Romada Azərbaycan rəssamlarının sərgisi açılıb

Romada Azərbaycan rəssamlarının sərgisi açılıb
  20 İyun 2013    Oxunub:1713
“Sönməz Məşəl” Mədəni Əlqələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan parlamentinin Azərbaycan-İtaliya dostluq qrupunun maliyyə yardımı ilə “Azərbaycan şairi Nizami dünyasının rəngləri” layihəsini həyata keçirir.
Layihə çərçivəsində Azərbaycan və İtaliya qadın rəssamlarının Romada sərgisi açılıb. İyunun 22-dək davam edəcək sərgidə iki ölkənin gənc qadın rəssamlarının Nizami Gəncəvinin əsərləri mövzusunda çəkdiyi rəsmlər nümayiş olunur.

Rəsmlərdə qadın rəssamların Nizami dünyasına, Nizami fəlsəfəsinə fərdi baxışı əks olunub. İtaliyadan olan rəssamların Azərbaycanın böyük mütəfəkkirinin yaradıcılığına müraciət etməsi xüsusi maraq doğurur.

Sərgidə Azərbaycanı gənc rəssamlar Şəhla Qəhrəmanlı, Nərminə Vəliyeva və Günay Həsənova, İtaliyanı İllaria Rezzi və Martina Donati təmsil edir.

Azərbaycanın İtaliyadakı səfirliyi və İtaliya-Azərbaycan Dostluq Cəmiyyəti sərgiyə təşkilati və informasiya dəstəyi verir.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva Romadan telefonla bildirib ki, sərgiyə tamaşaçılar böyük maraq göstərir. Xüsusən ona görə ki, tədbir Romanın rəsm qalareyaları yerləşən məşhur Marqutta küçəsində təşkil edilib və bura daim incəsənətə maraq göstərən insanlarla dolu olur.

Sərginin rəsmi təqdimat mərasimi iyunun 20-də olacaq. Mərasimdə Azərbaycanın İtaliyadakı səfirliyinin və İtaliya-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələrinin, Azərbaycan Milli Məclisinin üzvlərinin, eləcə də yerli mədəniyyət xadimlərinin iştirakı gözlənilir.


Teqlər:  





Xəbər lenti