Bir cənub şəhərindən reportaj və ya Malmödə Bakı nisgili

Bir cənub şəhərindən reportaj və ya Malmödə Bakı nisgili
  19 May 2013    Oxunub:1983
Millət vəkili “Eurovision”-un keçirildiyi şəhərdən yazır
Etibar Hüseynov
xüsusi olaraq AzVsion.az üçün

Yaxşı yadımdadı. Uşaqkən mən də bəziləri kimi (düzünü desəm, elə indi də) cox vaxt İsveçlə İsveçrəni, Litvayla Latviyanı qarışdırırdım. Ona görə də həmişə yadımda onu saxlayırdım ki, bəs İsveç "damda yaşayan Karlson"un vətəni olan yerdi. O Karlson ki, uşaqkən hamımız onu cox sevmişdik və sadəlövhcəsinə nə vaxtsa bizim də eyvana qonaq gələcəyinə inanırdıq.

Astrid Lindqrenin " Uşaq və Karlson" əsərini neçə dəfə oxuduğumu bilmirəm, amma onu yaxşı xatırlayıram ki, mən də sovetlər dönəminin qayğısız bir cocuğu olaraq tez-tez əlimə iri bir mürəbbə bankası və ya bir ovuc şirniyyat alıb, saatlarla eyvanda dayanıb, qonşu binaların damlarına boylanaraq, həmin o "ventilyator"lu Karlsonun yolunu gözləmişəm. İsveçdə olduğum müddətdə də özümdən asılı olmayaraq gözlərim elə hey o köhnə və qədim binaların damlarını gəzirdi. Bir cocuq düşüncəsiylə onu haradasa mütləq görəcəyimə ümidliydim sanki...

Deyəsən, cox xəyalpərəstlik elədim axı. Nə isə, keçək mətləbə.

***

İstanbuldan Danimarkanın paytaxtı Kopenhagenə 3 saat yarıma çatdıq. Buradansa İsveçin Malmö şəhərinə 35 kilometrdir. Danimarka paytaxtını İsveçlə birləşdirən və Avropanın simvollarından sayılan 18 kilometrlik Erəsünn körpünüsünü (qeyd edim ki, körpünün 4 kilometri dənizin altından keçir ) kecmək Malmöye yetişməyə bəs edir. Dünənə qədər Malmö coxları ücün hec də tanış ad deyildi. Yalnız bəzi futbol fanatları onun məhşur Zlatan İbrahimoviçin vətəni olduğunu bilirdilər. Bu günsə o, bütün diqqətlərin cəmləşdiyi bir musiqi paytaxtına cevrilib.


Nə xoş təsadüf... Malmödə Azər Qəriblə rastlaşdım...


İsveçin cənubunda qərar tutmuş Malmö ilk baxışdan bizim Sumqayıt və ya Mingəceviri xatırladır. Mərkəzi tarixi bina və abidələrlə zəngindir. Kücələri təmiz, nəqliyyatın sıxlığından və səs-küyündən uzaqdı. Əhalinin də əksəriyyəti velosipeddən istifadə edir. Bakıda addımbaşı gördüyümüz zırpı-zırpı maşınlara burada cox nadir halda rast gələ bilərsən (tamamilə haqlısınız - daha bunun harası Sumqayıt oldu ki?)

Ürəyim partladı... Ona görə də, bəri başdan deyim ki, burada olduğum 5 gün ərzində bircə dəfə də olsun nə bir polisə, nə bir hərbiçiyə, nə də bir yol polisinə rast gəldim.( Söhbət "Eurovision"a ev sahibliyi edən şəhərdən gedir e, ay qardaş. Belə də ölkə olar?) Amma bütün bunlara baxmayaraq, yol hərəkəti qaydalarına adam kimi əməl olunur. Bircə nəfər də olsun "remensiz" sürücüyə rast gəlməzsən. Baxmayaraq ki, bəzi kücələrdən dəqiqələrlə avtomobil kecmir, amma yolayrıcındakı velosipedçi dəstəsi hamılıqla səbrlə işıqforun yaşıl işığının yanmasını gözləyir (Kənardan baxanda əsəbdən adamın zəhri catlayır. Yəni "neujelli" bunlar hec hara tələsmirlər). Bizdə sürücülərə güclə "remen" taxdıra bilmirlər. Amma bu zalım uşağının hamısı yayın istisində başlarına "kaska" da taxırlar.Hələ özləri bir tərəfə, üstəlik, arxa oturacaqda əyləşən uşağa da yazıqları gəlməyib bir yekə "kaska" da onların başına kecirirlər.



İnsanları da qəribədir buraların. Yəni cox arsızdılar. Bir sözü on dəfə soruş, yenə də gülümsəyə-gülümsəyə izah edəcəklər. Adam soruşmaqdan yorulur, bunlar cavab verməkdən yox. Hara baxırsan, ya şortik geyinib qaçırlar, ya it gəzdirirlər, ya da arxayın-arxayın qəzet-kitab oxuyurlar. Lap məəttəl qalırsan. Hec dərdsiz-sərsiz də insan olar? Adam istəyir çıxarıb icində gəzdirdiyi dərd yükündən bir yekə parcasını bunlara yükləyə ki, bəlkə başları qarışıb darıxmayalar (Olaydılar erməniylə, rusla, farsla qonşu görərdik günlərini).

***

Bir məqama Siz də diqqət yetirin. Kişinin uşağı guya ki, Avropanın musiqi paytaxtinda yaşayirlar (Yəni, qırılmış boyunlarıyla guya ki “Eurovision"a ev sahibliyi edirlər). Amma şəhər boyu bu boyda mərasimi xatırladan bir afişə, reklama rast gəlməzsən. Xırda-para dayanacaqlara vurulan sloqanlar və "xəbərlər" proqramında gedən sıradan kiçik həcmli süjetlər istisna olmaqla, "Euroviziya" adına heç nəyə rast gəlməzsən. Və bəlkə bu da təbiidir. Çünki İsvec dövlət olaraq artıq 4-cü, Malmö isə şəhər təki 2-ci dəfə bu yarışmaya ev sahibliyi edir. Yarşmanın keçirildiyi saray da bizim Kristal-hollun yanında cox sönük görünür.



Mərasimə təşrif buyurmuş "Eurovision" fanatlarının Bakıda yaşadıqları fantastik günlərin nostaljisini cəkdikləri hiss olunur. Ona görə də əlimizdə tutduğumuz üçrəngli bayrağımızı görən kimi köhnə dostlar təki yaxınlaşıb, "Baku veri, veri qut", "Azerbayjan super".. "Trqoviy, baksovet, kabab, tolma", "sanin adin nadir", "yakşisan" və.s yadlarında qalan bu qəbildən olan kəlmələri xüsusi həvəslə söyləyirdilər. Bu isə adamı sevindirir. Qol-qanad verir. Həqiqətən də bu gün Azərbaycan dünyada tanınır və sevilir. Azərbaycan adına sərgilənən bu sevgiyə Fəridin yarımfinalda çıxışı zamanı da şahidi oldum. Bu gün isə finaldı. Azərbaycanın 1-ci olması real olmasa da, amma arzumuzdu. Ancaq təbii ki, əsas hədəfimiz neçənci yer tutmağımızdan asılı olmayaraq, Ermənistanı qabaqlamaqdır. Fərid etimadımızı doğruldar inşallah.

***

Lap yadımdan çıxmışdı. Axı biz İsveçə Dünya Azərbaycanlıları Konqresinin təsis etdiyi "Bütöv Azərbaycan" televiziyasının açılış törəninə qatılmaq üçün gəlmişdik. Yaxın zamanlarda peyk vasitəsiylə dünyaya yayımlanacaq bu tv-nin əsas vəzifəsi tariximizi, mədəniyyətimizi, musiqimizi təbliğ etmək olacaq. Təbii ki, başda Qarabağ və cənubi Azərbaycan gerçəklikləri də olmaq şərtiylə. Bu cətin və şərəfli işdə DAK sədri Mirəşrəf Fətiyevə və Cavad Derextiyə uğurlar arzulayıram.

***

Bir vacib məqamı da nəzərinizə catdırım. Televiziyanın acılış törənində iştirak edən türk diasporasının rəhbərləri millət vəkili olduğumu bilib, onlarla söhbət etməyimi xahiş etdilər. Söhbət əsnasında Türk qardaşlarımız bildirdilər ki, Malmödə çoxlu sayda türk yaşayır və bu il də "Eurovision" yarışmasında Türkiyə iştirak etmədiyinə görə onlar yerli türkləri səfərbər edib, Azərbaycan təmsilçisinə səs vermək istəyirlər. Və məndən də xahiş etdilər ki, Malmödə yaşayan türklərlə Fərid Məmmədovun görüşünü təşkil etməkdə onlara yardımçı olum. Mən də söz verdim. Elə həmin gecə bizimkilərin qaldığı otelə yollanıb Azərbaycan qrupunun rəhbəri Tahir müəllimi tapıb söhbət etdim. Verdiyim xəbərə cox sevindi. Qrafikin sıxlığına baxmayaraq finalqabağı elə otelin foyesindəcə Fəridlə türkiyəli gənclərin görüşünü keçirmək razılığına gəlirik

***

Bax, beləcə İsveçin cənub şəhərində biri-birindən maraqlı, zəngin və gərgin günlər yaşadım. Amma İsveç nə qədər demokratik, azad, gözəl ölkə olsa da, Vətən yenə də cəkir. Mən, insanları da təbiəti kimi soyuq olan bu məmləkətdə qərar tuta bilmirəm. Ona görə də artıq günləri deyil, saatları sayıram. Qurbanı olduğum Vətənə dönmək ücün. Sənə qurban olum ey Vətən. Ucsuz-bucaqsız tıxaclarınla, toz-torpağın, səs-küyün, cirkinliyin və gözəlliyinlə... Bir sözlə, bütün əyər-əskikliyinlə bir yerdə. Taleyimizə yazdığın Hacıbalana qurban, ay Vətən.. Tez-tez maşınımı saxlayıb əvvəlcə sürücülük vəsiqəmə, sonrasa bir xeylaq üzümə baxdiqdan sonra "ə, sən o televzorda danşan oğlan deyilsən?",- deyən yol polislərinlə bir yerdə. Vallah, Sənin yerini və dadını heç hara vermir.


Teqlər:  





Xəbər lenti