Gələcəyin tibbi: Ağıllı qurğular və uzaqdan müalicə

// Xəstələrin yalnız 10%-i xəstəxanaya gəlməli olacaqlar

      Gələcəyin tibbi:    Ağıllı qurğular və uzaqdan müalicə
  07 Dekabr 2021    Oxunub:3708
Dünya səhiyyəsi inqilab ərəfəsindədir. İnsanlar artıq ən ağır xəstəlikləri müalicə etməyi öyrəniblər, lakin gələcəkdə texnologiyalar daha da irəli gedərək, ölümcül xəstəliklərin qarşısını almağa və həkim səhvlərindən qaçmağa imkan verəcək. Gələcəyin insanı texniki vasitələrin köməyilə sağlamlığına nəzarət edə, onlayn həkimlərlə məsləhətləşə biləcək, ciddi xəstəliklərlə yola getməyi və özünü onların nəticələrindən qorumağı bacaracaq.
Son yüz ildə dünya əhalisi dörd dəfədən çox artaraq, 1,7 milyarddan 7,8 milyarda çatıb. Eyni zamanda, tibbin inkişafı sayəsində insanların ömrü də artıb. Əgər 20-ci əsrin əvvəllərində insan orta hesabla 40 yaşa qədər yaşayırdısa, bu gün bu rəqəm iki dəfə artaraq, 70-80 yaş olub. Getdikcə 110-120 yaşlı uzunömürlülərə daha çox rast gəlinir və çox keçmədən artıq bu heç kəsi heyrətləndirməyəcək. Alimlərin fikrincə, insan 150 ilə qədər yaşaya, lakin bu, problemə çevrilə bilər: planetin əhalisi çoxalmaqda, ömrün uzunluğu da artmaqda davam edərsə, xəstəxanalar getdikcə daha çox yer çatışmazlığı ilə üzləşəcək, tibb işçiləri isə həddindən artıq yüklənəcəklər.

Süni intellekt və ağıllı qurğular

Gələcəkdə həkimlərin həll etdiyi vəzifələrin bir hissəsini qurğular və texniki vasitələr (qadjetlər), qalanlarını isə süni intellekt (AI) və müasir informasiya emalı sistemləri öz üzərinə götürə bilər. Hazırda tibbdə iki trend formalaşır: proqnozlaşdırıcı və inteqrativ. Birinci halda, insan genomu deşifrə edilir ki, bu da yalnız onun xəstəliklərə meylini öyrənməyə deyil, həm də düzgün müalicəni seçməsinə imkan verir. İkincidə insan orqanizmi bütövlükdə qəbul edilir və həkimlər müəyyən bir orqanı və ya sistemi müalicə etmir, xəstəliyi ümumi şəkildə nəzərdən keçirirlər.


Gələcəyin təbabəti təkcə xəstəlikləri müalicə etməyi deyil, həm də onların qarşısını ən erkən mərhələdə almağı öyrənəcək. Buna distant tibbi xidmətlər (teletibb) və sağlamlığın distant monitorinqi kömək edəcək. Əgər pandemiyadan əvvəl həkimlə uzaqdan ünsiyyət səmərəsiz görünürdüsə, son iki il ərzində teletibb öz üstünlüklərini açıq şəkildə göstərdi. İndi yüngül xəstəlikləri olan xəstələrin klinikaya getməsinə və digər xəstələrlə üz-üzə gəlməsinə ehtiyac yoxdur. Həkimlər bütün güclərini ağır halların müalicəsinə sərf edə bilirlər. Vaxt və resurslardan səmərəli istifadə gələcəyin təbabətinin əsas vəzifəsidir.

Xarici ekspertlərə görə, təxminən 25 ildən sonra tibb əsasında insanın sağlamlıq durumunun müxtəlif göstəricilərinə nəzarət edən süni intellektin dayanacağı piramidaya çevriləcək. Həkimlər və süni intellekt tandem şəklində işləyə biləcəklər. Süni intellekt xəstədə normadan ciddi yayınma aşkar edərsə, işə əsl həkim qoşulacaq. Xəstəliklər insanda hələ aşkar simptomların olmadığı mərhələdə aşkar edilə bilər. Bu məsələdə həkimlərə yeni avadanlıq kömək edəcək. O, sağlam insanda müəyyən xəstəliklərin inkişaf riskini təyin edəcək. Texnika ilk simptomları tanıyacaq və bu barədə həkimlərə məlumat verəcək.

