70 yaşlı telefonçu qız – FOTOLAR

70 yaşlı telefonçu qız –  FOTOLAR
  12 Aprel 2013    Oxunub:23033
“...Sən istəsən mən həqiqət olaram...Əgər istəsən Mehri... Mənim imkanım olsaydı hamıya, hamıya deyərdim ki, sizin hər birinizin daxilində bir Mehriban mürgüləyir. Onu oyadın, o sizə qanad verər, o, sizi xoşbəxt edər...”
Azərbaycan filmlərinin qeyri-azərbaycanlı qəhrəmanları...

Həsən Seyidbəylinin rejissor kimi kinoda ilk işi olan “Telefonçu qız”a çəkiləndə onun cəmi 19 yaşı var idi. Ukraynanın xalq artisti Raisa Nedaşkovskaya Stepanovna ... Raisa 17 fevral 1943-cü ildə Jitomorsk vilayətində, çoxuşaqlı hərbiçi ailəsində doğulub.

Məktəb illərində rəqslə maraqlanan Raisa xareoqrafiya dərnəyində çıxış edib. 17 yaşında ona məşhurluq gətirən Mavka obrazına (“Meşə nəğməsi”)seçilməsində də rəqs həlledici rol oynayıb. Filmin rejissoru Viktor İvçenko məhz dərnək konsertlərinin birində Raisanın plastikasına və incəliyinə heyran qalıb. Aktrisa isə bütün Sovet aktrisalarının can atdığı bu obrazdan elə sınaq çəkilişindəcə imtina etmək istəyib. “Mən bu rola uyğun deyiləm. Mən başqa plan aktrisayam. Dramatik rollar...” deyən Raisanın sözlərinə görə bütün həyatı boyu bu sözlərini doğrultmağa çalışıb. Belə ki, dramatik, faciəvi rollar yaratmaq üçün bunu həyatda da reallaşdırmaq lazım gəlib..
“Meşə nəğməsi” filmindəki uğurundan sonra Nedaşkovskaya Kiyev Teatr İnstitutunun kino fakültəsinə daxil olub. 1965-ci ildə məzun olan gənc aktrisa Kiyev Gənclər Teatrına dəvət olunub, bu teatrın səhnəsində “Sirano de Berjerak”, “İki dovşan arxasında” və bir neçə monotamaşada rol alıb.

Daha sonra Raisa rejissor həmkarı Lyudmila Aveskulova ilə çox qeyri-adi və fərqli bir layihəyə imza atıb. Dini teatr yaradan Nedaşkovskaya teatral vasitələrlə daxili yenilənmə, daxili təmizlənmə və azad sənət ideyasını reallaşdırmağa çalışıb və daha sonra “Ulduzlu səma” teatrının bədii rəhbəri olub.

“Şahzadənin nişanlısı”, “Komissar”, “Alo, Varşava”, “Vavilon XX”, “Göyqurşağının formulası” Nedaşkovskayanın yaratdığı ekran əsərlərinin sadəcə bir hissəsidir.

İlk sevgisi üçün kinoya gələn Raisa

İşıqlı siması və maraqlı cizgiləri ona istənilən millətdən olan qəhərmanları – tacik, ispan, yəhudi, türk və azərbaycanlı – yaratmaq imkanı verib. 1979-cu ildə Nedaşkovskaya Asiya və Afrika ölkələrinin kinofestivalında məhz “Xoşbəxtlik yaxındadır” filmində yaratdığı tacik qızı Rano obrazına görə qran-priyə layiq görülüb, Rusiyanın nüfuzlu kino mükafatı “Nika”nı isə “Komissar” filmindəki yəhudi qadın “Mariya Maqazannik obrazına görə qazanıb.

1962- ci ildə o zamanlar kifayət qədər populyar, 35 yaşlı, yaraşıqlı Nodar Şaşıqoğlu ilə tərəf müqabili olduğu “Telefonçu qız” filminin həyatının ən gözəl və unudulmaz hədiyyəsi adlandıran aktrisa, sənət həyatında qazandığı uğurları şəxsi həyatına gətirə bilməyib.

“Bir dəfə aktrisa Marina Strijenova mənə dedi ki, kaş sənin üzün məndə olaydı,Raya, mən dünyanın altını-üstünə çevirərdim. Mənsə ona cavab verdim ki, Marina, kaş sənin ağlında mən də olaydı, bax onda bilərdim neyləyərdim” deyir aktrisa...

İlk sevgisinin diqqətini cəlb etmək üçün kinoya gələn Raisanın ilk sevgi təcrübəsi uğursuz olub... Nedaşkovskaya iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı Valeri ilə Mixail Rommanın kursunda tanış olub. Ailə həyatları isə Valerinin içki aludəçiliyi ucbatından dağılıb. İkinci ailə həyatı cəmi 7 il davam edən aktrisanın həyat yoldaşı psixi problemlərindən əziyyət çəkib.

“Bir dəfə sovet aktyorlarının da iştirak etdiyi “Sozvezdiye” kinofestivalında mənə yaxınlaşan həmkarım Oleq Yankovskiy “Raya, mən axı səni dəlicəsinə sevirdim” deyə qışqırdı. Cavabı yadımda olmasa da mən ondan “Bəs niyə bu vaxta qədər susurdun” deyə soruşdum və düşündüm ki, bir zamanlar biz o qədər kompleksli və çəkingən idik ki, hisslərimizi etiraf etməkdənsə ölməyi üstün tutardıq” deyə xatırlayır aktrisa...

Tanınmış yazıçı, Qazaxıstanın Fransadakı səfiri Oljas Süleymanovla Qazaxıstandakı film çəkilişləri zamanı tanış olan aktrisanın sözlərinə görə ilk dəfə bir kişi onu bu qədər təəccübləndirməyi bacarıb. Bir dəfə dəbdəbəli ziyafətdən sonra aktrisanı dağlara, günəşin doğuşunu seyr etməyə aparan Süleymanov, Raisanın həyəcanlandığını görüb, maşından dəli kimi çıxıb, dağların ətəyindən ona bir dəstə gül dərib. Bir qədər sonra şəhər idarəsinin həyətindəki gözəl qızılgül kollarına hücum çəkən yazıçı və aktrisa son anda polisdən qaçmağı bacarıblar. Bu yaxınlarda aktrisa ilə görüşən Oljas Süleymanov ona “Gəncliklə görüş” kitabını hədiyyə edib.

Hazırda aktrisa Vladimirskidəki mənzilində tək yaşayır. Nedaşkovskaya gənclərə aktyor sənətinin sirrlərini öyrədir, televiziyada diktorlar üçün kurs keçir. Özünü qətiyyən tənha hiss etməyən aktrisanın evi də qonaq sarıdan əziyyət çəkmir. Raisa Stepanovna yalnız oğlu Paşa və nəvələri üçün darıxır. Paşa və həyat yoldaşı ineryer dizaynerlədiridir və tez-tez səyahət etməli olurlar.

Raisa Nedaşkovskaya əmindir ki, xoşbəxtlik ilahi sevgidə, uşaqların təbəssümündə, dostluqda, birlik və ən əsası bizim içimizdədir. Həyatda çətin anlar olur, önəmli olan yaxınlarının istiliyini duymaq, sevgisini hiss etmək və bir-birimizə dəstək olmaqdır.

Leyla

Qalereya




Teqlər:  





Xəbər lenti