BMT-nin Uşaq Fondu UNICEF rəsmilərinın Naxçıvana səfəri başlayıb

BMT-nin Uşaq Fondu UNICEF rəsmilərinın Naxçıvana səfəri başlayıb
  14 Noyabr 2023    Oxunub:1118
BMT-nin Uşaq Fondu UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilovanın başçılıq etdiyi heyətin Naxçıvana səfəri Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov və həkim heyəti ilə olan görüşlə başlayıb.
Görüşdə Samiq Sadıxov muxtar respublikada səhiyyə sahəsində reallaşdırılan islahatlardan və xidmətin ən yüksək şəkildə təmin olunması üçün nəzərdə tutulan layihələrdən bəhs edib. Bildirilib ki, səhiyyə sistemində ən önəmli məsələ ilkin səhiyyədir. Vətəndaşların yüksək tibbi xidmətlərdən yararlana bilməsi məqsədilə muxtar respublikada 37 Ailə Sağlamlıq Mərkəzi, həmçinin

tərkibində peyvənd mərkəzi olan İctimai Səhiyyə Xidməti yaradılıb. Yaxın zamanda istifadəyə veriləcək Smart Peyvənd sistemi uşaqların peyvənd olunması prosesini asanlaşdırmaqla yanaşı, peyvənddən kənarlaşma hallarının da qarşısını alacaq. Görüşdə muxtar respublikada səhiyyə sisteminin gələcək perspektivlərindən bəhs olunub.
BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova bildirib ki, qısa zaman kəsiyində muxtar respublikada yerinə yetirilən islahatlar və layihələrlə tanış olmaqdan məmnun olduq. Ən sevindirici məqam səhiyyədə yeni təşəbbüslərə açıq olmanızdır. Dar zaman çərçivəsində bu dərəcədə əhəmiyyətli işlərin reallaşması, yeni başlanğıclar ümidvericidir. Biz əminik ki, işlər bu istiqamətdə davam edərsə,

Naxçıvan səhiyyəsi örnək təşkil edəcək və bu nümunədən ölkəmizin bütün bölgələrində yararlanmaq mümkün olacaqdır. Səfərimizin məqsədi BMT-nin Uşaq fondunun “Səhiyyə və qidalanma” proqramı ilə əməkdaşlıq istiqamətlərini müzakirə edərək hansı sahələrdə təcrübələrimizi bölüşə biləcəyimizi, bir-birimizə necə dəstək ola biləcəyimizi müəyyənləşdirməkdir. Xüsusilə UNİCEF-in mandatına uyğun olaraq ana və uşaq sağlamlığı məsələləri prioritet təşkil edir. Bu baxımdan ilkin səhiyyə xidmətlərində tibbi kadrların bilik və bacarıqlarının artırılması əsasdır. Hamilə qadınlara və doğuşa yardım xidməti göstərən müəssisələrdə UNİCEF-in tövsiyyələrinə uyğun olaraq, yeni təşəbbüslərin tətbiqi mümkündür. Məhz bu baxımdan da əməkdaşlığımız mühüm əhəmiyyət kəsb edir.

Nümayəndə heyəti görüşdən sonra Naxçıvan Perinatal Mərkəzi, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Ordubad Ailə Sağlamlıq Mərkəzində olublar. Həmçinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsində də görüş keçiriblər.

Qeyd edək ki, noyabrın 15-dən UNİCEF-in təlimçilərinin 3 günlük təlimləri başlayacaq. İlkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, erkən uşaqlıq dövrün inkişafı yol xəritəsi, “superviziya” sosial işçilərin rolu, hamilə qadının patronajının superviziyası- Edinburq şkalası ilə depressiyanın müəyyən edilməsi, yeni doğulmuş uşağın patronajı, uşağın inkişafının monitorinqi və s. mövzularda ətraflı təlimlər keçiləcək. Mütəxəssislər Naxçıvanda yeni UPHV (Universal Progressive Home-Visiting) modelinin tətbiqi üçün bir kurator və iki supportive superviser seçəcək və əlaqələndirici işçi qrup yaradılacaq.
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti