Səyavuş Aslana vida - FOTOLARDA

  27 İyun 2013    Oxunub : 1113
Səyavuş Aslana vida - FOTOLARDA
Akademik Milli Dram Teatrında xalq artisti Səyavuş Aslanla vida mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, vida mərasimində aktyorun sənət yoldaşları, ailə üzvləri və Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi iştirak edib. Çıxış edən Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, bu gün Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Nazir müavini qeyd edib ki,
mərhum aktyor unudulmaz rollara imza atıb:

“Səyavuş Aslan Azərbaycan teatr sənətinin sonuncu mogikanlarından idi. O, istər komik, istərsə də dramatik rolların mahir ifaçısı kimi yadda qalıb. Səyavuş Aslan son dərəcə ürəyi yumşaq, ətrafındakı adamlara hədsiz diqqətli adam idi. Səhhətində, ailəsində problem olmasına baxmayraq ailəsinə bağlı və çox nikbin bir insan idi. Səyavuş Aslanın sənəti dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. İki gün öncə hörmətli prezidentimiz onu “Şərəf” ordeni ilə təltif edibi”.

Ə.Vəliyev bildirib ki, Səyavuş Aslan uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub.

“O, bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazlar yaradıb, televiziya tamaşalarında yüzdən çox obraz ifa edib. Bu müqtədir sənətkar Milli Dram Teatrının səhnəsində böyük dramaturqların tamaşalarında böyük rollara imza atıb”.

Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azər Paşa Nemət bildirib ki, Səyavuş Aslanla 40 ilin dostu olub: “Onunla hansı qastrolda olurdumsa, böyük tamaşaçı sevgisi ilə qarşılaşırdıq. Onu Azərbaycanla yanaşı, dünyanın bir neçə ölkəsində sevənlər var.Bu itki bizim hamımızı sarsıdıb. Onun ailəsinə, yaxınlarına başsağlığı verirəm”.

Digər çıxış edənlər xalq artistləri Rafiq Əzimov, Nurəddin Mehdixanlı, Bəsti Cəfərova, İctimai Televiziyanın baş direktoru, rejissor Cəmil Quliyev sənət dostları haqqında xatirələrini bölüşüblər.

Vida mərasimindən sonra Səyavuş Aslan son mənzilə alqışlarla yola salınıb. Xalq artisti II Fəxri Xiyabanda dəfn olunub.

Anar Kəlbiyev
Foto:Elnur Muxtar

Foto


Teqlər: