Ramiz Mehdiyevin kitabının təqdimatı oldu
Y.Mahmudov qeyd edib ki, akademik Ramiz Mehdiyev adıçəkilən monoqrafiyasında Dağlıq Qarabağın tarixini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırıb. Bununla da görkəmli alim bir vətəndaş tədqiqatçı olaraq müasir mərhələdə xalqımızın taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqəti bütün incəlikləri və tarixi kökləri ilə araşdırıb ortalığa çıxarmağı qarşısına məqsəd qoyub.
Onun sözlərinə görə, akademik Ramiz Mehdiyev müxtəlif dillərdə olan ilk mənbələrdəki, o cümlədən erməni mənbələrindəki və erməni tarixçilərinin əsərlərindəki çoxsaylı faktlara söykənərək müasir erməni saxtakarlarının uydurduqları əsas "dəlili" onların əlindən alır, ermənilərin guya Cənubi Qafqazın "aborigen əhalisi" olması barədəki saxta erməni uydurmalarını alt-üst edir: "Müəllif düzgün olaraq belə bir əsaslı elmi nəticəyə gəlir ki, ermənilər böyük dövlətlərin Cənubi Qafqazda möhkəmlənmək uğrunda apardıqları rəqabət mübarizəsinin gedişində çar Rusiyası tərəfindən Qacarlar İranı və Osmanlı imperiyasına qarşı gələcək müharibələrdə istifadə olunmaq üçün bir alət olaraq Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan torpaqlarına köçürülüb gətiriliblər".
Alim bildirib ki, müəllif ermənilərin Şimali Azərbaycana 1828-ci ildən etibarən köçürülüb gətirilməsini sübut etməklə kifayətlənmir, tarixin daha dərin qatlarına enir, "tarixin atası" Herodota, onlarla qədim Roma, yunan, erməni, Suriya, rus, ingilis və digər dillərdəki ilk məxəzlərə, elmi ədəbiyyata istinad edərək ermənilərin Asiya qitəsinin də yerli əhalisi olmadığını, onların Kiçik Asiyaya kimmerlərin təzyiqi ilə Balkan yarımadasından köçüb gəldiyini açıqlayır: "Və öz kitabının oxucularına belə bir tarixi həqiqəti yetirir ki, erməni etnosu və onun dili, əlifbası ayrı-ayrı dövrlərdə frigiya, yunan, Suriya, İran mənşəli etnosların təsiri ilə və onların qarışığından yaranıb. Bu gün ermənilərin özlərinə aid etdiyi "mədəniyyət", hətta "erməni" adının özü belə onların özlərinə - haylara aid deyil, oğurluqdur".(trend)
Teqlər: