk mənasının daşıyıcısı olmaqla hökmlü olduğunu unutmaq olmaz.

Mənasına aydınlıq gətirmək istədiyimiz “abdal” elə sözlərdəndir ki, onun işlənilmə formasını, işlənildiyi çərçivəni düzgün müəyyənləşdirmək, işlədilərkən meydana çıxacaq mənaya görə yaranan reaksiyanı hesaba almaq mütləqdir. Mənim şəxsi qənaətimə görə bu sözün məna çalarları arasında ciddi bir uçurum var. Çünki, əslində qədim bir türk ulusunun, bir tayfanın adıdır “ abdal” və bu lüğətlərdə belə keçməlidir. İkincisi, həmin türk tayfalarının ədəb-ərkan, adət- ənənə, dini inanc və s. əlamətlərdən irəli gələrək həmin türk insanlarını zamanına uyğun sufi, dərviş, qələndər adlandırmışlar. “Abdal” sözünün söyüş mənasında işlədilməsinə səbəb olan hadisə barədə isə bir qədər sonra aydınlıq gətirməyə çalışacam. Yəqin ki, zamanında milli təəssübkeşlik hissimiz zəif olmasaydı və yaxud tariximizə laqeyid münasibət bəsləməsəydik bu tarixi yanılışa çoxdan aydınlıq gətirilmiş olardı.

Hər bir xalq, millət öz tarixini dərindən öyrənməli, etnik mənşəyi, milli mənsubiyyəti barədə dəqiq məlumatlanmalı, milli kimliyinə sahib çıxmalı, tarixi yaddaşını daim təzələməlidir. Tarix bir elmdir, həm də kökü insanlığın yaşı qədər dərinliklərə enən, yalan və uydurmanı sevməyən, konkretliyə və faktoloji sübutlara söykənən, ən nəhayət, reallığı diktə edən bir elm! Təəssüflə qeyd etmək istəyirəm ki, çox zaman bilik qıtlığı, savad əskikliyi yaşayan bəzi insanlar cəfəng, boş, uydurma fikirlərlə öz dayaz düşüncələrinin “məhsul”unu cəmiyyətə sırımağa çalışır, lakin dərk etmirlər ki, düşüncəsiz adımmlarıyla heç də kiçik bir eli deyil, bütöv bir ulusu təhqir etmiş olurlar. Tarix isə nağıl deyil və heç bir yanlışı bağışlamaz!

Şəxsən mənim üçün dayaz insanın boşboğazlığı, oxucumun əfvinə sığınaraq söyləyim ki, hər hansı bir şüursuz küçə canlısının kölgəyə və ya boşluğa havlamasından başqa bir şey ifadə etmir! Sadəcə olaraq heç bir məntiqə söykənməyən hədyan danışıqlar ətrafdakı bəzi insanları haqlı olaraq narahat edir. Mənim həyat prinsipim isə bilmədiklərimi öyrənmək və öyrəndiklərimi isə paylaşmaqdan ibarət olduğundan, təkcə öz ellilərimi - Laçınlıları deyil, bu yazını oxumaqla zəhmət çəkəcək bütün qan qardaşlarımı - böyük türk övladını sözügedən məsələyə aydınlıq gətirmək istəyi ilə tarixə kiçik bir ekskursiyaya dəvət edirəm.

ABDAL əsaslı etnotoponimlər- tarix nə deyir?

“ABDAL” kimdir və Abdallarla bağlı dini görüşlər

Abdal müxtəlif türk etnonimi ilə bağlı olan etnotoponimlərdəndir.Tarixi mənbələrdə heftal, heptal, eftal kimi səslənən fonetik formaları göstərilir. Şimali Azərbaycanın Ağdam (Abdal), Oğuz (Abdallı), Kəpəz ( Çoban-Abdallar) və Laçın ( keçmiş Abdallar kəndi) ,Qubadlı (Abdalanlı) rayonlarında bu aykonimə rast gəlinir. Bundan başqa Ordubad və Tovuz rayonlarında Abdal adında dağ olması barəsində məlumat vardır. Qərbi Azərbaycan ərazisində (indiki Ermənistan) Avdal, Yuxarı Avdallar, Avdal Ulva kənd adları və Avdalağa qala adı qeydə alınmışdır.