Teletibb səhiyyədə nizam-intizam yaratmaq üçün nəzərdə tutulub. Yeni texnologiyalar bir-birindən fərqli tibbi məlumatları bir yerə toplamağa imkan verəcək. Həkimlər gələcəkdə sağlamlığın monitorinqinin uzaqdan aparılacağına şübhə etmirlər. 91 tədqiqatın təhlili göstərib ki, uzaqdan diaqnoz və özünüdiaqnostika gizli xəstəlikləri aşkar edə bilər. Üstəlik, hospitalizasiya sayını və xəstəxanada qalma müddətini də azaldar. Ağıllı cihazlar artıq sağlamlığı izləməyə və insanların həyatını xilas etməyə kömək edir.

Mənim qəlbim deyir ki...

Ürək problemləri son 20 ildə ölümlərin əsas səbəbi olaraq qalır. Dünya Səhiyyə Təşkilatının statistikasına görə, ürək xəstəlikləri ölüm hallarının 16 faizini təşkil edir. Çox zaman ürək və qan damarlarının xəstəlikləri birdən ortaya çıxır və insanı dərhal öldürə bilər.


Müasir ağıllı saatlar, fitnes-trekerlər və sinə sensorları gözlənilməz ürək xəstəliklərinin qarşısını almağa kömək edir. Onlar ürək döyüntüsünü daim və ya bir neçə dəqiqə ərzində ölçüb, məlumatı smartfona göndərə bilirlər. Bu cihazlar ürək əzələsinin ümumi vəziyyətinin necə olduğunu başa düşməyə imkan verir, buna görə də həkimlər onlara olan marağı təqdir edirlər.

Bu cür cihazlar hər kəs üçün əlçatandır, lakin peşəkar avadanlıqlarla müqayisədə qüsurları var. Onların ölçmələrində hələ də çoxlu səhvlər qeydə alınır və bilərziklər məşqlərin intensivliyini real vaxt rejimində yanlış göstərə bilərlər. Məsələn, qadcet yüksək kardioyükləmələri infarktla səhv sala bilər. Bununla belə, bu üsul ürəyə nəzarətə əsasən zəmanət verir.

Gələcəkdə ürəyin işinə nəzarət edən cihazlara etibar edə biləcəyik. Onların keyfiyyəti getdikcə yaxşılaşır, dəqiqliyi isə artır. Yeni cihazlarda elektrokardioqrafiya (EKQ) üsulu kimi qabaqcıl monitorinq funksiyaları özünü göstərir. Artıq sağlamlığın qorunmasına görə cavabdehlik daşıyan milli səhiyyə təşkilatları bəzi taxıla bilən cihazları tanıyır. Məsələn, ABŞ Ərzağın və Dərmanların keyfiyyətinə sanitar nəzarət İdarəsi (FDA) Apple Watch saatını və Kardio Mobile portativ ürək monitorunu ürək döyüntüsünü monitorinq edən cihazlar kimi təsdiqləyib.

Bununla belə, ürəyin işinə nəzarət edən geyilə bilən cihazları peşəkar avadanlıqlarla müqayisə etmək olmaz. Smart-saatlar uzaqdan fasiləsiz diaqnoz qoya bilmir. Məsafədən müşahidə aparatlarının istehsalı gələcək təbabətin mühüm sahələrindən biridir. Proqnozlara görə, yaxın gələcəkdə 35 yaşdan yuxarı bütün insanlar onlardan istifadə edəcəklər.

Sağlamlıq haqqında məlumatlarının toplanması vacibdir, bəs gəzdirilən cihazlardan gələn böyük həcmli məlumatlar necə idarə olunacaq? Elə buradaca süni intellekt köməyə gəlir. O, on minlərlə xəstənin ürəyinin vəziyyətini öyrənməyə və ölçmələrin nəticələrini müqayisə etməyə kömək edəcək. Ürək çatışmazlığına və ya ateroskleroza səbəb olan gizli faktorları aydınlaşdırmaqla xəstəliyin qarşısını erkən mərhələdə almaq və bir insanın həyatını xilas etmək olar. Süni intellekt kardiologiyada sıçrayış yarada bilər, bunun nəticəsində xəstəliklər daha erkən aşkarlanacaq.

