Almaniyada marixuana qanuniləşdirilir

      Almaniyada marixuana qanuniləşdirilir
  23 Fevral 2024    Oxunub:1193
Hökumətdə aparılan qızğın müzakirələr nəticəsində marixuananın şəxsi istifadə üçün qismən leqallaşdırması nəzərdə tutulur. Həkimlər və müxalifət nümayəndələri gözlənilən qərarla razılaşmasalar da, rəsmi şəxslər bu addımla "bazarı narkotik alverçilərindən geri götürmək" istəyirlər.
AzVision.az xəbər verir ki, məsələ ilə bağlı qanun bu gün "Bundestaq"da (Almaniya parlamenti) səsə qoyulacaq.

Əgər təsdiqlənərsə, marixuana qadağan maddələrin rəsmi siyahısından çıxarılacaq, beləliklə, Almaniya onu şəxsi istifadə üçün leqallaşdıran 3-cü Avropa İttifaqı üzvü kimi tarixə düşəcək.

Xatırladaq ki, digər iki ölkə: Malta 14 dekabr 2021-ci ildə, Lüksemburq isə 21 iyul 2023-cü ildə marixuananı qanuniləşdirib.

(Paytaxt Berlində, Brandenburq qapısı qarşısında marixuananın qanuniləşdirilməsini istəyən nümayişçilər)

Qanuniləşdirmə çərçivəsində 18 yaşdan kiçiklər üçün istehlak qadağası qüvvədə qalacaq. Yetkinlərin isə aprelin 1-dən etibarən üç marixuana kolu becərməsinə və bu narkotik maddədən birdəfəyə 25-30 qram almasına icazə veriləcəyi nəzərdə tutulur. Bitkini yetişdirib yayan klublar da üç ay ərzində lisenziya ilə leqallaşdırılacaq.

(Almaniyanın səhiyyə naziri Karl Lauterbax)

Səhiyyə naziri Karl Lauterbaxın sözlərinə görə, qanun "gizli bazar"la mübarizəyə və narkotik maddənin yayılmasının nəzarətdə saxlanılmasına töhfə verəcək.

"Qanunun əsas məqsədi uşaqlar və gənclərin müdafiəsidir. Çünki son on ildə uşaqlar və gənclər arasında narkotik asılılığı xeyli yüksəlib", - o deyib.

Hərçənd nazirin nikbin açıqlamasına baxmayaraq, həkimlər qanuna öz etirazlarını bildirirlər. Onlar narkotikin əlçatan hala gətirilməsinin asılılıq dərəcəsini daha da artıracağından və gənclərin sağlamlığını riskə atacağından narahatdırlar.

Qanunla razılaşmayanlar təkcə həkimlər deyil. Bavariya əyalətinin mühafizəkar Xristian Sosial İttifaqı və Almaniya Sosial Demokrat Partiyası hökuməti qanunla bağlı yenidən düşünməyə çağırıb. Partiya nümayəndələri diqqətə çatdırıblar ki, məktəblər və uşaq bağçaları ətrafında narkotik istifadəsi azyaşlılar üçün təhlükədir. Səhiyyə naziri Lauterbax bu xəbərdarlığa cavabən:

"Qanun təhsil müəssisələrindən 100 metr məsafədə marixuana istifadəsinə qadağa qoyacaq", - söyləyib.

(Xristian Demokrat İttifaqının "Bundestaq"da nümayəndəsi, partiyanın səhiyyə məsələləri üzrə sözçüsü Tino Sorc)

Müxalifətdəki Xristian Demokrat İttifaqının səhiyyə məsələləri üzrə sözçüsü Tino Sorc "qanuniləşdirmənin vaxtsız baş verdiyini" dilə gətirib.

"Hökumət insanlara açıq-aşkar təhsildən, karyeradan uzaqlaşıb nəşə çəkmək təklifini irəli sürür. Özünü dövlətin narkotik alverçisi kimi apararaq, cəmiyyətimizə tamamilə yanlış siqnal ötürür, gənclərimizin sağlamlığı ilə oynayır" , - müxalifət üzvü deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   narkotik   marixuana   leqallaşdırma  





Xəbər lenti