Kart sisteminə keçid nəyi dəyişəcək - ARAŞDIRMA
Nazirlik rəsmisi: “Bu ilin iyun ayında ictimai nəqliyyatda kart ödəniş sisteminin tətbiq edilməsi ilə avtobus sürücülərinin təsbit edilmiş əmək haqqına keçidi həyata keçiriləcək”.
Bununla bağlı Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov AzVision.az-a açıqlamasında bildirib ki, sürücülərin təsbit edilmiş əməkhaqqına keçməsi Bakıda ictimai nəqliyyatda daşımaların keyfiyyət və təhlükəsizliyini artırmağa imkan verəcək. Onun sözlərinə görə, bu ay ictimai nəqliyyatda kart ödəniş sistemi tətbiq ediləcək:
“Hazırda Bakıda sərnişin avtobuslarının sürücüləri planlı ödəniş sistemində işləyirlər. Bu ilin iyun ayında ictimai nəqliyyatda kart ödəniş sisteminin tətbiq edilməsi ilə avtobus sürücülərinin təsbit edilmiş əmək haqqına keçidi həyata keçiriləcək. Bunun nəticəsində sürücülərin qazanc üçün bir-birilərini təqib edərkən yol hərəkəti qaydalarının pozulması və sürət həddinin artırılmasının qarşısı alınacaq və avtobuslar yalnız təyin edilmiş yerlərdə saxlanılacaq. İctimai nəqliyyatda sərnişindaşımanın keyfiyyətini artırmaq məqsədilə daşıyıcıların sayının azaldılması barədə qərar qəbul edilib”.
Nazirlik rəsmisi bildirib ki, ümumilikdə 29 marşurut üzrə hərəkət edən 500 avtobusda kart aparatları quraşdırılacaq. N.Həsənov qeyd edib ki, avtobuslarda istifadə olunacaq 200 min kart hazırdı, amma bunlar 500 minə çatdırılmalıdır ki, bu sistemə start verilsin:
“Çox güman ki, kartların satışa çıxarılması bir-iki həftəyə mümkün olacaq. Həmçinin Türkiyədən validatorların gətirilmə prosesi davam edir. Eyni zamanda gətirilənlər avtobuslara quraşdırılır. Bu ay 500 avtobusda kart sistemi işə başlayacaq. Bundan baqşa qeyd edim ki, paytaxtda daşıyıcların sayı təqribən 210-dan 50-dək azalıb. Qalan daşıyıcılara müvafiq tələblərə uyğun olaraq, sürücüləri işə qəbul etmək tövsiyə edilib. İşə əmək stajı ən azı 3 il olan və yaşı 21-dən az olmayan sürücülər qəbul edilir. Bu zaman sürücülərin şəxsi keyfiyyətləri də nəzərə alınmalıdır. Bundan başqa, daşıyıcılar xəbərdar ediliblər ki, qəza və insan ölümü baş verəcəyi təqdirdə, istifadə edilən marşrutların işi və onların marşrutlarda fəaliyyəti dayandırılacaq. Tədbirlərin sərtləşdirilməsi nəticəsində son bir neçə il ərzində vəziyyət xeyli yaxşılaşıb, lakin problemlər hələ də qalır və onlarla mübarizə davam edir”.
İqtisadçı ekspert: “Kart sisteminin tətbiqi praktiki nəqliyyat sektorunda ödəniş sisteminin liberallaşması ilə yanaşı, vəsaitlərin hərəkətinə nəzarəti mümkün edəcək”.
İqtisadçı Vüqar Bayramov mövzu ilə bağlı saytımıza açıqlamasında bildirib ki, nəqliyyat sektorunda vahid ödəniş sistemi Avropa, eləcə də əksər inkişaf etmiş ölkələrdə tətbiq edilir. Onun sözlərinə görə, Azərbaycanda bu sistemə keçid ictimai nəqliyyatda ödənişlərin beynəlxalq standartlara uyğunlaşdırılmasına gətirib çıxaracaq:
" Bu baxımdan, sistemin tətbiqi müsbət haldır. Bu həm də sürücü ilə sərnişin arasında birbaşa əlaqəni aradan qaldıracaq. Praktiki nəqliyyat sektorunda ödəniş sisteminin liberallaşması ilə yanaşı, vəsaitlərin hərəkətinə nəzarəti mümkün edəcək. Çünki vahid ödəniş sistemi nəqliyyat sektorunun ödənişlərlə bağlı dövriyyəsini müəyyənləşdirməyə imkan verəcək. O cümlədən vergiyə cəlb olunma baxımından əhəmiyyətli olacaq".