Sakitlik, yalnız sakitlik

Bəziləri stressi “21-ci əsrin vəbası” hesab edirlər. O, xoralara, hipertoniyaya, koronar ürək xəstəliyinə, infarkta, depressiyaya və bir çox başqa xəstəliklərə səbəb olur. Mütəxəssislər ciddi xəstəliklərin qarşısını almaq üçün yorğunluq və stress səviyyəsini müəyyən edən smart cihaz hazırlayıblar. Alqoritm ürək döyüntüsündəki dəyişikliyi təhlil edəcək, cihaz sahibinin sağlamlıq durumu haqqında məlumat, eyni zamanda faydalı məsləhətlər verəcək.


Teletibb və daimi skrininq ürək xəstəliklərinin müalicəsində inqilab edəcək. Məşhur amerikalı kardioloq Milton Paker 2018-ci ildə ürək xəstəliyi olan xəstələrin sayının artması səbəbindən xəstələrin əksəriyyətini kardioloqların deyil, terapevtlərin müalicə edəcəyini proqnozlaşdırmışdı.
- Bunu ən yaxşı şəkildə xroniki ürək çatışmazlığı olan xəstələrə qulluq edən təlim keçmiş tibb bacıları edə bilər,- Paker deyirdi.- Tibb bacıları teletibbin köməyi ilə tomoqrafı idarə edəcək, rentgen şüaları və digər mürəkkəb avadanlıqlarla işləyə biləcəklər. Bu zaman yüksək ixtisasa malik olmayan mütəxəssislərin köməyinə smart sensorlar və neyron şəbəkələri gələcək, peşəkar kardioloqların isə artıq işlərdən canı qurtaracaq.

Yeni həyatla nəfəs alın

COVID-19 pandemiyası zamanı bütün dünya nəfəsalmaya nəzarətin nə qədər vacib olduğunu anladı. Temperatur və qanın oksigenlə doyması koronavirusu tez aşkar etməyin ən geniş yayılmış üsuluna çevrilib. Bu, evdə qanın oksigenlə doymasını izləyə bilən yığcam nəbzölçənlərin və bilərziklərin populyarlığının artımına səbəb olub. Təkcə Rusiyada pandemiya fonunda nəbz oksimetrlərinin satışı 4,5 dəfə artıb.

Tənəffüs problemləri üç yolla müəyyən edilir. Birinci və ən qədim üsul xüsusi cihazlarla tənəffüs edilən havanın həcmini və sürətini ölçən spirometriyadan istifadədir. İkinci üsul tibbi cihazların qanın oksigenlə doymasını ölçdüyü nəbz oksimetriyasıdır. Nəhayət, tənəffüs xəstəliklərinin aşkarlanması üçün üçüncü və ən qabaqcıl üsul ağciyərin tam skaner olunmasıdır.

Nəbz oksimetriyası evdə qanınızın oksigenlə doymasını tez yoxlamağın yeganə yoludur. Bununla belə, xəstənin iştirakını və diqqətini də tələb edir. Lakin xəstələr çox vaxt cihazların məlumatlarını düzgün anlaya və durumları haqda həkimə düzgün informasiya verə bilmirlər.


- Xəstələr adətən səhhətlərini yanlış qiymətləndirir, bir həftə və ya bir ay əvvəl özlərini necə hiss etdiklərini xatırlamırlar, – taxılan cihazların hazırlanmasında iştirak edən holland alim Karlos Agel bildirib. Alim əmindir ki, tənəffüs sistemini yalnız xüsusi avadanlıqların köməyi ilə və ixtisaslı həkimin iştirakı ilə izləmək lazımdır.

Ağıllı döymə

Yəqin ki, tibb və tatuaj bir-biri ilə heç bir şəkildə əlaqəli deyil, lakin elm adamları belə düşünmürlər. Texas Universitetinin mühəndisləri sağlamlığa nəzarət edə bilən ağıllı döymələr hazırlayıblar. Ultra nazik lövhələr 3D printerdə çap olunur və onlara sensorlar qoyulur. Lövhə dəriyə yapışdırılaraq, müxtəlif məlumatlar toplayır - bədənin istiliyi, nəbz, beyin fəaliyyəti, tənəffüs dərəcəsi və s. Bu futuristik monitorinq üsulu ideal görünür, çünki o, xəstənin adi həyat tərzini pozmur və məlumatların toplanmasına heç bir şəkildə mane olmur.
Bununla belə, ağıllı döymələr hələ ki fantaziya olaraq qalır - çünki çox bahalı olmalarına baxmayaraq, uzunömürlü deyillər. Lakin amerikalı alimlər lövhənin dizaynını elə optimallaşdırmaq niyyətindədirlər ki, bir döymənin qiymətini bir dollara endirsinlər - onda onları hər gün dəyişdirmək olar.

Ağıllı döymələrin ortaya çıxması texniki cəhətdən hələ ki mümkün deyil. Bu gün məlumatları, məsələn, Bluetooth və ya NFC vasitəsilə ötürə biləcək kompakt simsiz interfeyslər yoxdur. Buna görə də, rəqəmsal döymə dizaynerləri iki millimetr ölçüsü olan ötürücü yaratmağı arzulayırlar.

İynəsiz analizlər

Hazırda dünyada 400 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir. Xəstəlik 21-ci əsrdə pik həddə çatdı: 40 il əvvəl cəmi 100 milyon diabet xəstəsi var idi. Diabetin öyrənilməsi və müalicəsi ilə məşğul olan bütün institutlar mövcud olsa da, texnologiya bu sahəyə nadir hallarda nüfuz edir. İndiyə qədər qan şəkərini xəstəyə narahatlıq yaratmadan ölçə biləcək yüksək texnologiyalı cihaz yoxdur. Onilliklər əvvəl olduğu kimi, insanlar barmaqlarını deşməli və birdəfəlik test çöpləri almalıdırlar.

Dərinin deşilməsini tələb etməyən qeyri-invaziv qlükometrlərin məntiqli və düzgün bir həll olduğu düşünülür. Bununla belə, bazarda həqiqi yüksək keyfiyyətli cihazlar hələ də azdır. Kaliforniyadakı “Mills-Peninsula” Tibb Mərkəzinin direktoru David K. Klonoffun rəhbərlik etdiyi alimlər 2021-ci ildə qeyri-invaziv qlükometrlər bazarını təhlil ediblər. Məlum olub ki, 65 alətdən heç biri dəqiq diaqnoz qoymur.


Qanın tərkibi haqqında göz yaşlarından da məlumat almaq mümkündür. Onlar duz, protein, fermentlər və qlükoza ilə zəngindir. Bundan əlavə, göz mayesində qarşıq azdır. Amerikalı alimlər kontakt linzalar kimi təkrar istifadə oluna bilən şəffaf kağız əsaslı sensorlar təklif ediblər. ABŞ-lı alimlərin ixtirası gələcəkdən bir gadcet kimi görünür. O, məlumatları dərhal toplamağa və uzaqdan təhlil etmək üçün serverə göndərməyə imkan verir. Bu, xəstəyə qan şəkərinin səviyyəsini davamlı və ağrısız şəkildə izləməyə, onun yüksəlməsi barədə xəbərdarlıq etməyə imkan verəcək.

Bununla belə, bu linzaların ciddi problemi var: aşağı işıq keçiriciliyi istifadəçilərin görmə dəqiqliyini azaldır. Mütəxəssislər onu da bildiblər ki, belə innovativ cihazın işini təmin etmək üçün akkumulyator lazımdır. Linza bəbəyin üzərində yerləşdiyi üçün mikroskopik batareyaya yüksək təhlükəsizlik tələbləri qoyulur. Alimlər eyni zamanda hesab edirlər ki, gələcəkdə belə sensorlardan istifadə mümkündür, sadəcə təhlükəsiz akkumulyator yaratmaq və məlumat mübadiləsi üçün serverlə ötürücü quraşdırmaq lazımdır.

Alimlər qan şəkərinə nəzarətin futuristik üsullarını ancaq nəzəri cəhətdən etiraf edirlər. Onlar hələ ki klassik invaziv qlükometrlərdən imtina etmək fikrində deyillər. Yeni texnologiyanın çatışmazlıqları var və cihazlar bahadır. Bu problemlər gələcəkdə xüsusi mikroakkumulyatorlar və məlumat ötürücüləri meydana çıxanda həll olunacaq.

Fitnes, neyron şəbəkələri və rahat qocalıq

Son 40 ildə dünyada piylənmədən əziyyət çəkən insanların sayı iki dəfə artıb. Əsas səbəblər yüksək kalorili qidaların istehlakının artması və oturaq həyat tərzidir. Piylənmə ürək və damar problemlərinə, 2 tip diabetə, xərçəngə, insulta, artrit və podaqra kimi onlarla müxtəlif xəstəliyə səbəb olur. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı qidaya qarşı diqqətli olmağı və fiziki fəaliyyətə laqeyd yanaşmamağı tövsiyə edir.

