SOCAR-ın binası dünyada birinci oldu

SOCAR-ın binası dünyada birinci oldu
  11 İyul 2016    Oxunub:2634
İnşaat sahəsində böyük beynəlxalq nüfuza malik “Engineering News Record” jurnalı (ENR) 2016-cı il üçün “Ən yaxşı qlobal layihələr” müsabiqəsinin qaliblərini elan edib.
AzVision.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, müsabiqəyə “Thornton Tomasetti” şirkəti tərəfindən təqdim edilmiş SOCAR Tower “Ofis binası” nominasiyasında qalib gəlib. ENR jurnalının təşkil etdiyi müsabiqənin əsas məqsədi dizayn və tikinti sahəsində həyata keçirilən ən görkəmli layihələri müəyyənləşdirmək və onların arxasında duran komandaları mükafatlandırmaqdır.

Dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti 15 ölkədən 23 layihə seçib, onları təhlükəsizlik, innovasiya, dizayn və inşaat üstünlükləri parametrləri üzrə təhlil edib, müxtəlif yönümlü qlobal layihə komandalarının əməkdaşlığına xüsusi diqqət yetiriblər.

Müsabiqəyə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil, səhiyyə, hərbi, sənaye əhəmiyyətli tikililər, idman və su qurğuları və digər obyektlər təqdim olunub. Münsiflər heyəti tərəfindən layihələri həyata keçirən şirkətlərin çətinliklərin öhdəsindən necə gəlməsi, tikililərin yerli ictimaiyyət və ya tikinti sənayesi üçün əhəmiyyəti də nəzərə alınıb. Müsabiqənin qalibləri haqqında ətraflı məlumat ENR jurnalının 19 sentyabr buraxılışında dərc ediləcək. Qaliblərə mükafatlar oktyabrın 11-də Nyu-Yorkda New York Hilton Midtown otelində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.

SOCAR-ın yeni inzabati binası - SOCAR Tower Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası əsasında tikilib. Tikinti işləri 2010-cu ildə başlanılıb, təxminən beş il ərzində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlib. SOCAR Tower beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti