Paşinyan Moskvaya gedəcək?

   Paşinyan Moskvaya gedəcək?
  12 Mart 2024    Oxunub:1051
Ermənistanın Rusiya ilə münasibətləri getdikcə daha da pisləşir. Yerli media daha çox İrəvanın gərginliyi artırdığını yazır.
Məsələn, "Hraparak" nəşri bu mövzuda diqqət çəkən məqalə dərc edib. Müəllif rəsmi mənbələrə istinad edərək yazıb ki, İrəvan Moskvaya bağlı olan "ip"i hələ tam kəsməyib.

"Rus boyunduruğundan qurtulsaq, dövlətçiliyimizi itirəcəyik" - Erməni politoloq
"Ermənistan-Rusiya münasibətlərində mövcud tendensiyalara baxmayaraq, Nikol Paşinyan may ayında Ali Avrasiya İqtisadi Şurasının 10 illiyinə həsr olunmuş iclasda iştirak etmək üçün Moskvaya gedə bilər. Məsələ burasındadır ki, 2024-cü il yanvarın 1-dən Ermənistan Avrasiya İqtisadi İttifaqının orqanlarına sədrliyi üzərinə götürüb və bu il Avrasiya Ali İqtisadi Şurasına, Avrasiya Hökumətlərarası Şurasına və Avrasiya İqtisadi Komissiyasına sədrlik edəcək. Ənənəvi olaraq hansısa ölkə sədrlik etdiyi bir il ərzində öz ərazisində iclas çağırsa da, Ermənistan hələ ki, bu barədə düşünmür”, - məqalədə yazılıb.

Qeyd edək ki, son zamanlar Ermənistan Rusiya əleyhinə bəyanatlar verir, İrəvanın Qərbə doğru istiqamət götürdüyünü gizlətmir. Bir neçə gün öncə isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Avropa İttifaqına (Aİ), habelə NATO-ya qoşulma ideyası ilə bağlı müzakirələr aparıldığını bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan   Moskva  





Xəbər lenti