“Google”un təsisçisi hansı kitabları oxuyur – Siyahı

// Uğurun yolu düzgün seçilmiş kitablardan keçir

   “Google”un təsisçisi hansı kitabları oxuyur –    Siyahı
  30 Noyabr 2021    Oxunub:2184
Sergey Brin SSRİ-dən ABŞ-a 1979-cu ildə köçüb, 1990-cı illərdə “Google”un həmtəsisçisi olub. 2021-ci ildə “Forbes”in tərtib etdiyi ən zəngin insanlar siyahısında 9-cu yeri tutub. Onun hansı kitablardan ilhamlandırdığı təbii ki, maraqlı olmaya bilməz.
1) Riçard Feynman. "Siz, yəqin, zarafat edirsiniz, cənab Feynman!"

Nobel mükafatı laureatı Riçard Fillips Feynmanın tərcümeyi-halı 1985-ci ildə ABŞ-da bestseller oldu. Kitab kvant elektrodinamikasının yaradıcısı və atom bombasının konstruktoru olan amerikalı fizikin həyatını bütün rəngarəngliyi ilə təqdim edir - ehtiraslardan praktik oyunlara və zarafatlara, kilidləri qırmaqdan Eynşteynlə fikir mübadiləsinə qədər.


Amerika Uğurlar Akademiyasına verdiyi müsahibədə Brin yazıçının şəxsiyyətinə necə bağlı olduğunu belə izah edib: “Feynmanın bioqrafik hekayələrini çox sevirdim. Deyəsən, onun gözəl həyatı olub. Öz sahəsində verdiyi böyük töhfələrlə yanaşı, geniş maraq dairəsi də varmış. Xatirələrindən birində o, Leonardo da Vinçiyə bənzəmək, onun kimi həm rəssam, həm də alim olmaq istədiyini inandırıcı şəkldə izah edir. Bunlar məni çox ruhlandırır. Düşünürəm ki, dolğun həyat məhz belə olmalıdır”.

2) Nil Stivenson. "Uçqun"

“Avalanche” ("Uçqun") elmi-fantastik romanı 1992-ci ildə Nil Stivenson üçün sıçrayış oldu və yazıçını kiberpank janrının liderlərindən birinə çevirdi. “Time” jurnalı kitabı jurnalın mövcud olduğu dövr ərzində 100 ən yaxşı ingilisdilli əsər siyahısına daxil etdi.
Romanda hadisələr gələcəyin Amerikasında cərəyan edir. Ölkə sakinləri iki aləmdə yaşayırlar - reallıqda və kiberməkanda. Baş qəhrəman Hiro müstəqil haker və pizzadaşıyandır, özünü “Avalanche” adlı yeni kompüter virusunun sirrini açmağa qapdırır. Virtual məkanda virus kompüterlərə sirayət edir, real məkanda isə proqramçıları öldürən təhlükəli narkotik maddəyə çevrilir. Roman Şumer mifologiyasını, sosioloji nəzəriyyələri və gələcək texnologiyaların cəlbedici təsvirlərini özündə birləşdirir.
Kitabdakı gələcək ixtiralar arasında Stivensonun “metaverse” adlandırdığı, Facebook və Microsoft-un hazırda üzərində işlədiyi virtual mühit də var.
Stivensonun kult klassikası Silisium Vadisi ilə məşhurdur. Brin hesab edir ki, tarix zamanı on il qabaqlayıb: “Kitab sanki gələcəyi proqnozlaşdırır. Çox maraqlıdır".

3) Mortimer Adler. “Kitabları necə oxumalı? Böyük əsərləri oxumaq üçün bələdçi"

Elə olur ki, bir kitabı oxuyursunuz, ancaq bir həftədən sonra onu dostlarınıza danışa bilmirsiniz, çünki detalları xatırlamırsınız. Yaxud yazılanları dərhal mənimsəmədiyiniz üçün bir neçə dəfə mətnin əvvəlinə qayıdırsınız. Amerikalı filosof və pedaqoq Mortimer Adlerin fikrincə, bu, ədəbi əsərləri düzgün qəbul etməyi bacarmadığımız üçün baş verir. “...Bizi bu günə qoyan məhz məktəb olub. Bizi oxuya bilməyən, oxuduğumuzdan fayda və həzz ala bilməyən insanlara çevirib”.
Adlerin kitabı mütaliə psixologiyasında klassika hesab olunur. Müəllif mətni səthi qavramaqdan necə qurtulmağı, məlumatı yaddaşda necə uzun müddət saxlamağı, söz və ifadələrə xas olan bütün məna çalarlarını başa düşməyi izah edir. Səbr, nizam-intizam və tənqidi düşüncə buna kömək edəcək. Adler klassik şedevrlərin, məsələn, Homerin “İliada”sının və ya Şekspirin pyeslərinin, praktiki və elmi əsərlərin öyrənilməsinə diqqət çəkir.


Adler mətni qavramağın üç yolunu təklif edir:
- Oxucunun kitabın strukturunu, məzmununu və tematik komponentlərini başa düşdüyü analitik üsul;
- Oxucunun açar sözləri, cümlələri, daha sonra abzasları başa düşdüyü interpretasiya üsulu. O oxuduqlarını danışmağa çalışır;
- Oxucunun mətndəki qüsurları müəyyən etdiyi və müəllifin harada səhv edə biləcəyini təxmin etdiyi tənqidi üsul.

4) Mo Qavdat. "Xoşbəxtlik düsturu"


Mo işə başladığı ilk gündən uğur qazanıb: karyerasına IBM-də başlayıb, sonra “Microsoft”a keçib, daha sonra isə “Google X”in baş kommersiya direktoru olub. Amma pul qazandıqca daha çox bədbəxt olurdu. Qavdat daim görüşlərə tələsir, əsəbi olur, həmkarlarını tənqid edir, hətta övladlarından da yüksək nəticə tələb edirdi. 2001-ci ilə doğru bu həyat tərzi onu depressiyaya saldı və bunu görən sahibkar qarşısına yeni bir vəzifə qoydu - xoşbəxt olmaq.

Qavdat mühəndislik təhsili ənənəsinə əsaslanaraq, problemi ən kiçik komponentlərə ayırdı, məntiq bacarıqlarını tətbiq və riyazi məsələləri həll edərək, onların hər birini ciddi təhlil etdi. 2010-cu ilə yaxın o, xoşbəxtliyə nail olmaq üçün tənlik və model hazırladı.

2014-cü ilə qədər bu metoddan yalnız ailə və dostlar istifadə edirdilər. Monu kitabı yazmağa oğlu Əlinin “xoşbəxtlik düsturu”nun inkişafına mühüm töhfə verən qəfil ölümü sövq edib. Sahibkar özü də bu faciəni öz modelinin son sınağı hesab edir, onsuz itkinin öhdəsindən gələ bilməyəcəyini yazır.
Brin kitab haqqında xoşbəxtlik və ona nail olmanın dərin təhlilinə əsaslanan güclü şəxsi hekayə kimi danışır.

Nadir Qocabəyli
AzVision.az


Teqlər: Kitab   Elm   Mütaliə   Sergey-Brin  





Xəbər lenti