Vens: "Putin razılaşmasa, Moskvanı vura bilərik"

      Vens:    "Putin razılaşmasa, Moskvanı vura bilərik"
  14 Fevral 2025    Oxunub:589
"Rusiya Prezidenti Vladimir Putin Kiyevin uzunmüddətli müstəqilliyinə zəmanət verən sülh sazişi ilə razılaşmasa, ABŞ Moskvanı sanksiyalar, hətta potensial hərbi əməliyyatla vura bilər".
Bu sözləri ABŞ-nin vitse-prezidenti C.D.Vens "The Wall Street Journal" (WSJ) qəzetinə müsahibəsi zamanı dilə gətirib. O vurğulayıb ki, "iqtisadi rıçaqlarla yanaşı, əlbəttə, hərbi rıçaqlar da var".

"ABŞ-nin həmin rıçaqlardan Putinə qarşı istifadəsi qeyri-mümkün deyil", - Vens söyləyib.

(ABŞ-nin vitse-prezidenti C.D.Vens)

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski ilə ayrı-ayrılıqda telefon danışığında müharibənin həlli istiqamətində müzakirələr aparıb. Eyni zamanda, ölkə rəsmilərinə münaqişənin başa çatdırılması üçün danışıqlara başlamaq barədə göstəriş verib.

Digər tərəfdən, ABŞ-nin müdafiə naziri Pit Heqset Brüsseldə Kiyevin hərbi müttəfiqləri ilə görüşü əsnasında diqqətə çatdırıb ki, Ukraynanın 2014-cü ildən qabaqkı sərhədlərinə qayıtması "qeyri-realdır":

"ABŞ Kiyevin NATO-ya üzvlüyünü müharibənin həllinə təsir göstərəcəyini düşünmür", - o deyib.
Tramp üçtərəfli görüşlərin anonsunu verib

Hərçənd Donald Tramp Ukraynanın Rusiya ilə sülh danışıqlarında iştirakını vacib saysa da, Kiyev Moskva ilə bir masa arxasına əyləşməyə "hələ tələsmədiyini" bildirib. Eyni zamanda, Trampın Vladimir Putinlə telefon danışığı fonunda ukraynalılar narahatdırlar. Ölkə əhalisində belə qənaət yaranıb ki, "Tramp Ukraynanı satmağa hazırlaşır".

C.D.Vens qəzetə müsahibəsində "rəqib liderlər" arasındakı telefon zənginə də toxunub.

"Zənnimcə, bu söhbətdə bir çox insanı şoka salacaq bir razılaşma qərarlaşdırılıb. Hər halda, o, sülh danışıqlarına "at gözlüyü taxaraq" getməyəcək, tərəfləri razılaşmağa çağıracaq", - Vens deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   Ukrayna   müharibə   danışıqlar  





Xəbər lenti