Azərbaycana "quş qripi" gəlir?

Azərbaycana "quş qripi" gəlir?
  30 Yanvar 2013    Oxunub:2422
“Quş qripi” epidemiyasının yenidən təkrarlanacağı barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) xəbərdarlıq yayıb. Xəbərdarlıqda bildirilir ki, davam edən beynəlxalq iqtisadi böhran H5N1 virusunun və digər təhlükələrin qarşısının alınmasına yönəlmiş maliyyə tədbirlərinin ixtisar edilməsinə səbəb olub. Təşkilatın baş baytar eksperti Xuan Lubrotun sözlərinə görə, bu, təkcə beynəlxalq təşkilatlara deyil, ölkələrin özünə də aiddir xəbərdarlıq edib ki, zəruri nəzarət olmasa, təhlükəli xəstəlik asanlıqla bütün dünyaya yayıla bilər.

Bəs hazırda “quş qripi” epidemiyası ölkəmiz üçün də təhlükə hesab edilə bilərmi?

Dövlət Baytarlıq Xidmətinin(DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycanda “quş qripi”ylə bağlı narahatlığa heç bir səbəb yoxdur: “BMT-nin etdiyi xəbərdarlıqdan məlumatım yoxdur. Ancaq biz mütəmadi şəkildə monitorinq aparırıq. Ötən il ərzində 4 dəfə monitorinq keçirmişik. Bu il də artıq ilk monitoriqə start vermişik, davam etməkdədir. Çöl quşlarına görə artıq qan nümunələri götürmüşük , ev quşlarına görə isə monitorinq hələ bitməyib. Ayın 1-də götürülən nümunələr barəsində məlumat veriləcək. Ancaq ümumilikdə bu günə qədər ölkəmizdə “quş qripi”nə dair epizodik vəziyyət sabitdir. Bu sabitliyi daim diqqət mərkəzində saxlayırıq”.

Y. Xanvəlinin sözlərinə görə, monitorinqlərin aparılmasında əsas məqsəd bu xəstəliyin köçəri quşlardan birbaşa keçməsinin qarşısını almaqdır: “Virus xəstəliklər hər bir ölkə üçün qaçılmazdır, hər an gələ, yayıla bilər. Lakin bizim xəstəliyə qarşı həm dizinfeksiyaedici maddələrimiz kifayət qədərdir. Həm də əvvəlcədən qarşısını almaq üçün tədbirlər aparırıq ki, vəziyyət gərginləşməsin. Əgər hər hansı bir ərazidə təhlükə aşkarlanarsa, qarşısı alınır. Onu da deyim ki, bir var bütün ölkədə təhlükə ola, bir də var müəyyən bir ərazidə, bölgədə, kənddə. Elə monitorinqlər də ona xidmət edir ki, hansı ərazidə aşkarlansa, vaxtında tədbir görülsün, yayılmasın”.

Bəs quş əti və quş əti məhsulları idxal etdiyimiz hər hansı ölkə epidemiyanın Azərbaycanda da yayılmasına səbəb ola bilərmi?

DBX mətbuat xidmətinin rəhbəri bildirir ki, ölkəmizə ən çox Türkiyədən quş əti və quş əti məhsulları gətirilir: “Hansı ölkədə epizodik vəziyyət narahatlıq doğurursa, biz həmin ölkədən idxalı yasaqlamışıq. Yəni heç bir təhlükə yoxdur. Bundan əlavə, gələn hər bir məhsul , istər quş əti, istərsə də heyvan mənşəli məhsullar olsun, DBX-nin qeydiyyatından keçibsə, yəni gətirilməsinə icazə verilibsə, həmin məhsullar üzərində Respublika Baytarlıq Laboratoriyası tərəfindən bütün təhlillər aparılır. Nəticə aşkar olunandan sonra həmin məhsulun satışına icazə verilir”.

Qeyd edək ki, 2003-2011-ci illərdə “quş qripi” səbəbindən 400 milyon ev quşu məcburi qaydada məhv edilib nəticədə dünya dövlətlərinə 20 milyard dollar zərər dəyib. Bu dövrdə 500-dən artıq şəxs “quş qripi”nə yoluxub, onlardan 300 nəfər vəfat edib.

Sevinc


Teqlər:  





Xəbər lenti