Prezidentdən vəzifəli şəxslər barədə sərəncam

  15 Fevral 2013    Oxunub : 524
Prezidentdən vəzifəli şəxslər barədə sərəncam
Azərbaycan Prezidenti vəzifəli şəxslərin məsuliyyətinə dair edilən dəyişikliyin tətbiqi barədə Sərəncam imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.
Prezident Sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 526-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıb ki, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etməli və bu Prezidentə məlumat verməlidir.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verməlidir. Həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etməlidir və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Qeyd edək ki, Məcəlləyə edilən dəyişikliyə əsasən dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, habelə büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılmasına görə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri bu əməllər min manatadək olan məbləğdə törədildikdə üç yüz manatdan beş yüz manatadək, bu əməllər min manatdan yuxarı məbləğdə törədildikdə beş yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilirlər.

Teqlər: