Anormallıq, yoqlar və eqoistlik

Anormallıq, yoqlar və eqoistlik
  20 İyun 2013    Oxunub:4559
Əsəd Qaraqaplan

Anormallıq haqqında

Biz çox vaxt insanlardan boyundan yuxarı tullanmağı, olduğundan ÖTƏ olmağı tələb edirik. Məsələn, doğru-düzgün danışa bilməyəndən natiqlik, səsi olmayandan müğənnilik gözləyirik-filan...

Bu, yəqin bizim normaldan ya yuxarı, ya da aşağı olmağımızla bağlıdır. Savadımız, düşüncəmiz, istedadımız çox olanda istəyirik başqaları – bizdən aşağıda olanlar da bizim kimi yuxarı olsunlar. Amma savadımız, düşüncəmiz, istedadımız aşağı olandasa istəyirik başqaları – bizdən yuxarı olanlar da bizdən aşağı olsunlar...

Əslinə qalsa, normal insan tapmaq mümkün deyil. Bəlkə insanın normallığı da anormallığındadır da, sadəcə? biz bunu öz “normamıza” görə dəyərləndiririk...

Bizim çox vaxt başqalarından “boyundan yuxarı tullanmağı” tələb etməyimiz intuituv baş verir. Həmin vaxt bizi hətta uyaran da olsa, biz yenə də “öz bildiyimizdən” əl çəkə bilmirik. Çünki bu, bizim mahiyyətimiz – bu anormallıq bizim normallığımızdı...

Bizim anormal hesab elədiyimiz hər hansı bir ruhi xəstə əslində özünə görə normal, hətta ruhi xəstə olmadığı vaxtdan da daha çox normal olur. Sadəcə, biz burada yenə öz anormallığımızdan çıxış edərək o ruhi xəstəyə anormal kimi baxırıq. Amma əslində anormallığın bizim normallığımızda olduğunu unuduruq...

Bəlkə də burada həqiqət var – normallıq o ruhi xəstənin anormalığındadı. Biz elə oradan yola çıxaraq, normallığın nə olduğunu anlaya bilərik – o ruhi xəstəyə onun öz açısından baxaraq...

Məsələn, biz heç vaxt sevməmişiksə və indi də sevmiriksə, qarşımıza sevən biri çıxanda ona anormal kimi baxırıq. Çünki həmin anda bizim “normallığımız” sevməməyimizdədi. Buna görə də sevən həmin adamı çox asan şəkildə anormallıqda suçlaya bilirik. Amma əslində onda gördüyümüz anormallığın – sevmənin özümüzdə olan sevə bilməmək anormallığında olduğunu anlaya bilmirik...

Əslində sevmiriksə, sevəni anlamağımızın özü də anormallığımızdı. (Burada bizim normallığımız o sevəni məhz anlamamağımızdadı.) Bu, yemədiyin bir yemək haqqında “çox yaxşıdır” demək qədər qeyri-səmimidir...
Biz başqalarını nə qədər anormal hesab ediriksə, bir o qədər də özümüzün anormal olduğumuzu unuduruq...
Bu, yenə də bizim savadımızın, düşüncəmizin, istedadımızın çoxluğundan və ya azlığından asılı olaraq dəyişə bilər. Ama bütün hallarda dəyişməyən bircə şey var: insanın normallığı onun anormallığındadır. Təbiət kimi...

Yoqlar haqqında

Məsələn, yoqları götürək; əslində bu, doğallıqdan - təbiətdən qaçmaqdır. Çünki biz belə yaradılmışırıq... Mənim bu haqda fikrimi sorarsanız, bu, sadəcə sünilik və yalançı canlısevərlikdir deyərəm...

Axı insan bütün ömrü və bütün gün boyu mənəvi ehtiyacla, necə deyərlər, məşğul ola bilməz. O, bir andı, gəlir və keçir. Əgər o qısa anlardakı halı nəzərdə tutarsanız, əlbəttə, o, möhtəşəmdir. Ama bunu bütün insan həyatına və hətta bütün gününə aid etmək anormallıqdır...

Şəxsən mən bir yoq olmaq istəməzdim. Onların insan həyatı mənə mənasız gəlir. Çünki bu həyatın doğallığından məhrum olmaq anlamsızdı. Çünki bu həyatın həyat şərtləri bu...

Təbiətdəki hər şey mənəvi yox, fiziki qidayla ayaqdadı. Bir ağac susuz, torpaqsız ölər... doğadan kənar şeyləri qəbul edə və inana bilmirəm...

Sizə bir şey deyim ki, insan elə mükəmməlsizliyində mükəmməldir. Biz sadəcə ondan olduğundan çox şey gözləyirik. Əslində qeyri-mükəmməlik də bizim bu anormal gözləntimizdədi...

Yoqlar və bu tip varlıqlar sadəcə boyundan yuxarı tullanmaq istəyənlərdi. Məncə, anormalliq da burdadır...

Təkcə insan vücudunda bütün yaradılığışın mahiyyəti əks olunub. İnsan təbiətin ən gözəl tərəfidi. Bəli, bu gözəllik bəzən dəhşətli çirkinlik də ola bilir. Bu da onun ən gözəl olmasından və ya təsirin əks təsirə bərabər olmasından doğur...

Eqoistlik haqqında

Əslində eqo pis şey deyil. O da təbii bir şeydi. Məncə, eqoist insanlar təbiəti daha çox sevirlər…

Əslində eqosu olmayan insanlara xəstə kimi baxıram. Çünki bütün dahilər eqoist olublar və dünyanın inkişafı da EQOnun məhsuludu. Bunu da yaradan insanın möhtəşəm hissləridi. Eqosuz insansa sadəcə hissiyyatsız varlıqdır...

"Eqo" sözü bildiyimiz kimi "mən", "öz" deməkdi... Yəqin biz eqoistliklə başqa bir şeyi qarışdırırıq.

Sizə gəldiyim bir qənaəti söyləyim: İnsanlar dünyaya hansı mahiyyətlə gəlirlərsə, elə də yaşayıb, elə də ölürlər. Məncə, əsl insan xarakteri heç vaxt dəyişmir. Buna misal olaraq öz doğulduğum kəskin mühiti və savadsız ailəni göstərə bilərəm… İnsanlar dünyaya ya şeytan kimi gəlirlər, ya da Tanrı. Şeytan da, Tanrı da insan özüdür...

Əslində əsl fəlsəfə də, psixologiya da və ən əsası ədəbiyyat və başqa incəsənət də doğanın - təbiətin məhsuludu. Onları yaradanlarsa sadəcə icraçıdılar... Buna görə də mən yaradıcı adamlara Tanrının özü kimi baxıram...

Məsələ insandadır əslində. İnsan olmaq insana bu seçimləri də verir - Tanrı da olmaq, İblis də olmaq, ya da belə düşünmək. Ya da bütün bunları mühakimə etmək. Bu da EQOdur, insan eqosu...


Teqlər:





Xəbər lenti