ADA Məktəbinin şagirdi beynəlxalq olimpiadada qızıl medal qazanıb

ADA Məktəbinin şagirdi beynəlxalq olimpiadada qızıl medal qazanıb
  03 Fevral 2024    Oxunub:1061
ADA Məktəbinin şagirdi Həbib Əmiraslanov Vyetnamda keçirilən 2023-2024-cü il Fermat Riyaziyyat Olimpiadasının qalibi olub.
AzVision.az xəbər verir ki, 10 və 11-ci sinif şagirdləri arasında keçirilən beynəlxalq olimpiada iki turdan ibarət olub.

Birinci ölkə turunda 88 bal toplayan və qızıl medala layiq görülən Həbib Vyetnamda final mərhələsində daha bir qızıl medal qazanıb. Əsasən Mərkəzi Asiya ölkələri olmaqla 11 ölkədən 100-dən çox şagirdin iştirak etdiyi müsabiqədə iştirakçılara riyazi bacarıqlarını yoxlamaq üçün 20 yazılı sual təqdim olunub.

Ölkəmizə qızıl medal gətirən Həbib bildirib:

"Qazandığım uğura görə ADA Məktəbinin riyaziyyat müəllimlərinə minnətdaram. Mənə göstərdikləri dəstək və verdikləri təhsil yalnız riyazi bacarıqlarımı artırmayıb, həm də daim yeni biliklər öyrənməyə həvəsləndirib".

Bakalavr təhsili üçün xarici universitetlərlə yanaşı ADA Universitetinə də müraciət edəcəyini söyləyən Həbib əlavə edib ki, ADA Məktəbi şagirdlərin öz bilik və bacarıqlarını sınaması, daha da möhkəmləndirməsi üçün onları daim həvəsləndirir, beynəlxalq müsabiqələrdə iştiraka təşviq edir.

Qeyd edək ki, Həbib həm də məktəbdə fəaliyyət göstərən ADAMUN Klubunun və İntellektual Oyunlar Klubunun üzvü kimi fəallığı ilə seçilir.

AzVision.az


Teqlər: şagird   olimpiada   qalib  





Xəbər lenti