Prezident açılışda

Prezident açılışda
  19 İyul 2013    Oxunub:1519
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Xaçmaz Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, bu, ölkədə istifadəyə verilən sayca 38-ci Olimpiya İdman Kompleksidir.

Kompleksin tikintisinə 2010-cu ilin sonunda başlanılıb və 2013-cü il iyulun əvvəlində başa çatdırılıb.

Tikinti işlərinin ən yüksək səviyyədə aparıldığı binanın inşası üçün 6 hektar torpaq sahəsi ayrılıb. Həyətində geniş abadlıq-quruculuq işləri görülmüş kompleksdə idmanın bir çox növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Kompleksin həyətində 1020 tamaşaçı yeri olan stadion, mini-futbol, basketbol meydançaları inşa edilmişdir. Azərbaycanda Skate Park ilk dəfə məhz Xaçmaz Olimpiya İdman Kompleksində fəaliyyət göstərir.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin idmançılara göstərdiyi diqqət və qayğını, eləcə də sovet dövründə və müstəqillik illərində Xaçmaza səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqəti və bu rayona səfərlərini əks etdirən fotolar da böyük maraq doğurur.

Prezident İlham Əliyev kompleksin üzgüçülük hovuzu ilə tanış oldu.

Qeyd edildi ki, burada uzunluğu 25 metr olan və ən müasir səviyyədə qurulan hovuz böyüklər, uzunluğu 10 metr olan üzgüçülük hovuzu isə balacalar üçün nəzərdə tutulmuşdur. Hovuzlarda xüsusi nəmalma qurğusu da quraşdırılıb.

Kompleksdəki yeməkxana da müasir səviyyədədir.

Bildirildi ki, kompleksin idman zalı 750 yerlikdir. Zalda idmançıların mini-futbol, voleybol və basketbolla məşğul olmaları üçün hər cür şərait vardır. Burada istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirmək mümkün olacaqdır. Kompleksdəki güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun qurulub. Müasir idman qurğuları ilə təchiz edilmiş aerobika və trenajor zalları da idmançıların ixtiyarına verilib. Binada sauna və bilyard otağı da fəaliyyət göstərəcək.

Kompleksdə iki nəfərlik 18 və ikiotaqlı üç lüks nömrənin olduğu mehmanxana da vardır. Mehmanxanada idmançıların və qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.


Teqlər:  





Xəbər lenti