Bu etnonim başqırdlar, qaraqalpaqlar,türkmənlər,qazaxlar və azərbaycanlılar arasında məşhurdur.Özbəkistan, İran və Türkiyədə də geniş yayılmış etnotoponimdir. Abdal-azərbaycanlıların etnogenezində mühüm rol oynamış türk tayfalarındandır.Bəzi qaynaqlarda ( VI əsr Suriyalı tarixçi Zaxari Ritor ) Şimali Qafqazda Hun əyalətində yaşayan türkdilli abdel tayfalarının adı çəkilir və onların Dağıstan hüdudlarında yaşadığı deyilir. Bəzi tarıxçilər isə (V.V.Bartold) abdal tayfasını hun tayfası sayır.Başqa bir tarixçi (V.A.Qordlevski) yazır ki, abdal tayfaları orta əsrlərdə Türkiyədə yaşamış güclü ictimai-siyasi qruplardan biri idi. Alban tarixçisi Movses Kalankatlıya görə heptallar ( abdallar) e.ə. IV əsrdə Makedoniyalı İsgəndər dövründə buraya köçürülmüşlər.

Ağ hun və ya Eftalitlər Sasani şahları tarixini anladan İslam qaynaqlarında da keçir. “Habtal” və “Hebatile” sözlərindəki “b” hərfi ərəb qaynaqlarında “y” yazılmış olduğundan hətta Firdovsiyə belə “Haytal” şəklində keçmişdir.Lakin bununla belə bəzi ərəb mənbələrində “b” ilə yazılmışdır.Yəni həm ərəb və həm də fars qaynaqlarında “b”,”y” kimi yazıldığından Eflati sözünün düzgün yazılış şəkilləri “Hebtal”, “Hebatıla”dır. Mənbələrdə adı keçən ən qədim türk qövmü hunlardır (çin qaynaqlarında Hiunq-nu, eləcə dəTik,Conq şəklində).Öz hərbi qudrəti, döyüş qabiliyyəti ilə fərqlənən hunlar uzaq Şərqdən başlayaraq bütün Asiyaya min illərlə hökm etmiş, bizim eranın ilk yüzilliyindən isə Avropaya, o cümlədən, Anadoluya və Qafqaza yürüşlər etmişlər. III əsrdə cənubi Rusiyada qotların spal (rus dilində “ispolin “- nəhəng sözü bundandır) qəbiləsi ilə qarşılaşması barədə məlumatlar var.359-373-cü illərdə Anadolunu fəth edən hunların misilsiz şücaətini Edessalı ( indiki Urfa) Efraıim belə təsvir edir: “Atlarının üstündə fırtına kimi uçarlar, onlara heç bir kimsə qarşı qoyamaz”.

IV əsrdə artıq Xəzər dənizi və Volqa ətrafı ərazilərə hökm edən hunlar Qafqazı da nəzarətlərinə keçirmişdilər.Sonralar türk qüdrəti ,hun hegemonluğu daha böyük ərazilərə yayılaraq, Danimarkadan Altaylara və Çinə qədər olan böyük bir ərazini bürüyür.

Ağ hunlar (eftalitlər, abdallar) V əsrdə siyasi bir güc halına gəlir və onların təşəkkül tarixi eramızın birinci yüzilinə gedib çıxır. Ağ Hunların adı Hindistanın şimalında və Türküstanda zaman- zaman müxtəlif şəkildə Haytal, Ye-ta və s. səslənir. Bu ifadələr etnik və coğrafi ad kimi az da olsa müəyyən edilə bilmişdir.V əsrin ortalarına doğru indiki Əfqanıstanın Belh ərazisinə sahiblənən ağ hunların daha çox Sasanilər dövründə təşəkkül etdiklərinin şahidi oluruq.

Lakin sonralar Göy Türklərin müdaxiləsi Ağ Hun Dövlətini parçalamış və onun şimalını ələ keçirmişdir. Dövlətin cənubunda qalan, yəni Hindistanın şimalındakı Raçastan əyalətində ortaya çıxan Raçputların da məhz Ağ Hunların qalıqları olduğu deyilir.

Ağ Hunların qalıqlarının kimlər olması hələ , indiyə qədər araşdırma obyekti olaraq qalırsa da Kalaç, Karluq, Kanqlı kimi türk tayfalarının onların törəmələri olduğu göstərilir.Tarix göstəriri ki, əgər Ağ Hunlar bir qədər də davam gətirə bilsəydilər yəqin ki,Orta Asiya və Türk tarixinin bir çox qaranlıq məqamları aydınlığa çıxardı.

V əsr Suriya mənbələrinə görə, hunlar Gürcüstanda da hələ lap qədimlərdən güclü hərbi- siyasi qüvvə olmuşdur. Bizans imperatoru Arkadinin (395-408) saray qulluqçusu iver Farsmanın vətəninə gələrək “iverlərin qonşusu olan ağ hunların” köməyi ilə hakimiyyəti aldığı məlumdur. Hələ 481- ci ildə Kartli çarı Vaxtanq Qorqasal hun birliyinə daxil olan sabirlərə arxalanaraq İrana qarşı üsyan etmiºdi.Gürcülərin qonşusu olan ağ hunların, sirurqurların (saraqur), avqarların (oqur), kurtaqurların (kuturqur), sabirlərin, xəzərlərin,dilmarların, kulasların və digər türk tayfalarının olduğu barədəVI əsr müəllifi Zaxari Ritorun yazılarında məlumat var.

Abdallarla bağlı daha çox araşdırma aparan türk tarixçisi Fuad Köprülü Türk Xalq Ədəbiyyatı Ensiklopediyasının Abdal maddəsində XV əsrdən bəri Türkiyədə yaşayan “Abdal ləqəbli şeyxlər ilə Abdallar yaxud, İşıqlar adı verilən dərviş zümrələrini gəzərgi zümrələr kimi təsvir etmişdi. Köprülüyə görə onlar eyni əqidəyə, ayin və ərkana malik müfrit şiə və Ələvi heteredoks bir zümrə idi. Köprülü bütün abdalların eyni şəkildə olmayan yaşam tərzinə malik olduqlarını və bəzi abdal zümrələrinin mücərrəd qalmaq prinsipindən ayrılaraq, başqa Qızılbaş zümrələri kimi Türkiyənin müxtəlif şahlarında şəhərlər salıb yerləşməsi ehtimalını irəli sürür.

Körpülü həmçinin, Türk əşirətləri və Xəzəryanı Türkmənlər arasında Abdal adını daşıyan türk oymaqlarına da təsadüf edildiyini və Eftalitlərin daha öncəki əsrlərdə abdal adı altında yaşamış olduqlqrını və bu mənada Abdalların tədqiqat obyekti kimi araşdırılmasını təqdir edirdi. O, əsərlərində Abdalların özlərini Xorasandan gəlmiş olduqlqrini göstərmələrini, keçmiş Oğuz rəvayətlərini hələ yaşatdıqlarını, etnik mənşəcə türk olduqlarını sübut etmək baxımından “türklülük”lərinə ən xırda bir şübhə yeri olmayan qədim türk şamanizminin izlərini hələ də saxlayan Abdalları Anadolu Ələvi Türklərindən ayırmağın düzgün olmadığını israr edir.

Səfəvilər dövrü tarixçilərindən olan İsgəndər bəy Münşi “Tarixül aləm-ara-yi Abbasi” əsərində 1628-ci il hadisələrindən bəhs edərkən yazır ki, “Şamlı elinin əbdallu oymağından olan adlı-sanlı əmir Həsən xan atası Hüseyn xanın yerinə Xorasan bəylərbəyidir”.

Macar əsilli şərqşünas A.Vamberinin Türk Etnoqrafiya və Etnologiyası” kitabında, Abdal Musa Vəkalətnaməsinə əsasən yazır ki,onların Xorasan mülkündəki boydan olduqlarını Hacı Kum Atabəyli də söyləmişdir. Bu məlumat Ağ hunların bir qolu olan abdalların Anadoluda yerləşməsinə işarə edir. Bəzi mənbələrdə (V.A.Qordlevski) göstərilir ki, Anadoluda “taifə abdalan”, “abdalan Rum” və s. kimi sözlərə təsadüf edilmişdir.

XVəsr tarixçilərindən Aşıqpaşazadə, Hacı Bektaşidən söhbət açarkən gəlmə adamlardan danışardı: Qaziyan (Anadolu Qaziləri), Ahiyyan (Anadolu Ahıları), Abdalan (Anadolu Abdalları) və Baciyan (Anadolu Bacıları). Fuad Köprülünün araşdırdığı bu dörd zümrə ilə bağlı tarixi məlumat, Şah İsmayıl Xətainin misralarında da təzahür etmişdir:
“Əzəldən dost olanlar evliyaya
Ahilər, Qazilər, Abdallar oldu”.

Abdallar, sufi ərkanının ədəb və şərtlərindən bəhs edən “Risaley-i Şeyx Safiyüddin Ərdəbilli”,”Menakib-i Evliya”adlı evliyalar və ərənlərlə bağlı yazılmış epik məzmunlu “məcmuələr”də müqəddəs tutular ki, bunların içərisində xüsusilə,”Xətai (Şah İsmayıl),”Abdal Musa” və “Qayğısız Abdal” tərəfindən söylənilmiş olan nəfəslərə, hekayələrə daha çox dəyər verilir və hörmətlə tərənnüm edilir.

Adı çəkilən Abdallar təkcə Rum Abdalları adıyla deyil, həm də Xorasan Ərənləri kimi də tanınırdı və öz dini və döyüşkən ruhları ilə seçilirdilər. Bəzi Bektaşi ənənələrində (Şah,Pir,Matəm Ayı və s.kimi) abdal inanclarını andıran bir sıra motivlər və əlamətlər görmək mümkündür. Abdal gözəl və yüksək bir məna ifadə edir. Abdal təbdil olmaq, dəyişmək, bir mərhələdən digər bir mərhələyə atlamaq, ruha keçə bilmək, ruh üçün nəfsini qurban verə bilmək, yəni ölmədən öncə ölmək deməkdir. Abdal-abid, zahid, sufi və dərvişdir.

Onlar “Ənəlhəqq” demək, Haqqı deyil, özünü inkar etməkdir” - dedilər və haqlı çıxdılar.Onların qəlbindən əllərinə, dizlərinə, vücuduna axan əməllərinin varlığının sözlə təsviri mümkünsüzlüyü ilə zəka əhlini qısqandırır. Danışanda zikr edib, susanda danışanlar, yalnız eşqdən ağlayanlar,ədəbi unutmayanlar, hər şeyi və hər kəsi sevməklə peyğəmbərlərlə yarışanlar, həqiqət üçün zaman, qəhrəmanlıq üçün məkan axtarmayanlar, öz qürurunu və dəyərini yalnız daşıdığı sirlər və məhrəm olduğu zatlar xatirinə qoruyanlar, gecə- gündüz necə yaşadığını deyil, niyə yaşadığını düşünənlər, ətrafındakı bütün pisliklərin özündən qaynaqlandığına inananlar, ən başlıcası ısə sevməyi öyrədənlər...Beləcə, sonu bilinməyənlərdən görə bildiklərimiz insana insan olmaq üçün bəs etməzmi? Bütün bunlar bir sufi, abdal həqiqətidir. Həzrət Əli deyir: “Həqiqət ululuq sirlərinin keyfiyyətlərə sığmayan bir tərzdə açılmasıdır... Özünü tanıyan Allahını tanıyar”.

Abdal sözü, İşıq və Torlak kimi əsasən dərviş mənasında işlədilirdi. Lakin qeyd etmək lazımdır ki,Yaxın və Orta Şərqdə yalnız sufi təriqətlərinin nümayəndələrinə dərviş deyilirdi. İrfani bir termin olaraq “dərviş” sözünün batini mənaları vardır. Səlcuq Universitetinin (Konya) müəllimi Dr.M.Çipan Mövləvi dərvişlər barəsindəki məqaləsində yazır:”Dərviş” sözü ibarət olduğu dal, ra, vav, ye, və sin hərflərinin simvolik olaraq ifadə etdiyi dünya, riya, varlıq, yalan və şəhvətdən özünü uzaq tutan insan mənasındadır”.Sadəcə Allahın fəqiri olan və Ondan başqasına ehtiyac duymayan, dünyanın minnəti altına girməyən və qənaətçil insanlar olan mövləvilər ruhi kamillikləri, fikri incəlik və təkamülləri, sənət qabiliyyətləri ilə birlikdə təmizlık və mənəvi zənginlikləri ilə də diqqətləri özlərinə çəkmiş və sosial həyatı yönəldirmişlər.

Lakin, abdal sözü dərvişdən üstün bir məna da daşıyırdı. Şiə inanclı Abdallar Bizansla davamlı mücadilə aparan Osmanlı Bəyliyinə bir çox döyüşlərdə kömək etmişdilər. Abdallar, Osmanlı dövründə Anadoluya gələn, ailəsi, yeri-yurdu bəlli olmayan, subay gənclərdən ibarət bir toplum idi. Abdallarla bağlı daha çox araşdırma aparan Fuad Köprülü abdal sözünün XII yüzillikdə əsasən dərviş anlamında işləndiyini,daha sonralar isə türklər və iranlılar arasında bir məna dəyişikliyinə uğrayaraq” melametiyye esaslarından doğan Kalenderiye zümrəsi ilə olan bənzər sair bazı zümrelere mənsub dervişleri ifade” etməyə başladığını deyir. Köprülüyə görə abdal sözü daha çox türklər arasında yayılmış, bu adı daşıyan dərviş zümrələr Anadolunun fəthində mühüm rol oynamışlar.

Osmanlı zamanının rəsmi mənbələrinə əsaslanaraq Anadolunun türkləşməsində və islamlaşmasında kolonizator Türk dərvişlərinin və onların qurduqları zəfiyələrin rolunu araşdıran Ömər Lütfi Barkan yazırdı: “Onlar yeni dünyaya, yani digər bir Amerikaya gelip yerleşen halk yığınları içinden yetişmiş mümessil şahsiyetlerdir və bu itibarla onları son zamanın dilençi dervişlerinden dikkatle ayırmak lazım gelmektedir”.

Abdallıq təsəvvüfdür. Təsəvvüf isə təriqət və mərifət qatlarının zahiri təcəllasını ifadə edən bir anlayışdır. Təriqət dərvişlıyının izlərinə Azərbaycan xalq yaradıcılığının müxtəlif nümunələrində rast gəlinir. Məsələn, Ağbaba tırınqılarının birində deyilir:
Göy-göy dolanıram, gəzirəm düzü,
Eldə seçiləni, bədir ay üzü...
Əlimdə bərəkət,bolluq, ruzi,
Abdalam, dərvişəm, sofuyam, buyam.

Abdalliği-həqiqi sufi dərvişliyi digər rövzəxanlardan ayıran da elə budur.

Dərvişlik bir yaşam tərzidir və eşq ilə ağlın, ruhla bədənin, təfəkkürlə şəxsi həyatın, hal ilə qalın münaqişəsiz bir vəhdətdə də olduğu qənaətinə gətirərək “kamil insan” formulunu təqdim edir. Deməli, bu baxımdan qiymət verilərsə, abdal həm də kamil insanın özüdür.

XV yüzillikdə Abdallıq, Bekdaşılıkdən ayrı olsa da inanc ,davranış və ərkan baxımından aralarında bənzərliklər vardı. Bektaşiləşməmiş Abdallar özlərini “ Seyid Qazi Yetimləri” adlandırırdılar. Fuad Köprülüyə görə Anadolu abdalları (Abdalan - i Rum) Babailik cərəyanının daha sonrakı görünüşündən, yəni bektaşilikdən başqa bir şey deyildi. Köprülü onları – “Saqqal və qaşları təraş edilmiş, o zamanın islam anlayışına uymayan, özəl bayraq açan, küdum, boynuz,davul, nekkar və qopuz çalaraq toplu halda dolaşaraq özlərinə tərəfdar toplayaraq çoxalan insanlar” adlandırırdı. Onlar öz böyüklərinə “dədə” deyirdilər.

Türk dünyasının möhtəşəm incisi olan” Kitabi-Dədə Qorqud”dastanı haqqında da bəzi alimlərin bir qədər sərhədli olsa da sufiyanə düşüncələri mövcuddur. “...Kitabi-Dədə Qorqud dastanı 8-9-cu əsrlərdə yazılmış olsa belə, əqidəvi baxımdan, fəlsəfi aspektdən ruhani ustad, irşad sahibi, gizlin bilgilərin daşıyıcısı olan Qorqud Atanın “Allahla görüş” “didar” kimi bir ürfani fikri bəyan etməsi müəyyən elmi məntiqə söykənirr.Bütün deyilənlərdən belə nəticə çıxarmaq olar ki,tarixi bir şəxsiyyət olaraq, Dədə Qorqudun kəlamları, sözləri, boylamaları, soylamaları dini-mistik, ruhani baxımdan iki qismə- zahiri cəhətdən islami ənənənin, batini cəhətdən isə təriqət- sufi məfkurəsinin təbliğinə bölünür. Bu bölgünün mahiyyətində isə Qorqud Atanın təsdiq olunmuş övliyalığı, pirliyi, dədəliyi dayanır”. (Fəxrəddin Salim (Baxşəliyev).

Cüneyd Bağdadi deyir: “Zahirinə fikir verən bir sufi görsən, bil ki, onun batini xarabdır”. Türk alimi Prof. Dr.H.Kamil Yılmaz isə: “Təsəvvüf, surətdən çox sirətə, qəlibdən ziyadə qəlbə, zahirdən çox batinə önəm verən bir elmdir. Bu səbəbdən bəziləri təsəvvüfü bu qəliblər içərisində tapmaq istəmişlər”- söyləyir.

Təsəvüfdə Abdal XVəsrdən etibarən Qızılbaş, Bektaşı, Taxtacı, Qələndəri, Hurufi, İşıq, Heydəri, Babai deyə adlandırılan yarı köçmən türkmən tayfalarına XIX əsrdən etibarən Anadoluda “Ələvi” adlandırılan Abdallar da daxil edildi.

(BURADA )


Teqlər:  





Xəbər lenti