Səyavuş Aslan dünyasını dəyişdi

Səyavuş Aslan dünyasını dəyişdi
  27 İyun 2013    Oxunub:1708
Xalq artisti gecə saatlarında vəfat edib
Bu səhər saat 03:58 radələrində Azərbaycanın xalq artisti Səyavuş Aslan dünyasını dəyişib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, gecə saatlarında 77 yaşlı xalq artistinin vəziyyəti pisləşib. Bu barədə çağırış olub. Həkimlər gəlincə o, dünyasını dəyişib.

Səyavuş Aslanın oğlu Çingiz Aslanın verdiyi məlumata görə, xalq artistinin vəziyyəti gecə saatlarında qəflətən pisləşib. Dərhal təcili yardıma zəng vursalar da, S.Aslan bir neçə dəqiqədən sonra dünyasını dəyişib. Hazırda Səyavuş Aslanın meyidi yuyulmaq üçün məscidə aparılıb.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olub:
1. Bayram ("Kəndimizin mahnısı", K. Kərimov),
2. İbişov ("Özümüz bilərik", Ş. Qurbanov),
3. Fürzuzbala ("Altı qızın biri Pəri", M. Əlizadə),
4. Şubay ("Ulduz"),
5. Dadaşbala ("Hicran", S. Rəhman),
6. Qəmzəli ("Qaçırılmış qız", C. Məmmədov),
7. Misir Nəsir ("Lənət sənə, kor şeytan", F. Aşurov),
8. Orduxan bəy ("Əlli yaşında cavan", Z. Hacıbəyov)

Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru idi. S.Aslan bir çox rəngarəng obrazlar yaradıb:
1. Mindilli ("Nişanlı qız", S. Rəhman),
2. Luka ("Həyatın dibində", M. Qorki),
3. Ağaəli ("Günah", R. Əlizadə),
4. Romul Avqustul ("Böyük Romul", F. Dürrenmatt),
5. Oddamdı ("Od gəlini", C. Cabbarlı),
6. Fəriş ("Bizim qəribə taleymiz", İ. Əfəndiyev),
7. Cabbar ("Sevgililərin cəhənnəmdə vüsalı", İ. Əfəndiyev),
8. Ağamusa Fərəcov ("Dəlilər və ağıllılar", İ. Əfəndiyev),
9. Vanya Koxa ("Hökmdar və qızı", İ. Əfəndiyev),
10. Qərib Qulam ("Mənsiz dünya", N. Xəzri),
11. Əsdulla ("Ah, Paris…Paris!..", Elçin),
12. Kişi ("Mənim ərim dəlidir", Elçin),
13. Baş redaktor ("Mənim sevimli dəlim", Elçin),
14. Yoldaş tək ("Poçt şöbəsində xəyal", Elçin),
15. Poloni ("Hamlet", U. Şekspir),
16. Sarı ("Varlı qadın", Ə. Əmirli),
17. Aqabo Boqveradze ("Kaş araba aşmayaydı!..", O. İoseliani)

O, televiziya tamaşalarında yüzdən çox obraz ifa edib. Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. 25 iyun 2013-cü ildə “Şərəf” ordeni ilə təltif edilib.(ans)


Teqlər:  





Xəbər lenti