Halqalarını “yeyən” planet: Saturnun qaranlıq zolaqları

      Halqalarını “yeyən” planet:    Saturnun qaranlıq zolaqları
  21 Noyabr 2021    Oxunub:3870
“Voyajer-1” və “Voyajer-2” kosmik aparatlarının göndərdikləri şəkillərin təhlilindən məlum olub ki, Saturn öz halqalarını “yeyir”. Bu heyrətamiz strukturları meydana gətirən hissəciklər planetin cazibə və maqnit sahələrinin təsirilə toz və buz yağışı şəklində planetə düşürlər.
- Hesablamalarımıza görə, "halqa yağışı" zamanı Saturnun halqlarından yarım saat ərzində olimpiya hovuzunu doldura biləcək qədər su düşür,- tədqiqatin müəllifi Ceyms O'Donohyu deyib.- Halqaların 100 milyon ildən az ömrü qalıb. Bu, Saturnun 4 milyard ildən çox olan yaşına nisbətən xeyli azdır.

Araşdırmanı Saturnun halqaları ilə birlikdə əmələ gəldiyini, yoxsa onları sonradan qazandığını aydınlaşdırmağa çalışan alimlər başladıblar. Komanda bildirib ki, ikinci ssenari daha çox ehtimal olunur. Onlar halqaların yaşının 100 milyon ildən çox olmadığını təxmin edirlər.

Saturnun öz halqalarını necə əldə etdiyinə dair bir çox nəzəriyyə var. Əgər onlar planetin özündən cavandırlarsa, halqalar Saturn ilə kiçik buzlu peyklər arasındakı toqquşmalardan yaranmış ola bilərlər.


O'Donohyu deyir ki, Saturnu halqaları ilə birlikdə müşahidə edə bildiyimiz üçün bəxtimiz gətirib. Halqalar indi yəqin ki, orta yaşdadırlar. Güman ki, biz Yupiter, Uran və Neptun ətrafında eyni sulu halqa sistemlərini görmək fürsətini qaçırmışıq. Əslində həmin qaz nəhənglərinin bu gün də halqa sistemləri var, ancaq onlar çox nazikdirlər.

Halqaların planetə düşməsi ilə bağlı ilk ehtimallar “Voyajer”lərin qeydə aldığı və sanki bir-biri ilə əlaqəsi olmayan hadisələr - Saturnun ionosferindəki dəyişikliklər, halqalarındakı sıxlıq fərqi və planetin üç qaranlıq zolağı haqqında təsbitlərdən irəli gəlib. “Voyager-2” missiyasının 1981-ci ildə ilk dəfə kəşf etdiyi bu zolaqlar planeti şimal-orta enliklərindəki yüksək hündürlüklərdə əhatə edir.

Saturnun qaranlıq zolaqları

NASA-nın Cek Konnerni adlı tədqiqatçısı bu zolaqları planetin nəhəng maqnit sahəsi ilə əlaqələndirdi. Konnerninin fərziyyəsi ondan ibarət idi ki, zolaqlar Saturnun halqalarından elektrik yüklü buz hissəcikləri kimi əmələ gəlir və maqnit sahəsinin xətləri boyunca aşağıya doğru axır. Kiçik hissəciklər Günəşdən gələn ultrabənövşəyi şüalardan və ya halqalara düşən mikrometeoroidlərdən çıxan plazma buludlarından elektrik yükü ala bilər.

Əslində bu zolaqları planetin yuxarı atmosferinə tökülən su əmələ gətirib. Su Saturnun stratosferindəki dumanı sözün əsl mənasında yuyur və onları işıqda zəif əks etdirir, bu səbəbdən zolaqlar tünd görünürlər.


Bəs halqaların düşməsinin əsl səbəbi nədir? Onlar planetin cazibə sahəsi ilə halqaların fırlanması nəticəsində yaranan mərkəzdənqaçma qüvvəsi arasındakı qarşılıqlı təsir səbəbindən orbitdə qalırlar. Ancaq Saturnun maqnit sahəsi işə qarışdıqda hər şey daha da mürəkkəbləşir. Haqqında bəhs etdiyimiz elektrik yüklü hissəciklər də planetə doğru əyilən maqnit sahəsinin cazibəsini hiss etməyə başlayırlar. Halqaların bəzi hissələrindəki maqnit cazibəsi hissəciklər üzərində qüvvələr balansını kəskin şəkildə dəyişmək üçün kifayətdir - o, mərkəzdənqaçma qüvvəsini müəyyən dərəcədə neytrallaşdırır. Cazibə qüvvəsi planetdəki hissəciklərə hakim olur.

Düşən su hissəcikləri Saturnun ionosferində kimyəvi reaksiyaya girərək, H3+ ionlarını əmələ gətirir. O'Donohyu bu ionları Havay adalarının Maunt Kea şəhərindəki məşhur “Keck” teleskopu ilə aşkarlayıb, çünki H3+ ionları infraqırmızı işıqda parıldayırlar. Komanda parıldayan infraqırmızı zolaqları Saturnun şimal və cənub yarımkürələrində maqnit sahə xətlərinin planetə qovuşduğu yerdə gördü. İnfraqırmızı işığın çıxışını təhlil edən komanda düşən halqa maddəsinin miqdarını (yəni halqaların kiçilmə sürətini) hesablayanda ən böyük buz axını Saturnun cənub hissəsində müşahidə olundu.


Astronomlar komandası bildirir ki, Saturnun Günəş ətrafındakı 29,4 illik orbitində hərəkətini müşahidə etmək nəticələri qəti şəkildə təsdiq və ya təkzib edəcək. Yolda Saturnun halqaları onlardakı buz hissəciklərini müxtəlif dərəcədə yükləyən ultrabənövşəyi işığa məruz qalacaqlatr. Tədqiqatçılar günəş işığına məruz qalmanın müxtəlif səviyyələrinin Saturnda "yağış"ın miqdarını dəyişdirdiyini müəyyən etsələr, tədqiqatın nəticələri təsdiqlənəcək.

“Saturn ionosferində “halqa yağışı”nın kimyəvi və termal reaksiyasının müşahidə olunması” adlı məqalə 2019-cu ilin aprelində “Icarus” jurnalında dərc edilib.
Hazırladı: Nadir Quliyev



Teqlər: Elm   Astronomiya   Saturn  





Xəbər lenti