“Taurus” raketi 500 kilometr uçuş məsafəsi qət etməyə qadirdir və ondan səhv istifadə olunarsa, haradasa Moskvada hədəfi vura bilər”, - Alamniya kansleri deyib.
O, növbəti dəfə vurğulayıb ki, “Taurus” raketlərinin istifadəsinə nəzarəti təmin etmək üçün Ukraynaya alman hərbçilərinin göndərilməsi lazım gələcək, lakin Şoltzun fikrincə, bu, istisna olunur.
Amma Şoltzun Ukraynaya hərbi dəstək, xüsusən də “Taurus” raketlərinin verilməsi məsələsində ehtiyatlı davranışı onun qərbli müttəfiqlərində, ən əsası isə rəsmi Parisdə narazılıq hissini gücləndirir.
Amerikanın məşhur “Politico” onlayn-qəzeti isə bu zəmində Almaniya kansleri Olaf Şoltzla Fransa prezidenti Emmanuil Makron arasında ciddi ixtilafın yarandığını iddia edir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Almaniyanın siyasəti bir rəhbər prinsip əsasında aparılırır: nəyin bahasına olursa olsun Rusiya ilə birbaşa qarşıdurmadan qaçmaq.
Müttəfiqləri Makrona yerini göstərdilər |
“Bu gün quru qoşunlarının göndərilməsi ilə bağlı konsensus yoxdur, amma heç nəyi istisna etmək olmaz. Biz Rusiyanın bu müharibədə qalib gəlməsinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Biz əminik ki, Rusiyanın məğlubiyyəti Avropada təhlükəsizlik və sabitlik üçün lazımdır”, - Makron bildirib.
Makronun bu lovğa bəyanatı Parisdəki sammitə yola düşməzdən bir müddət əvvəl əks-arqumentlə çıxış edən kansler Olaf Şoltzun hökumətinin Ukraynaya Almaniya istehsalı olan “Taurus” uzaqmənzilli raketləri göndərəcəyi təqdirdə Rusiyanın riskli reaksiyası barədə xəbərdarlıqla toqquşur.
“Biz heç bir nöqtədə və ya yerdə bu sistemin əldə edə biləcəyi məqsədlərə bağlana bilmərik. Burada aydınlıq da lazımdır. Təəccüblənirəm ki, bəzi insanlar hətta bundan narahat deyillər, onlar bizim gördüyümüz işin hansısa müharibəyə cəlb olunmasına gətirib çıxara biləcəyini düşünmürlər”, - Almaniya kansleri Berlində jurnalistlərə deyib.
Moskvaya qarşı həddən artıq təxribatçılıqdan qaçmaqda Almaniya tək deyil. Makronun bəyanatının səhəri günü bir neçə NATO ölkəsinin liderləri Ukraynaya qoşun göndərmək planlarının olmadığını təkid ediblər.
Almaniyanın Rusiya ilə münaqişə qorxularının isə xüsusi səbəbi var. Bu, əsasən tarixi yaddaşın nəticəsidir. Alman təxəyyülündə rus təhlükəsinin çoxdan geniş yayılması ilə bərabər, İkinci Dünya müharibəsinə görə tarixi günah elementi də mövcuddur. Buna görə də, Şoltz əvvəllər Almaniya istehsalı olan “Leopard” tanklarının Ukraynaya göndərilməsi qərarını qismən ölkədəki güclü pasifist əhval-ruhiyyə səbəbindən təxirə salmışdı.
Bu dəfə isə, o, Qərb ölkələrinin Ukraynanın müdafiəsinə dəstək vermək üçün qoşun göndərəcəyinə dair istənilən təklifi rədd edib.
“Avropa ölkələrindən və ya NATO-dan quru qoşunları olmayacaq”, - Şoltz “X” sosial şəbəkəsində yazıb.
Fransızların isə belə ehtiyatlı davranması üçün səbəb daha azdır və bu baxımdan, Qərbin yerdəki hücumu ehtimalı barədə danışan Makron özünü daha sərbəst hiss edir. Yeri gəlmişkən, münaqişə başlayandan bəri Ukraynaya özünü müdafiə etmək üçün lazım olan silahları göndərən ABŞ da Rusiya ilə müharibəyə sürükləyəcək qədər çox silah verməməklə incə taktika seçib.
Hərənin öz “həqiqəti” var
Məhz bu fonda Şoltzla Makron arasında Ukraynaya hərbi yardımla bağlı mövqe ixtilafı açıq düşmənçiliyə çevrilməyə başlayıb.
Alman rəsmilərinin iddiasına görə, Makron Ukrayna ilə bağlı sərt danışmağa hazır olsa da, Berlinin gördüyü işlərlə müqayisədə kifayət qədər addım atmayıb. Ukraynanın müharibə səylərinə milli töhfələr haqqında məlumat toplayan Almaniyanın Kiel İnstitutu 17,7 milyard avro ayıran və ya vəd edən Almaniya ilə müqayisədə Fransanın cəmi 640 milyon avroluq hərbi yardımla açıq-aşkar geridə qalan ölkə olduğunu vurğulayırlar.
Buna görə də, Şoltz Ukraynaya daha çox silah və sursat göndərmək üçün Aİ ölkələrinə, xüsusən də Fransaya təzyiq göstərmək üçün ələ düşən bütün fürsətlərdən istifadə edir.
Şoltzun mövqeyinə etiraz edən Fransa rəsmiləri isə əslində əhəmiyyətli olan silahları Ukraynaya göndərdiklərini və bunu almanlardan daha az tərəddüdlə həyata keçirdiklərini vurğulayırlar.
Buna sübut kimi isə Şoltzun Ukraynaya “Tauras” raketlərini göndərməkdən boyun qaçırdığını nümunə gətirirlər. Halbuki, Böyük Britaniya ötən ilin may ayında “Storm Shadow” raketlərini Ukraynaya göndərdikdən sonra, Fransa da keçən ilin iyulunda Kiyevə özünün istehsal etdiyi “SCALP” qanadlı raketlərini vermək barədə öhdəlik götürdü. Bu raketlər isə öz gücünə və imkanlarına görə, Almaniyanın “Taurus”ları ilə müqaysiə edilə bilər. Hərçənd, “Taurus”un daha uzaqmənzilli və Rusiya ilə Krımı birləşdirən Kerç körpüsü kimi hədəfləri vurmaq üçün faydalı edən döyüş başlığına malik olduğu deyilir.
Ukrayna “Taurus” kimi raketlərlə Rusiyanın mövqelərinin və cəbhə xəttinin dərinliklərində təchizat xətlərinin vurulmasını istəyir. Lakin alman rəsmiləri “Taurus”un verilməsinin raketlərin proqramlaşdırılması üçün yerdəki alman qoşunlarının birbaşa iştirakını tələb edəcəyini bildirirlər.
Bununla belə, Avropa Şurasının Xarici Əlaqələr üzrə baş elmi işçisi Qustav Qresselin fikrincə, Ukraynaya alman əsgərlərinin göndərilməsinə ehtiyac olmadan da ukraynalılara “Taurus”dan istifadə etmək öyrədilə bilər.
Buna görə də, Paris sammitindən sonra Ukraynaya silah göndərmək məsələsində tərəddüd göstərənlərin olduğunu deyən Makronun məhz Olaf Şoltzu nəzərdə tutduğu iddia edilir.
“Bu gün “heç vaxt, heç vaxt” deyən insanların çoxu iki il əvvəl “heç vaxt, heç vaxt tanklar, heç vaxt, heç vaxt təyyarələr, heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt, heç vaxt” deyən insanlardır”, - Makron deyib.
Rusiyanın müdaxiləsindən bir qədər əvvəl Ukraynaya 5 min dəbilqə göndərməsi ilə bağlı Almaniyanın geniş şəkildə gülüş doğuran təklifinə toxunan Makron:
“Xatırladıram ki, iki il əvvəl bu masada çoxları: “Biz yataq kisələri və dəbilqə təklif edəcəyik deyirdilər”, - əlavə edib.
İstənilən halda, “Taurus” raketləri ilə bağlı Şoltz qətiyyət sərgiləyir. Lakin ABŞ-nin Kiyevə daha çox “ATACMS” ballistik raketləri göndərməsi onun mövqeyini dəyişə bilər. Çünki Berlin Ukraynanı silahlandırmaq məsələsində Vaşinqtondan bir addım geri qalır. Xatırladaq ki, ABŞ-nin “M1 Abrams” tanklarını göndərəcəyi xəbərini alana qədər də Berlin Ukraynaya özünün “Leopard” tanklarını göndərməkdən imtina edirdi.
Maraqlıdır ki, Ukraynaya hansı silahların verilməsi haqda mübahisə edən və hətta az qala bir-birlərini satqınlıqda ittiham edən Qərb ölkələrinin liderləri ukraynalıların həyatının dəyəri barədə heç düşünmürlər də.
Bu məsələdə onların hamısının yanaşması eynidir: “bizim silahlar, ukraynalıların isə həyatı”!
Sahil İsgəndərov
AzVision.az