İqtisadçı ekspert qeyd edib ki, vahid ödəniş sisteminə keçid ictimai nəqliyyatda gediş haqlarının bərabərləşdirilməsi ilə nəticələnəcək:
"Vahid ödəniş sisteminin tətbiqi metroda gediş haqlarının 15 qəpikdən 20 qəpiyə qaldırılmasını qaçılmaz edir. Bu o deməkdir ki, vahid ödəniş sistemi Avropa standartlarının tətbiqi baxımından uğurlu hesab edilsə də, sistem metroda gediş haqlarının artırılmasına zəmin yaradır. Başqa tərəfdən vahid ödəniş sisteminə keçidlə əlaqədar çəkiləcək xərcləri nəzərə alsaq, nazirin qiymət artımı ilə bağlı söylədikləri rellıq olacaq".
Nəqliyyat üzrə ekspert: “Kart sistemi işə düşdükdən sonra sərnişinlər şəffaflığı, sürücü etikasını, mədəniyyətini, sərnişin-sürücü münasibətlərinin yüksəlməsini müşahidə edəcəklər”
Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov AzVision.az-a açıqlamasında bildirib ki, kart sistemi gələcəkdə bütün Bakı şəhərini, onun ətrafını və rayonları əhatə edəcəksə, bu müsbət haldır. Onun sözlərinə görə, burada bir çox incəliklər oraya çıxacaq, şəffaflıq yaranacaq və hər bir vətəndaş kart sisteminin müsbət tərəflərini görəcək:
“Sərnişinlər kart sisteminin üstünlüklərdən yararlana biləcəklər. Belə ki, kart sistemi işə düşdükdən sonra sərnişinlər şəffaflığı, sürücü etikasını, mədəniyyətini, sərnişin-sürücü münasibətlərinin yüksəlməsini müşahidə edəcəklər. Gələcəkdə isə sürücünün əmək hüquqlarının qorunması, onların əmək haqqı problemi aradan qaldırılacaq. Bu sistemdən sonra sürücü əvvəlcədən ona təyin olunmuş əmək haqqısını müəyyən edəcək. Təbii ki, kart sistemi tətbiq edildikdən sonra sürücü-sərnişin münasibətlərindəki gərginlik aradan qalxacaq. Sərnişinlərin təhlükəli vəziyyətlərlə qarşılaşması problemi aradan qaldırılacaq. Çünki bu gün sürücülər verməli olduqları gündəlik planı ödəmək üçün müxtəlif yollara əla atırlar. Kart sisteminə keçid zamanı bu hal aradan qalxacaq və sürücü onun gəlməli olduğu vaxta işləyəcək.
M.Rüstəmov bildirib ki, avtobuslarda kart sistemi tək Azərbaycanda deyil, inkişaf etmiş bir çox dünya dövlətlərində mövcuddur. Nəqliyyat üzrə ekspert qeyd edib ki, bunun müsbət cəhətləri Avropa ölkələrində özünü göstərib:
“Kart sistemi nəyinki təkcə sərnişinlər, sürücülər, bütövlükdə büdcə üçün xeyir olacaq. Sürücülərin maaş hesabına işləməsi bu sistemin müsbət tərəflərindəndir. Onların maaş almasına gəlincə isə, avtobusun sahibi olan sahibkarlar sürücülərin maaşını verəcək. Təbii ki, bunu müqavilə üzrə olaraq onlar ödəməlidirlər. Hazırki sistemlə müqayisədə, kart sistemi olduqdan sonra sahibkarların elədə problemləri olmayacaq. Sürücülərin təhlükəsizlik və digər qaydalara necə riayət etməsinə isə kart sistemi quraşdırıldıqdan bir-iki ay sonra müşahidə etmək mümkün olacaq. İndiki halda, daha çox qazanc üçün bir-biri ilə mübarizə aparırlar və s. Kart sistemi olduqdan sonar sahibkarların müəyyən xərcləri aradan qalxacaq. Kart sistemi olandan sonra sürücü özüdə maraqlı olmayacaq ki, avtobusun daxilində sıxlıq yaratsın. Çünki o artıq plana yox, əmək haqqıya işləyəcək. Bütövlükdə kart sistemi tətbiq olunacaqsa, onun müsbət tərəfləri çoxdur”-deyə M.Rüstəmov vurğulayıb.
Anar Kəlbiyev