Köçürməyə yol verən zal nəzarətçiləri barədə məlumat

Köçürməyə yol verən zal nəzarətçiləri barədə məlumat
  16 Noyabr 2021    Oxunub:1056
2021-ci ildə buraxılış imtahanlarında və ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsində imtahan rəhbərləri tərəfindən fəaliyyəti qeyri-kafi və kafi qiymətləndirilən zal nəzarətçiləri sayının həmin rayon üzrə imtahanda iştirak edən nəzarətçilərin ümumi sayına nisbətinə görə Şərur (9,3%), Şəmkir (6,4%), Lerik (5,4%), Ağstafa (5,1%), Qobustan (5,1%), Ağcabədi (5,0%) və Tovuz (4,9%) rayonları mənfi mənada fərqlənirlər.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin 2021-ci ildə keçirilmiş imtahanlarda iştirak etmiş zal nəzarətçilərinin fəaliyyətinin araşdırılması ilə bağlı təhlilin nəticələrində qeyd edilib. Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin keçirildiyi bəzi rayonlarda – Ağstafa (13,1%), Qazax (7,2%), Şəmkir (11,1%), Ağcabədi (7,5%), Cəlilabad (6,8%), Bərdə (4,7%), Şirvan (4,3%, Salyan (3,8%), Masallı (3,8%), Kürdəmir (3,1%) - köçürmə hallarına və digər təlimat pozuntularına digər rayonlara nisbətən daha çox yol verilib.

Buraxılış imtahanlarının keçirildiyi rayonlar götürüldükdə isə köçürmə hallarına və digər təlimat pozuntularına ən çox Tərtər (2,8%), Şərur (2.3%), Qazax (1,9%), Qobustan (1,7%), Ağcabədi (1,6%), Ağstafa (1,4%), Salyan (1,3%), Yevlax (1,2%), Beyləqan (1,0%) rayonlarının nəzarətçilərinin iştirak etdiyi imtahanlarda rast gəlmək olur. Bunlardan köçürməyə və digər ciddi qayda pozuntularına yol verdiklərinə görə 141 nəzarətçi bazadan xaric edilmiş, digərlərinə xəbərdarlıq edilib.

Cəlb edildiyi imtahanlarda dəfələrlə heç bir üzrlü səbəb olmadan iştirak etməyən 133 nəzarətçi də bazadan xaric edilib.

Ali təhsil müəssisələrinin qəbul imtahanının II mərhələsində əsasən tarix, coğrafiya, xarici dillər və ibtidai sinif müəllimləri, buraxılış imtahanlarında isə fizika, əmək və ibtidai sinif müəllimləri köçürməyə daha çox şərait yaradıblar. İbtidai sinif müəllimləri həm keçən il, həm də cari ildə qəbul və buraxılış imtahanlarında köçürməyə daha çox şərait yaradıblar.

Qəbul imtahanlarında Azərbaycan dili və ədəbiyyat müəllimlərinin keçən ildən başlayaraq daha az köçürməyə yol verdikləri müşahidə olunur. Lakin tarix, ingilis dili (və digər xarici dillər) və ibtidai sinif müəllimlərinin daha çox köçürməyə yol verdiklərinə dair tendensiya davam edir. Tarix və ibtidai sinif müəllimləri buraxılış imtahanlarında da daha çox köçürməyə yol verən nəzarətçilər arasındadır. Bu nəticələrə görə demək olar ki, riyaziyyat, fizika, biologiya və coğrafiya müəllimləri imtahan zallarını daha yaxşı idarə edirlər. Azərbaycan dili və ədəbiyyat və idman müəllimlərinin son illərdəki nəticələrinin yaxşılaşmasını bazaya bu ixtisas üzrə yeni nəzarətçilərin götürülməməsi və cari bazada ən bacarıqlı nəzarətçilərin qalması ilə izah etmək olar.

Abituriyent kontingentinin yaş tərkibinə görə köçürmə hallarının araşdırılması cari ildə də qəbul imtahanlarında yaşı 18 və 18-dən yuxarı olan əvvəlki illərin məzunlarının yerləşdiyi zallarda yol verilən qayda pozuntusu halları ilə cari il məzunlarının yerləşdiyi zallarda yol verilən qayda pozuntusu hallarının faiz nisbətində ciddi bir fərq olduğunu göstərir. Zal nəzarətçilərinin imtahan təcrübəsi artdıqca onların qayda pozuntularına yol vermə halları getdikcə azalır.

AzVision.az



Teqlər: DİM  





Xəbər lenti