Çindən Tayvanla bağlı çağırış
“Biz Birləşmiş Ştatların Tayvan regionuna silah satmasının əleyhinəyik. Bu, bizim ardıcıl və aydın mövqeyimizdir. Biz ABŞ tərəfini “Vahid Çin” prinsipinə, Çin-ABŞ bəyannamələrinin müddəalarına riayət etməyə və Tayvana silah satışını dayandırmağa çağırırıq”, - deyə Çin rəsmisi bildirib.
O, Tayvandakı Demokratik Tərəqqi Partiyası səlahiyyətlilərinin ABŞ-a güvənərək və hərbi vasitələrdən istifadə edərək adanın qondarma “müstəqilliyi”nə can atdıqlarını, bu cür addımların Tayvan boğazındakı hərbi münaqişə təhlükəsini artıracağını deyib.
ABŞ Dövlət Departamenti bu yaxınlarda Tayvana 75 milyon ABŞ dolları dəyərində təkmilləşdirilmiş taktiki məlumatötürmə sisteminin satışını təsdiqləyib. Bu, Co Baydenin prezidentliyi dövründə Birləşmiş Ştatların Tayvana 13-cü silah satışıdır.
Tayvan məsələsi Çin-ABŞ münasibətlərinin ən həssas məqamıdır. Rəsmi Pekin Tayvan mövzusunu Çin və Birləşmiş Ştatlar arasındakı münasibətlərdə keçilə bilməyən əsas qırmızı xətt hesab edir. Çin ABŞ-dan “Tayvanın müstəqilliyi”ni dəstəkləməməyi və adanı silahlandırmamağı tələb edir.
Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra Çində vətəndaş müharibəsində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər 1949-cu ildə Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. Çan Kayşinin liderliyindəki Koumintan qüvvələri Tayvan adasına köçərək Çin Respublikasının mövcudluğunun davam etdiyini bəyan edib. Ada ÇXR-in qurulmasından öncəki Çin Respublikasının bayrağını və bəzi atributlarını qoruyub saxlayır. Rəsmi Pekin isə Tayvandakı qondarma Çin Respublikasının mövcudluğunu qəbul etmir və adanı Çinin əyaləti hesab edir. Birləşmiş Ştatlar 1979-cu ildə Pekinin “Vahid Çin” siyasətini tanısa da, Tayvanla iqtisadi, humanitar münasibətlərini davam etdirir, davamlı olaraq adaya silah tədarük edir. (Modern.az)
Teqlər: