Müharibənin iki ili: “Ukrayna möcüzəsi” təsadüfi deyil
24 fevral 2022-ci ildə ukraynalılar nə hiss etdilər? Qorxu, ümidsizlik, öz torpağına məhəbbət, qaranlıq vaxtların qabaqda olduğu... Kimsə dərhal hərbi komissarlığa getdi, kimsə ərazinin müdafiəsinə yazıldı, kimsə könüllülərin qərargahında işə başladı...
Kreml ukraynalıların arasında nifaq salmağa çalışdı, amma bunun əksi oldu. Moskvanın süni hesab etdiyi Ukrayna xalqı öz real dövlətinin müdafiəsinə qalxdı. Yaxın tarixlərində ilk dəfə olaraq ukraynalılar xarici düşmənə qarşı birləşdilər.
Kremlin təbliğatına görə, guya “Ukraynaya tam miqyaslı müdaxilə məcburi addımdır”. Güya Ukrayna “denasifikasiya” və “demilitarizasiya” edilməlidir. Amma rusiyanın əsassız təcavüzünün yeganə səbəbi neoimperiya ambisiyaları və ekspansionizmi, “Rusiya İmperiyası”nı dirçəltmək cəhdləri idi.
Kreml hesab edirdi ki, Ukraynanı zəbt etməyə bir neçə gün lazım olacaq və Ukrayna xalqı rus işğalçılarını duz-çörəklə qarşılayacaq. Amma bu baş vermədi. Əvəzində Ukrayna xalqının azadlıq, ədalət və özünəhörmət prinsiplərinə sadiqliyi sayəsində Ukrayna sınmadı və iki ildir ki, rus işğalına uğurla müqavimət göstərir.
Təcavüzkar müharibə milyonlarla ukraynalının həyatını məhv edib, onların doğma evlərini yerlə-yeksan edib, didərgin salıb. Rusiyanın müvəqqəti işğal olunmuş Ukrayna ərazilərindəki hərəkətləri, onların ilhaqı ilə bağlı qondarma referendumların keçirilməsi, Ukraynanın mədəniyyəti və dilinin məhv edilməsi, on minlərlə insanın məcburi pasportlaşdırılması Ukrayna xalqının soyqırımından başqa bir şey deyil.
Bunlar rus işğalçısının törətdiyi vəhşiliklərin tam siyahısı deyil. Məhz buna görə də beynəlxalq ictimaiyyətin səylərinin Ukrayna Prezidenti Volodimir Zelenskinin Sülh Formulu ətrafında cəmləşdirilməsi kritik əhəmiyyət kəsb edir. Onun həyata keçirilməsi Ukraynada ədalətli və davamlı sülhü təmin edəcək və gələcəkdə oxşar təcavüz hadisələrinin təkrarlanmasının qarşısını alacaq. Sülhün daimi ilkin şərtləri rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpası olmalıdır.
Müharibənin iki ili ərzində Kreml əsas məqsədinə - Ukraynanın tabe etdirilməsinə nail ola bilmədi. Əvəzində Rusiya dünyadan təcrid olundu. Onun beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti və beynəlxalq tədbirlərdə iştirakı əhəmiyyətli dərəcədə məhdudlaşdırıldı və ya dayandırıldı. Məsələn, Rusiya hakimi ilk dəfə BMT-nin Beynəlxalq Məhkəməsinə seçilmədi, Rusiya ilk dəfə YUNESKO-nun İcraiyyə Şurasına, Kimyəvi Silahların Qadağan olunması Təşkilatının İcraiyyə Şurasına, Beynəlxalq Dəniz Təşkilatının Şurasına seçilmədi. Bunlar rus diplomatiyasının ilk məğlubiyyətləri idi.
Ukrayna rus işğalçılarına müqavimət göstərməkdə qeyri-adi möhkəmlik nümayiş etdirdi. “Ukrayna möcüzəsi” bir sıra amillərin sayəsində mümkün olub: Ölkənin güclü Silahlı Qüvvələri, dövlət rəhbərliyinin cəsarəti, tərəfdaşların hərbi və humanitar yardımları, habelə rus işğalçılarına müqavimətdə fövqəladə birlik və həmrəylik nümayiş etdirən Ukrayna xalqı.
Rusiyanın Ukrayna xalqına qarşı cinayətlərinin, iqtisadiyyatın dağıdılmasının və bütün dünyanı aclıqla şantaj edilməsinin qarşısını almaq üçün Ukraynaya ardıcıl dəstək davam etməlidir. Beynəlxalq ictimaiyyət yadda saxlamalıdır: bu gün Ukrayna təkcə öz dövlətçiliyini müdafiə etmir. Bu gün Ukrayna azad dünyada azadlıq və demokratiya dəyərlərini müdafiə edir.