Sürücülərin yaş həddi qaldırılır- ARAŞDIRMA

Sürücülərin yaş həddi qaldırılır- ARAŞDIRMA
  18 May 2013    Oxunub:13548
Nəqliyyat Departamentinin rəhbərliyi avtobus sürücülərinin yaş həddinin 25-dən yuxarı olmasına dair təklifi hazırlayaraq hökumətə təqdim edib.
Bu günümüzdə insanların böyük hissəsi gündəlik həyatında avtobuslardan istifadə edir. Amma demək olar ki, sərnişinlərin böyük hissəsi avtobus sürücülərindən razı deyil. Belə ki, avtobus sürücülərinin tez-tez qaydaları pozması, onun daxilində siqarət çəkməsi, mobil telefonla danışması və sərnişinlərlə dalaşaraq avtobusu idarə etməsi adi hal çevrilib desək yanılmarıq. Onlara qarşı olan cəza tədbirlərinə baxmayarq, yenədə öz mənfi hərəkətlərini davam etdirirlər. Ümumiyyətl apardığımız müşahidələr göstərir ki, indi paytaxtda fəaliyyət göstərən sərnişin avtobuslarında gənc sürücülər çoxdur. Onların avtobusu necə idarə etdiyini isə oxucularımızın özü daha yaxşı bilər.

Bunlarla bərabər Yol polisinin keçirdiyi reydlər zamanı da məlum olub ki, qayda pozuntularının əksəriyyəti gənc sürücülər tərəfindən törədilir. Həmçinin onlardan elələri olub ki, onlar heç sürücülük vəsiqəsi almaq yaşında olmayıblar. Bununla əlaqədar olaraq Nəqliyyat Departamentinin rəhbərliyi avtobus sürücülərinin yaş həddinin 25-dən yuxarı olmasına dair təklif hazırlayaraq hökumətə təklif edib.

Bütün bunları nəzərə alaraq araşdırmağa çalışdıq ki, avtobus sürücüləri hansı yaş həddində olmalıdır?

Nazirlik rəsmisi: “Hazırda bizdə 30-45 yaş arası sürücülər daha çoxdur”.

Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov AzVision.az-a açıqlamasında bildirib ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna görə, 21 yaşından aşağı olan şəxslərin avtobus sürməsinə icazə verilmir. Nazirlik rəsmisinin sözlərinə görə, 21 yaşı olan sürücünün isə 3 illik sürücülük təcrübəsi olmalıdır.

“Həmçinin həmin şəxslərin müvafiq “D” kateqoriyası olmalıdır. İndiki sürücülük vəsiqələri 10 illik müddətinə verilir. Amma 70 yaşını keçəndən sonra 1 ildən bir verilir. Əgər hər hansı bir şəxsə sürücülük vəsiqəsi verilirsə, deməli orada yuxarı yaş həddi götürülmür. Amma indi bilirsiz ki, 65 yaşdan sonra məhdudlaşdırma mövcuddur. Ancaq sürücülərin özü o yaşa qədər bu işdən ayrılırlar. Fiziki baxımdan sükan arxasına əyləşmək istəmirlər. Hazırda bizdə orta yaşlı sürücülərdir. Demək olar ki, 30-45 yaş arası olanlar daha çoxdur”.

Mövzu avtobus sürücülərinə aid olduğu üçün onlarında fikirini öyrəndik. 32 yaşlı avtobus sürücüsü Mahir Ağayev mövzu ilə bağlı saytımıza bildirib ki, avtobus sürücüsünün yaşı 40-dan yuxarı olmalı deyil. Onun sözlərinə görə, ictimai nəqliyyat idarə edən sürücünün yaşı 30-dan yuxarı olmalıdır.

“Avtobus idarə edən cavan uşaqlarda təcrübə olmur. Yaşlarının az olmasına görə qəzalarda baş verir. Heç kateqoriyası olmayanlar varki, avtobus idarə edir. Məncə avtobus sürücülərinin yaşı 35-dən aşağı olmalı deyil. Çünki o, sərnişin daşıyır və həmin şəxsin bu sahədə təcrübəsi olmalıdır. Bu baxımdan 25-26 yaşı olanlar təcrübəsiz ola bilər”.

Digər bir sürücü 52 yaşı Vaqif Nəsrullayev də avtobus sürücülərinin təcrübəli olmalı olduğunu deyib. Avtobusu cavanların idarə etməli olduğuna gəlincə, V.Nəsrullayev bununla razı olmadığını bildirib.

“Cavanların avtobus idarə etməsi ilə bir o qədərdə razı deyiləm. Çünki Avtobus qəzalarının çox hissəsini onlar törədir. Amma bu o demək deyil ki, yaşlı avtobus sürücülərində də günah yoxdur. Cavanlarında işləmək hüququ olduğu üçün onlarda avtobus idarə edə bilər. Sadəcə onların təcrübəsi yüksək olsa, daha yaxşı olar. Amma bu gün bunu bir çox gənc avtobus sürücüsü haqqında demək mümkün deyil. Belə düşünürəm ki, avtobusu yaşlı, təcrübəli sürücülər idarə etməlidir”.

Bəs görək avtobus istifadəçilərinin sürücülər haqqında fikirləri necədir?

Sərnişin Səbinə Əhmədova saytımıza bildirib ki, əsaəsn avtobus sürücülərinin əsəbiləri yerində olmalıdır. Onun sözlərinə görə, bu sürücülərin həkim nəzarətindən keçmələri çox vacibdir.

“Bəlkədə onlar həkim müayinəsindən keçirlər, amma rastlaşdığımız hallar heç də belə deməyə imkan vermir. Ya sürücülər kim daha çox müştəri tutdu deyib bir-biri ilə yarışa çıxır, yada digər sürücülərin onlara mane olduğuna görə əsəbiləşirlər. Elələridə olur ki, avtobusu normal idarə edə bilmir. Nəticə isə yazıq sərnişinlərin başında çatlayır. Bu baxımdan yaş həddinin nəzərə alınması pis olmazdı, cavanlar tələsir, yaşlıların isə səbri qalmayıb. Hər nə olur olsun avtobus sürücüləri bizi başa düşməlidirlər ki, təhlükəsizliyimizi onlara etibar etmişik”.

Ümumilikdə fikirini öyrəndiyimiz bir çox sərnişinlər avtobus sürücülərindən narazılıq etdilər.

Son vaxtlar avtobus qəzalarının sayı artıb desək yanılmarıq. Belə ki, 2013-cü ilin ilk üç ayında ölkə ərazisində avtobusların iştirakı ilə 30 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 18 nəfər ölüb, 35 nəfər yaralanıb. 2012-ci ildə isə respublikanın avtomobil yollarında avtobusların iştirakı ilə 114 yol nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalar nəticəsində 57 nəfər dünyasını dəyişib, 183 nəfər isə xəsarət alıb.

Nəqliyyat eksperti: “Dünyanın bir çox ölkəsində avtobus sürücülərinə müəyyən mərhələləri, kursları keçəndən sonra icazə verilir ki, sükan arxasında otursun”.

Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım İctimai Birliyinin sədri Məzahir Rüstəmov AzVision.az-a açıqlamasında bildirib ki, respublikamızda qanunvericiliyə əsasən müəyyən yaş hədləri varki, ona uyğun olaraq 10 müddətinə, 70 yaşından yuxarı şəxslərə isə 1 ildən bir olaraq sürücülük vəsiqəsi verilir. Ekspertin sözlərinə görə, ölkəmizin qanunvericiliyinə uyğun olaraq 65 yaşına qədər olan şəxs əmək qabiliyyəti sayılır və onlara heç kim qadağa qoya bilmir.

“Mövcud qanunvericilik 65 yaşa qədər şəxslərə icazə verir ki, onlar avtobus idarə etsinlər. Məlum olduğu kimi bu günə qədər sürücü tərəfindən çox əziyyət çəkirdik. Bundan sonra daha çox əziyyət çəkəcəyik. Vahid kart sisteminı keçdikdə sonra, proplemlər daha qabarıq görsənməyə başlayacaq. Daha çox sürücü qıtlığı, çatışmazlığı hiss olunacaq. Əvvəllər bir yerə 5-10 namizəd olurdusa, indi daha çox sürücünün müraciət edəcəyini görəcəyik. Bu günki problemlərdən biridə, avtobus sürücüsü olan cavanların peşəkarlığının aşağı olmasıdır. Onlar çox zaman sərnişinləri düşünmür. Bəziləri sürücülük vəsiqəsini hansısa yollarla əldə edir və avtobusun sükanı arxasına oturur”.

Dünya ölkələrində avtobus sürücülərinin yaş həddi məsələsinə gəlincə, M.Rüstəmov hər bir ölkənin qanunvericiliyinə görə yaş hədləri müəyyən olunduğunu deyib. Ekspertin sözlərinə görə, hər hansı bir ölkə əmək qabiliyyətli şəxsə qadağa qoya bilməz.

“Bu Avropa, digər sivil və demokratik ölkələrin hər birində belədir. Hər bir ölkənin qanunvericiliyinə görə, qanun neçə yaşa qədər icazə verirsə, həmin şəxs əmək qabiliyyətlidirsə, işləyə bilər. Hər bir ölkənin sərnişinləri peşəkar sürücülərə və keyfiyyətli xidmətə üstünlük verir. Bu baxımdan sürücülər xeyli peşəkar olmalıdır. Dünyanın bir çox ölkəsində avtobus sürücülərinə müəyyən mərhələləri, kursları keçəndən sonra icazə verilir ki, sükan arxasında otursun. Həmin sürücünün psixoloji durumu, sağlamlığı yoxlanılır və necə bu işin öhdəsində gələcəyi müəyyən olunduqdan sonra onun avtobus idarə etməsinə icazə verilir. Təəssüflər olsun ki, bizdə ancaq soruşurlar ki, “sükan tuta bilirsən?” bacarırsansa keç otur”.

Anar




Teqlər:  





Xəbər lenti