Alman jurnalı Bakı haqqında

Alman jurnalı Bakı haqqında
  04 İyul 2013    Oxunub:4553
Almaniyada çıxan “Exclusive Life” nəşrində jurnalist Ralf Bennertin məqaləsi dərc edilib. Yazısında Bakı səfərindən aldığı təəssüratlarını bölüşən müəllif Azərbaycan paytaxtında şəhər nəqliyyatının hərəkəti məsələsinə diqqəti cəlb edir.
“Bakıda avtomobillər çox vacibdir. Burada bəzi adamlar maşını sakitcə sürür, digərləri yüksək sürətlə şütüyür, bəziləri isə nəqliyyat tıxaclarında sürünə-sürünə birtəhər mənzil başına çatırlar. Bu, köhnə “Lada”lara da aiddir, “BMW” firmasının bahalı maşınlarına da. Benzinin qiymətinin çox ucuz - 1 litr üçün təxminən 35 avrosentə bərabər olması saysız-hesabsız avtomobil həvəskarlarının işinə çox yarayır...”

Bennert Bakıya gələnlərə təkidlə tövsiyə edir ki, “Hilton” otelinin sonuncu mərtəbəsinə qalxıb, ətrafı seyr etsinlər, dinamik inkişaf edən, günbəgün gözəlləşən şəhərin mənzərəsindən zövq alsınlar: “Yüksək kateqoriyalı “Hilton” beynəlxalq otellər şəbəkəsində qəbul edilmiş qaydaya uyğun olaraq, Bakı filialının əməkdaşları da xarici dilləri yaxşı bilmələri ilə fərqlənirlər. Onlar rus, ingilis və alman dillərində danışırlar”. Müəllif qeyd edir ki, bu nöqtədən baxanda mavi Xəzər, dənizkənarı bulvar, “Flame Towers” kompleksi və İçərişəhər ovuc içi kimi görünür.

Almaniyalı jurnalist turistlərə məsləhət görür ki, həmin otelin 17-ci mərtəbəsində yerləşən “360” restoranına axşam vaxtı getsinlər, çünki bu fırlanan restoran Bakının gecə mənzərəsini hərtərəfli müşahidə etməyə imkan verir.

Almaniyalı jurnalist daha sonra otel nömrələrinin geniş çeşidini, onların rahat və ən yüksək dünya standartlarına uyğun olmasını vurğulayır.

Oteldən şəhərə avtomobilsiz də çıxmağın mümkün olduğunu xatırladan alman jurnalist eyni zamanda xəbərdarlıq edir ki, küçə hərəkətinin gərgin olduğunu nəzərə alaraq vaxt ehtiyatınız çox olmalı, əsəblərinizi qorumalısınız.


Teqlər:  





Xəbər lenti