"Aqroparklarda 5000 nəfərin daimi işləməsi nəzərdə tutulub" - İZİA

   "Aqroparklarda 5000 nəfərin daimi işləməsi nəzərdə tutulub" -    İZİA
  16 Fevral 2024    Oxunub:1077
Hazırda 22 rayon üzrə 66 min ha ərazidə 24 aqroparkın yaradılması istiqamətində işlər görülür. Bugünədək 58.6 min ha ərazidə 22 aqropark fəaliyyətə başlayıb, 2 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır.
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov mətbuat konfransında deyib. Onun sözlərinə görə, aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb.

"Aqroparkların ümumi layihə dəyəri 1,2 milyard manat təşkil edir. Bununla yanaşı, aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 147 milyon manat dövlət dəstəyi göstərilib. Belə ki, indiyədək 14 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 131 milyon manat güzəştli kredit ayrılıb, həmçinin investisiya təşviqi sənədi verilmiş 18 aqropark tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16.1 milyon manat dəyərində güzəşt əldə edilib".

Agentlik sədri qeyd edib ki, qeydiyyata alınan aqroparklarda ümumilikdə 5000 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub. "Hazırda aqroparklarda 2660-dan çox şəxs daimi, 4300 nəfər isə mövsümi işlərə cəlb edilib. Gələcəkdə əlavə 2300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur".
S.Adıgözəlov bildirib ki, 2023-cü ildə aqroparklar tərəfindən 96 milyon manatlıq məhsul satışı həyata keçirilib.

"Yevlax Pilot Aqroparka ümumilikdə 100 milyon manatdan çox özəl investisiyanın qoyulması, 500 daimi və 1000-dən artıq işçinin isə mövsümü işlərə cəlb edilməsi nəzərdə tutulur. Aqroparkda indiyədək ümumi ərazisi 1882 ha təşkil edən 33 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Rezidentlər tərəfindən Aqroparka ümumilikdə, 51 milyon manatdan artıq investisiyanın qoyulması, 305 daimi iş yerinin yaradılması nəzərdə tutulur. Ötən il 8 rezident tərəfindən 868 hektar sahədə əkin işləri aparılıb. Əkin sahələrinin 687 hektarı birillik əkinlər, 159 hektarı intensiv meyvə bağları, 12 hektarı tərəvəzçilik təsərrüfatı və 10 hektarı isə tingçilik təsərrüfatıdır. Aqropark tam gücü ilə fəaliyyətə başladıqdan sonra istehsal olunacaq meyvəçilik məhsullarının böyük hissəsinin ixrac edilməsi nəzərdə tutulur.

Sabirabad Pilot Aqroparkda indiyədək 8 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən Aqroparka 60 milyon manatdan çox özəl investisiyanın qoyulması, 260 daimi, 1000-dən artıq mövsümü iş yerinin yaradılması planlaşdırılır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti