WSJ: “Putin çoxdan istədiyini aldı”
![WSJ: “Putin çoxdan istədiyini aldı” WSJ: “Putin çoxdan istədiyini aldı”](https://azvision.az/photos/2025/02/PUTT-1739520029.jpg)
Nəşrin fikrincə, Trampın vəd etdiyi danışıqlar çox güman ki, uzun çəkəcək və uzadılacaq. Rusiya atəşkəsə yalnız o şərtlə razılaşacaq ki, ABŞ Ukraynaya dəstəyi dayandırsın və onun ərazisini müdafiə etmək imkanlarına məhdudiyyətlər qoysun.
Rusiya qoşunları döyüş meydanında irəlilədikcə və Ukraynada hərbi əməliyyatların dayandırılması üçün ictimai dəstək artdıqca, analitiklər Putinin istədiyi şərtləri alana qədər ABŞ ilə uzun oyun oynamağa və sərt sövdələşməyə hazır olduğunu bildirirlər.
“Bu, hələlik müvəqqəti qələbədir. Putinin yekun qələbəsi Ukraynanın Qərb düşərgəsinə keçməyəcəyinə və onun təhlükəsizlik tədbirləri ilə bağlı suveren qərarlar qəbul etmək imkanından məhrum olunmayacağına zəmanətdir”, - Berlindəki Rusiya-Avrasiya Karnegi Mərkəzinin direktoru Aleksandr Qabuyev deyib.
Bununla belə, Ukrayna prezidenti Volodimir Zelenski Trampla söhbəti zamanı ABŞ prezidentinin Rusiyaya Ukraynadan daha çox üstünlük vermədiyinə dair zəmanət aldığını iddia edib. Eyni zamanda, Zelenski Kiyevin və Avropa İttifaqının (Aİ) müharibəni dayandırmaq üçün istənilən danışıqlarda iştirak etməli olduğunu vurğulayıb.
“WSJ” qeyd edir ki, Trampın danışıqlar vədi Putin üçün hər iki tərəfdən yüz minlərlə insan itkisinə səbəb olan üç illik amansız döyüşlərdən sonra Rusiyanın şərtləri ilə müharibəyə son qoymaq yolunda ilk addımdır. O, həmçinin, Birləşmiş Ştatlarla birbaşa danışıqları İkinci Dünya müharibəsindən sonra əldə olunan, müharibədən sonra Şərqi Avropanın Sovet və Qərb təsir dairələrinə bölünməsini əhatə edən daha geniş geosiyasi sövdələşmənin bağlanması şansı kimi qiymətləndirir.
- Ukrayna əhalisi Rusiya təcavüzünə qarşı üç illik müqavimətdən sonra müharibədən yorulub və ortamüddətli perspektivdə işğal olunmuş ərazilərin geri qaytarılmasının çətin olduğunu daha çox anlayır. Tramp əmin edib ki, o, Zelenskini sülh danışıqlarından kənarda qoymağı planlaşdırmır. Oval kabinetdə Zelenskinin əraziləri Rusiyaya verməli olub-olmayacağı ilə bağlı suala Tramp “O, etməli olduğunu etməlidir” cavabını verib”, - qəzet yazır.
“WSJ” onu da bildirir ki, yaxın vaxtlarda Trampla Putin arasında görüş baş tutsa, Amerika prezidentinin Kremlin irəli sürdüyü şərtlərlə razılaşıb-razılaşmayacağı hələlik bəlli deyil. Rusiya prezidenti isə Trampın ilk prezidentlik dövründən danışıq tərzinə yaxşı bələddir.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Putin Tramp danışıqlar