Xizəkləri hazırlayın: Azərbaycanda qış turizm mövsümü başladı - FOTOLAR

      Xizəkləri hazırlayın:    Azərbaycanda    qış turizm mövsümü    başladı  -  FOTOLAR
  16 Dekabr 2023    Oxunub:2854
Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri nümayəndələri üçün “Şahdağ” Turizm Mərkəzinə iki günlük mediatur təşkil edilib.
Mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, turizm məhsullarının tanıdılması, bu sahəyə marağın artırılması, eləcə də “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlıq imkanları, həyata keçirilən işlər və yeniliklər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.


Tədbir çərçivəsində media nümayəndələrinə “Şahdağ” Turizm Mərkəzinin 2023-cü il üzrə fəaliyyətinə dair videotəqdimat nümayiş olunub, kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında ətraflı məlumat verilib.
COP29 turist axınına necə təsir edib? - Açıqlama

Tədbirdə çıxış edən “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov bu qış mövsümündən xizək həvəskarları üçün uzunluğu 1800 metr olan və müxtəlif beynəlxalq xizək yarışlarının keçirilməsi üçün nəzərdə tutulan xüsusi yeni yamacın istifadə verildiyini, eyni zamanda kompleksdə fəaliyyət göstərən xizək yamaclarının daim qarla təmin olunması üçün qar generatorlarının sayının 449-dan 488-ə çatdırıldığını bildirib.


O, həmçinin bu il “Şahdağ” Turizm Mərkəzinin qlobal turizm bazarlarına çıxış imkanlarının genişləndirilməsi və turist cəlbediciliyinin artırırılması məqsədilə Rusiya, Qazaxıstan və Özbəkistanın dağ kurortlarını özündə birləşdirən Avrasiya Dağ Kurortları Alyansına üzv seçildiyini və gələcəkdə bu əməkdaşlığın Azərbaycanın qış turizminin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib.


2024-cü ilin mart ayında Şahdağda ilk dəfə olaraq xizək alpinizmi üzrə Beynəlxalq Xizək Alpinizm Federasiyasının (“ISMF”) beynəlxalq seriya yarışı keçiriləcək.

“Şahdağ” Turizm Mərkəzinin əsas hədəfi yerli və əcnəbi ziyarətçilərin sayında müsbət dinamikaya nail olmaq, müştəri məmnunluğunu artırmaq, ölkədaxili və ölkəxarici tanıtım fəaliyyətlərini intensivləşdirmək, təkcə qışda deyil, il boyu fəaliyyət göstərən turizm mərkəzi kimi geniş tanınmaqdır.


Mediaturda KİV nümayəndələrinin sualları cavablandırılıb. Onlar hotellər, turizm mərkəzində qonaqlara təklif olunan müxtəlif əyləncələr ilə tanış olub, xizək vasitələri, kanat yolları, müxtəlif attraksionlar və qış əyləncələrindən istifadə ediblər.


Mediaturda həmçinin qış mövsümünün açılışı ilə əlaqədar olaraq Rusiya, Belarus, Özbəkistan, Qazaxıstan və Serbiyadan, eləcə də bir sıra Yaxın Şərq ölkələrindən dəvət olunan 90-a yaxın turizm nümayəndəsi və bloger, həmçinin xarici tərəfdaş kurortların 12 üzvü iştirak edib.


Qeyd edək ki, 2023-cü ilin yanvar ayından dekabr ayının 15-nə kimi “Şahdağ” Turizm Mərkəzindəki hotellərdə gecələyənlərin sayı 67.821 nəfər, mərkəzə səfər edən qonaqların ümumi sayı isə 158.506 nəfər təşkil edib.










S.Hasanova
AzVision.az


Teqlər: Turizm   Şahdağ  





Xəbər lenti