NATO: "Rusiyadan nüvə təhlükəsi görmürük"

   NATO:    "Rusiyadan nüvə təhlükəsi görmürük"
  01 Mart 2024    Oxunub:989
NATO Rusiyanın nüvə silahından istifadə edəcəyinə dair təhlükə görmür.
AzVision.az xəbər verir ki, bunu alyansın baş katibinin müavini Mirça Coana İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.

O, qeyd edib ki, "Rusiya hakimiyyətinin bəyanatları xeyli dərəcədə təhlükəli görünür. Çünki bütün bunlar etimadı sarsıdır”.

Vaşinqton: “Putin məsuliyyətsiz bəyanatlar verir”
Coana həmçinin vurğulayıb ki, müttəfiqlər razı olsa belə, hələlik hərbi alyansın Ukraynada qoşun yerləşdirmək niyyəti və ya planı yoxdur.

"Bizim niyyətimiz Ukraynaya dəstəyi davam etdirmək və Rusiya ilə münasibətlərin gərginləşməsinin qarşısını almaqdır. İndiyə qədər bunu kifayət qədər qənaətbəxş şəkildə edə bilmişik", - NATO rəsmisi deyib.

Qeyd edək ki, bir neçə gün öncə Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqı (Aİ) ölkələrinin ordu birləşmələrini Ukraynaya göndərməsinin mümkünlüyünü etiraf edib. O, Parisdə Kiyevlə bağlı keçirilən konfransdan sonra deyib ki, toplantıda hətta quru qoşunlarının Ukraynada yerləşdirilməsinə dair imkanlar da müzakirə olunub. Bundan başqa, Fransa lideri Ukraynanın Qərb müttəfiqlərinin Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaratdıqlarını bəyan edib.

Paris konfransında qoşunların Ukraynaya göndərilməsi müzakirə olunsa da, avropalı liderlər bu mövzuda konsensus əldə etməyiblər.

Toplantı iştirakçıları arasında Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron, Hollandiyanın baş naziri Mark Rutte, həmçinin Skandinaviya və Baltikyanı ölkələrin rəhbərləri olub.

Rusiya prezidenti Vladimir Putin isə dünən fransalı həmkarının bəyanatlarına sərt reaksiya göstərib. O, Federal Məclisə müraciətində Makronun "Ukraynaya Qərb qoşunları göndərilə bilər" bəyanatına tarixi yada salmaqla cavab verib: "Qərbdə NATO hərbi kontingentinin Ukraynaya göndərilməsi imkanından danışırlar. Vaxtilə öz kontingentini bizim ərazilərə göndərənlərin taleyini xatırlayırıq. Amma indi mümkün müdaxilələrin nəticələri daha faciəli olacaq”.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Putin  





Xəbər lenti