Nazirlik əlilləri Ukraynaya göndərir

Nazirlik əlilləri Ukraynaya göndərir
  31 İyul 2013    Oxunub:1526
Əlillərin sosial müdafiəsi və reabilitasiyası istiqamətində tədbirlər davam etdirilir.
«2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»nın başlıca məqsədi əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin - əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə, onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin edilməsidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, proqramın icrası olaraq, 2013-cü ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin və reabilitasiyasının təmin olunması sahəsində məqsədyönlü işlərdən biri kimi, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlığının mühafizəsi və tibbi bərpası məqsədilə aprel ayında 35 nəfər əlilin Ukraynanın Saki şəhərindəki sanatoriyada 28 günlük bərpa-müalicəsinə və ilk dəfə olaraq qrup halında daha 30 nəfər əlil şəxsin 20 günlük bərpa-müalicə kursu keçmək üçün Latviya Respublikasının Yurmala şəhərinə göndərilməsi təmin olunub.Hazırda bu sahədə işlər davam etdirilir və yaxın günlərdə daha 30 nəfər əlil Ukraynaya bərpa-müalicəsinə göndəriləcək

Bərpa müalicəsinə göndərilən şəxslərin nəqliyyat, müalicə və digər xərcləri Proqramda nəzərdə tutulan vəsaitdən ödənilib. Eyni zamanda, onların hava limanından yola salınması və qarşılanmaları, müşayiətçi şəxslərlə təmin edilmələri üçün bütün zəruri tədbirlər görülüb.

Qeyd olunan dövrdə Səhiyyə Nazirliyinin «Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiya»sının qərarı əsasında 39 nəfər əlilin fərdi qaydada respublikadan kənar müalicəyə göndərilməsinə, 9 nəfərin respublika daxilində müalicəsinə köməklik göstərilib. Həmçinin cari ilin may ayında istedadlı əlillərin və sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə Ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunmuş ədəbi-bədii və musiqili tədbir keçirilib. Tədbirdə ölkənin müxtəlif bölgələrində yaşayan istedadlı əlillərin Ümummilli lider Heydər Əliyevə və akademik Zərifə xanım Əliyevaya, Azərbaycan Respublikasının dövlət rəmzlərinə, təbiətinə, musiqi alətlərinə həsr etdikləri sənət nümunələri nümayiş etdirilib və istedadlı əlillərə yubiley münasibəti ilə Fəxri Fərmanlar verilib.

Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maddi və texniki yardımın təşkili işlərini davamı kimi, cari ilin ötən dövründə 20 Yanvar faciəsinin ildönümü əlaqədar 434 nəfər əlil və şəhid ailəsinə, Çernobıl qəzasının ildönümü ilə əlaqədar həmin qəzada xəsarət almış 500 nəfər əlilə, 9 May -Faşizm üzərində Qələbənin ildönümü münasibəti ilə bir qrup müharibə veteranına birdəfəlik maddi yardım verilib.

Bununla yanaşı, Nazirlikdə rəhbərlik tərəfindən qəbul edilən və sosial vəziyyəti çətin olan 74 nəfər əlilin müraciətinə Nazirliyin «Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiya»sının iclasında baxılaraq, onların sosial-məişət problemlərinin həll edilməsinə müvafiq maddi köməkliklər göstərilib.

Vətəndaş cəmiyyətlərinin yaxından iştirakı ilə əlillərin hüquqi maarifləndirilməsi, onların cəmiyyətə inteqrasiyası, istedadlarının aşkara çıxarılması, məşğulluğa təşviq edilməsi və sair istiqamətlərdə sosial layihələr həyata keçirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti