İtirilən iki il: Şagirdlərin "pandemiya zədəsi"ni sağaltmaq lazımdır

  İtirilən iki il:  Şagirdlərin  "pandemiya zədəsi"ni  sağaltmaq lazımdır
  18 Sentyabr 2021    Oxunub:3145
Uzun müddətdən sonra dünya ölkələrində, o cümlədən Azərbaycanda COVID-19 pandemiyasına görə bağlanan məktəblərdə əyani tədris bərpa olunur. 1,5 ilə yaxın zamanda tədrisin bəzən dayandırılması,  bəzən distant formada həyata keçirilməsi şagirdlərin biliklərində müəyyən geriləmələrə səbəb olub.
"McKinsey & Co" şirkətinin hesabatına əsasən, dünyada ibtidai siniflərdə şagirdlərin riyazi bacarıqlarında 5, oxuma bacarıqlarında isə 4 ay ləngimə var. Hollandiyada aparılan araşdırmada isə şagirdlərin yeni bilikləri öyrənməsində 3 faizlik geriləmə olduğu qeyd edilib. Təhsil səviyyəsi aşağı olan ailələrdə bu rəqəm 55 faizə qədər yüksəlir. Kanadada bu dövrdə tələbə qızların 10 faizi, oğlanların isə 17 faizi məktəbdən çıxıb. İngiltərə Təhsil Standartları Ofisinin araşdırmalarına əsasən, uşaqların dil və hesablama bacarıqları 2017-ci ildən də geridir. 21 ölkədə 18 yaşdan aşağı yaş qruplarında aparılan araşdırmalara əsasən, 1 milyondan çox uşağın valideynlərindən və ya onlara baxan nənə-babalarından biri ölüb. Bu səbəbdən həmin uşaqlarda məktəbə getməmək, diqqətsizlik, içinə qapanma kimi hallar müşahidə edilir.

Pandemiyanın təhsilə mənfi təsirləri və bu təsirləri aradan qaldırmağın birdən-birə mümkünsüzlüyü barədə təhsil naziri Emin Əmrullayev dəfələrlə danışıb. Pandemiyadan ən çox zərər çəkən yaş qrupu isə ilk tədris ilini distant formada keçən birincilər və ibtidai siniflərdir.

Artıq əyani tədris bərpa olunur və şagirdlər həftədə 5 dəfə məktəbə gedəcəklər. Bəs şagirdlərin itirilən bilikləri öyrənməsi üçün nə qədər zaman lazım olacaq?



Təhsil eksperti Elçin Süleymanov Azvision.az -a açıqlamasında bildirib ki, COVID pandemiyasından sonra bütün dünyada olduğu kimi, Azərbaycanda da onlayn təhsilə keçildi və ən riskli sahələrdən olan təhsil sektorunun pandemiyanın yayılmasında rolu minimuma endirildi:

"Keçən tədris ili qismən əyani təhsilə keçirilərək hibrid modellə vəziyyət müəyyən qədər yaxşılaşdırıldı. Təhsilin keyfiyyətini qorumaq üçün Təhsil Nazirliyinin dəstəyi ilə hazırlanan teledərslər və "Virtual məktəb" layihəsinin çox böyük müsbət qatqısı oldu".

Amma təhsil ocağı sadəcə bilik öyrətmir, eyni zamanda ictimai münasibətlər fonunda şəxsiyyət yetişdirir. Ekspert pandemiyanın uzun müddət cəmiyyətdən uzaq qalan şagirdlərin sosiallaşmasına və psixoloji vəziyyətinə mənfi təsirinin inkaredilməz olduğunu qeyd edib:

"Bütün bu mənfi təsirlərə baхmayaraq, qapanmalar zəruri idi. Çünki təhsildə yaranan boşluqları bərpa etmək mümkündür. Amma insan həyatını geri gətirmək imkansızdır. Artıq təhsil işçilərinin əksəriyyəti vaksinasiyadan keçib. Bundan sonra təhsil verənlərin üzərinə düşən iş iki ilə yaxın zamanda qapanmaların yaratdığı psixoloji problemləri aradan qaldırmaq və şagirdlərin biliklərində olan axsamaları bərpa etməkdir".

Ekspertin fikrincə, yaxşı bir planlama ilə 5-6 aya proqramlardakı bütün boşluqları tamamlamaq mümkündür:

"Çünki qapanma dövründə dərslər virtual imkanlarla keçilib. Sadəcə başa düşülməyən və ya virtual texnologiyalarla tədrisi çətin olan mövzular təkrar edilsəydi, yaxşı olardı. Fikrimcə, şagirdlər tərəfindən çətin başa düşülən riyaziyyat fənni başda olmaqla, dəqiq elmlərdə əvvəlki mövzular təkrar edilsə, faydalı olar".

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Pandemiya  





Xəbər lenti