"Fransanın utanc ili" - 1946-cı ildə fransızlar tarixə bu adla düşüb

      "Fransanın utanc ili"    - 1946-cı ildə fransızlar tarixə bu adla düşüb
  05 Mart 2024    Oxunub:1262
Müharibələrin canlı itki, maddi ziyanla yanaşı olduqca ağır sosial-mənəvi fəsadları olub. İnsani dəyərlərin yox olduğu müharibə şəraitində əxlaqi keyfiyyətləri qorumaq hər xalqa nəsib olmayıb. II Dünya müharibəsindən sonra aparılan araşdırmalarda bu məsələ ilə bağlı ortaya maraqlı faktlar çıxıb.
AzVision.az "Musavat.com"a istinadən bildirir ki, müharibə statistikasının ən dəhşətli rəqəmlərindən biri savaş dövründə dörd milyondan artıq qadının zorlanması ilə bağlıdır. Bununla yanaşı, könüllü, yaxud da təmənna qarşılığında bədənlərini satan qadınların sayı da az olmayıb. Almanlar tərəfindən işğal olunmuş ərazilərdə işğalçılarla yaxınlıq edən, intim əlaqəyə girən, yataqlarını bölüşən qadınların sayı isə on minləri keçib və bəzən bu intim əlaqələrdən sonra onlar düşmənlə əməkdaşlıq etməyə də razılıq veriblər.

Vermaxtın əsgər və zabitləri ən ağır müharibə şəraitində belə asudə vaxtlarını qadın əyləncələri ilə keçirməyə xüsusi həvəs göstəriblər. Bu həvəsi nəzərə alan Almaniya rəhbərliyi məsələni rəsmi şəkildə həll edib. İkinci Dünya müharibəsi başlandıqdan bir neçə ay sonra Almaniyanın daxili işlər naziri Vilhelm Frik Adolf Hitlerlə məsləhətləşmələrdən sonra Vermaxt qoşunlarının şəxsi heyəti üçün səhra fahişəxanalarının yaradılması ilə bağlı əmr imzalayıb. Bu əmrdən sonra almanlar tərəfindən işğal olunmuş ərazilərdə 500-dən artıq fahişəxana fəaliyyət göstərib. Ancaq faktlar sübut edir ki, Vermaxt qoşunları üçün bu azlıq edib. Belə ki, alman əsgər və zabitləri bu sahədə öz problemlərini özləri sərbəst həll ediblər və işğal olunmuş ərazilərdə “könüllülər”in sayı yetərincə olub.

Təbii ki, könüllü şəkildə işğalçı dövlətin əsgər və zabitləri ilə intim əlaqəyə girmək yerli əhali və hakimiyyət tərəfindən birmənalı şəkildə satqınlıq kimi qiymətləndirilib və mövcud durumda onların cəzalandırılması mümkün olduğu halda ən sərt cəza tədbirləri tətbiq edilib.

Elə SSRİ-nin özündə də işğal olunmuş ərazilərdə alman döyüşçüləri ilə könüllü intim əlaqəyə girənlərin sayı heç də az olmayıb. Bu məsələ Kremldə müzakirə mövzusuna çevrilib. Stalinin göstərişi ilə 18 fevral 1942-ci ildə “NKVD”də əmr imzalanıb. Əmrə əsasən, həmin qadınlar “NKVD” tərəfindən xüsusi qeydə alınıblar. İlk fürsət düşən kimi onlar ya yerindəcə güllələnib, ya da gedər-gəlməz Sibirə sürgün ediliblər. Bu əmrin icrası məxfi saxlanılıb, mətbuatda bununla bağlı heç bir açıqlama verilməyib.

Fransada isə milli ləyaqət məsələsi çox da önəmli sayılmayıb. Qeyd edək ki, Fransanın Almaniyanın işğalı altında olduğu illərdə (1940-1944) bu ölkədə dünyaya gələn on minlərlə uşağın atası alman olub. Bəzi mənbələrdə bu rəqəm 200 mindən artıq göstərilib.

Təkcə Parisdə alman əsgər və zabitlərinə xidmət göstərən 31 fahişəxana fəaliyyət göstərib. 5 mindən artıq fransalı qadın isə fərdi şəkildə “çağırış xidməti” vasitəsilə almanlara xidmət edib. Təxmini statistikaya görə, işğal dövründə 100 mindən artıq fransalı qadın könüllü şəkildə almanlarla intim əlaqəyə giriblər.

Fransa Müqavimət Hərəkatı 1944-cü ildə ölkə işğaldan azad olunduqdan sonra milli ləyaqətlərini “təmizləmək” üçün sərt tədbirlər həyata keçirib.

1944-1946-cı illərdə Fransada 20 mindən artıq qadın işğalçılarla könüllü intim əlaqəyə görə xalq tərəfindən özünüməhkəməyə cəlb olunub. Əllərində silah olan insanlar qapıları sındırıb içəri keçiblər, evdə olan qadınları məcburi çölə çıxararaq mərkəzi meydanlara sürükləyiblər, müqavimət göstərməmələri üçün əl-qollarını bağlayıblar. İnsan kütlələrinin toplaşdığı meydanlarda peşəkar bərbərlər öz işlərini görməyə başlayıblar, qadınların saçlarını keçəl qırxıblar, qəzəbli insanlar arasında həmin qadınların paltarlarını cırıb lüt vəziyyətə salanlar da olub.

Bəzi hallarda qadınların alnına, bədənlərinin intim hissələrinə nasistlərin simvolunu da damğalayıblar.

Sonra həmin qadınları şəhərin küçələrində gəzdiriblər. Bu “tədbir” alqış, gülüş, söyüş, qəzəb və fitlərlə müşayiət olunub.

Nasistlərə olan sevgi, alman zabitləri ilə keçirilən əyləncəli gecələrin sonu məhz belə nəticələnib. Bu tədbirlərdə hökumət nümayəndələri hadisələrə mane olmayıb, bu proseslərdə siyasi motiv güdülməyib.

3 il davam edən bu tədbirlərin sonuncu ilini “Fransanın utanc ili” adlandırıblar. Bu cür tədbirlərlə Fransa Müqavimət Hərəkatı ölkəsinə xəyanət edənlərin son aqibətini nümayiş etdirib.

Özünüməhkəmədən sonra satılan qadınlar rəsmi məhkəmə qarşısına çıxarılıb. Onlar 6 aydan 2 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Cəza müddəti az olsa da, bu qadınlar azadlığa çıxdıqdan sonra ictimai qınaq altında uzun illər işlə təmin oluna bilməyiblər, normal həyat tərzini bərpa etməkdə çətinlik çəkiblər.

Hər bir xalqın və dövlətin əsas göstəricilərindən biri onun milli qüruru və milli ləyaqətidir. Zaman-zaman qürurunu itirən bir dövlətin başqa bir dövlətə qürur dəstəyi verməyinə isə ancaq təəccüblənmək və təəssüflənmək olar.

AzVision.az


Teqlər: Fransa   tarix  





Xəbər lenti