“Statista” agentliyinin məlumatına görə, 2020-ci ildə taxıla bilən elektronikanın - fitnes izləyicilərin, ağıllı saatların və eynəklərin tədarükü əvvəlki illə müqayisədə təxminən 30 faiz artaraq, 444 milyon ədədə çatıb. Şüurlu davranış istisna olmaqla çəkiyə nəzarət etməyin ən asan və sərfəli yolu tibbi cihaz funksiyası yerinə yetirən qadcetlərdən istifadədir. Hələlik bu, üstə taxıla bilən cihazlar üçün ən yüksək səviyyədir. Hətta ən aparıcı istehsalçıların ağıllı saatları təzyiqi, temperaturu, qan şəkərini ölçə bilmir, lakin gələcəkdə belə seçimlər meydana çıxacaq. Apple şirkəti ağıllı saatında qeyri-invaziv qan qlükoza ölçmə funksiyası üzərində işləyir.

Çəkini nəzarətdə saxlamaq üçün ən mükəmməl cihaz ağıllı tərəzidir. O, bioloji toxumaların elektrik müqavimətini ölçür və bununla orqanizmin tərkibini təhlil edir. Tərəzi alqoritmlərin köməyi ilə bədən kütləsi indeksini hesablaya, piylənmənin və ya əksinə əzələ artımının dinamikasını göstərə, susuzlaşma və sümük kütləsi azalması barədə xəbərdarlıq edə, maddələr mübadiləsindən xəbər verə bilər.


Kalorini hesablamaq gec olduqda və ya digər fövqəladə hallarda təcili yardımla ani əlaqə vasitələri kömək edir. Artıq bazarda təcili yardım xidmətlərinə tez zəng etməyə imkan verən qurğular və proqramlar mövcuddur. Nadir ağıllı cihazlar da var ki, təcili ehtiyac yarananda və sahibinin imkanı olmayanda polisin nömrəsini özləri yığa bilir.

Amerikanın yaşlılar üçün qadcetlər istehsal edən “The Senior List” şirkətinin mütəxəssisləri daha da irəli gediblər. Onlar əmindirlər ki, onlarla sensorla təchiz edilmiş ağıllı ev öz sakinlərinin sağlamlığına nəzarət edə bilər. Belə evlər fövqəladə hallar zamanı nəinki təcili yardım çağıra, həm də insanları dərman qəbul etmələri ilə bağlı xəbərdar edə, həyat tərzi ilə bağlı tövsiyələr verə bilər.

Geyinilə bilən cihazlar, proqram təminatı, rəqəmsal sağlamlıq tibbə və klinik tədqiqata yanaşma tərzimizi dəyişəcək. Amerika Klinik Onkologiya Cəmiyyətinin həkimləri öz hesabatlarında buna mane olan əsas problemləri təsvir ediblər. Geyilə bilən cihazlardakı məlumatlar ilk növbədə davamlı olaraq toplanmalı və tibb klinikasının serverinə ötürülməlidir, ancaq ərazidə internet zəif olduqda bu həmişə mümkün olmur.

Bundan əlavə, toplanmış məlumat çox yer tutur, buna görə də onu harada saxlamaq problemi yaranır. 300 xəstənin üç ay ərzində taxdığı Apple Watch saatı altı giqabayt məlumat toplayır. Ümumilikdə dünyada hər gün azı 100 milyon insan Apple saatlarından istifadə edir. Onlar hamısı sağlamlıqlarına nəzarət etməyə başlasalar, problemin miqyasını təsəvvür etmək çətindir.

Toplanmış məlumatların izahı məsələsi də həll olunmamış qalır. Xəstəliklərin inkişafını proqnozlaşdırmaq və əvvəllər məlum olmayan göstəricilərini müəyyən etmək üçün xüsusi neyron şəbəkələr istifadəçi məlumatlarını təhlil etməli və yoxlamalıdır. Bəzi hallarda həkim də işə qoşulacaq. Süni intellektin və canlı mütəxəssisin işi xəstələrin sağlamlıq problemlərinin 90 faizinin həllini təmin edəcək. Gələcəkdə xəstəliklərin yalnız 10 faizi yüksək texnologiyalı tibbin bütün gücündən istifadə edilməklə klinikalarda şəxsən müalicə olunacaq.

Hazırladı: Nadir Quliyev
AzVision.az



Teqlər: Trendlər   Gələcək   Tibb  





Xəbər lenti