Dodaqlarını irəli uzadan xanımlara

Dodaqlarını irəli uzadan xanımlara
  02 Aprel 2013    Oxunub:3927
İradə CƏLİL

Əvvəllər, haradasa 5-6 il öncə silikon taxdırmaq, dodaq şişirtmək, yanaqları doldurmaq əməliyyatlarını ancaq tanınmışlar, daha doğrusu, şou-biznes nümayəndələri gündəmdə qalmaq üçün edirdilər. Biri dodağını böyüdürdü, digəri artıq piy qatlarını yığdırırdı, digəri isə qabırğalarını çıxartdırırdı ki, barı bir az adama oxşasın.
Özünüz də bu əməliyyat keçirənləri yaxşı tanıyırsınız. Hətta gözəllik uğrunda həyatını qurban verənlər də olmuşdu ki, bunda da estetik cərrahı günahlandırmışdılar. Yəqin ki, illər öncə əməliyyat stolunda dünyasını dəyişmiş xanəndə Reyhan Müslümovanın başına gələni bilirsiniz.

Bilirəm, bəziləriniz bu yazını oxuyanda deyəcəksiniz ki, “İradə yenə əxlaq, mentalitet məsələsinə toxunub” və ya “Bundan başqa mövzu tapa bilmir”. Xeyr, sadəcə, bu da məni narahat edən məsələlərdəndir. Niyə narahat edir? Deyim, siz də bilin...

Son zamanlar facebookda da dodaqlarını irəli uzadıb poz verən xanımların sayı durmadan artır. Silikon qoydurmaları azmış kimi, bu silikonları reklam etməkdən də utanmırlar. Dodaqlarını o qədər irəli uzadırlar ki, sanki dodaqları şəkildən çıxıb qabağa uzanacaq...

Hər zaman düşünürəm ki, görəsən, dodaqlarının yekə görünməsi üçün silikon dolduran xanımlar ağızlarının nəyə oxşadığının fərqindədirlərmi? Yox, bunu mən deyə bilmərəm, tərbiyəmə və səviyyəmə yaraşmaz. Özünüz keçin güzgü qarşısına, silikon doldurduğunuz dodaqlarınıza diqətlə baxın, yəqin ki, sualın cavabını anında tapacaqsınız.

İyrənc görünürsünüz. Heç yaşlanacağınız vaxtları düşünürsünüzmü? Dəfələrlə silikonlaşdırdığınız sinəzniz, dodaqlarınız, nə bilim, daha haralarınız bir qədər yaşa dolandan sonra iyrənc, sallaq bir görkəm alacaq. Bu gün kişilərin gözünə soxmaq üçün süni şəkildə böyütdüyünüz bir yerləriniz sabah sizə utanc verəcək.

Şou–biznes adamlarını yenə haradasa başa düşmək olar. Çünki onlarda onsuz da, təbii heç nə yoxdur. İnsana təsir edən ev qadınlarının belə əməliyyatlara əl atmasıdır. A balam, axı nəyiniz çatmır? Sizin evdə kişiləriniz hara baxır? Süni, iyrənc görünməyiniz bir kənara, silikonlar sizi fahişəyə bənzədir, həm də ucuz fahişələrə...

Bilmirəm, başqaları necə düşünür, amma mənə elə gəlir ki, çox yox, 10 ildən sonra kişilərimiz təbii qadın axtarışında olacaqlar.
İnanın ki, bəzən Azərbaycana bu zir-zibili gətirənləri də söyürəm, həm də ürək dolusu. Və daha Azərbaycan qızlarının gözəl olduğu fikrilə hardasa razılaşmıram. Çünki qadın və qızlarımızın 60 faizi silikonlaşıb. Gülməli gəlməsin sizə, acınacaqlı məsələdir. Qadınlığımız silikonlaşır. Məncə, bu məslədə SOS verməyin zamanıdır.


Teqlər:





Xəbər lenti