Bu ixtisasları seçənlər gələcəkdə uduzmayacaqlar - Ekspert məsləhəti

 Bu ixtisasları seçənlər gələcəkdə uduzmayacaqlar -  Ekspert məsləhəti
  25 Avqust 2021    Oxunub:5726
Avqustun 20-dən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçiminə başlanılıb. Abituriyentlər 10 gün ərzində yiyələnmək istədikləri peşəyə uyğun ixtisas seçimi etməlidirlər. Toplanan bala uyğun düzgün seçim vacibdir. Çünki ali məktəbi bitirdikdən sonra uzun illər həmin ixtisas üzrə işləməli olacaqlar.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də abituriyentlərə müraciətində bu məqamı xüsusi vurğulayaraq onlara istədikləri ixtisası seçməyi tövsiyə edib.

Təhsil eksperti Elçin Süleymanov Azvision.az -a açıqlamasında  bildirib ki, abituriyentlər hər hansı reytinqli universitetdə oxumaqdan çox gələcək 30-40 ildə işləyəcəyi ixtisasları düzgün seçməlidir:

- Ona görə abituriyentlər məsuliyyətli olmalıdırlar. "Balım buna çatır" deyərək, hər hansı universiteti oxumaq düzgün deyil. Əgər istəmədiyin və gələcəkdə işləməyəcəyin ixtisasa balın çatırsa, növbəti il üçün hazırlaş, yenidən imtahan ver. Testdə 4 səhv bir düzü aparır, ixtisas seçimində isə bir səhv bir düzü aparır. Beləliklə, ömür boyu istəmədiyin sahədə çalışmalı olacaqsan.

Düzgün ixtisas seçimindən sonra ikinci növbədə abituriyentlərin hansı universitetdə oxumaqları önəmlidir. E.Süleymanov bildirib ki, abituriyentlər ixtisas seçiminə uyğun profilli ali təhsil müəssisəsini seçilməlidirlər:

- Hər hansı reytinqli universitetdə sənin ixtisasın üzrə o qədər də peşəkarlıq olmaya bilər. Buna xüsusi diqqət yetirmək lazımdır. Həmçinin abituriyentlər ikili diplom verən ali təhsil müəssisələrini seçməyə üstünlük versinlər. Belə təhsil müəssisələrində oxumaqla onlar həm Azərbaycanın, həm də Avropa və dünyanın digər prestijli universitetlərinin diplomların sahib olacaqlar. 4 illik təhsildən sonra həmin ixtisas üzrə uzun illər işləyəcəyini də nəzərə almaq lazımdır.



Müsahibimiz müasir texnologiyaların inkişafı fonunda gələcəkdə də ehtiyac olacaq ixtisaslarının seçilməsini vurğulayıb:
- Çünki bəzi ixtisaslar gələcəkdə yox olma təhlükəsi ilə üz-üzədir. İnformasiya texnologiyalarının inkişafı fonunda digital marketinq, elektron ticarət, süni intellekt, fizoterapiya, kompüter mühəndisliyinin müxtəlif sahələri, kibertəhlükəsizlik və digər ixtisaslar aktuallağını saxlayacaq, - təhsil eksperti vurğulayıb.

Bu ildən Azərbaycanda Təhsil Tələbə Krediti Fondu ilə tələbələrə kreditlərin verilməsinə başlanılıb. E.Süleymanov təhsil kreditlərinin daha çox abituriyentin oxumasına kömək edəcəyini vurğulayıb: "Beləliklə, tələbələr bankların kommersiya şərtləri ilə təqdim etdiyi kreditlərdən yox, dövlətin kifayət qədər cazib şərtləri olan kreditlərdən istifadə edəcək. Tələbələr valideynlərini bu yükdən qurtaracaq və pulu özləri ödəyəcəyi üçün daha məsuliyyətli olacaqlar".

Aytən Zəhra
Azvision.az


Teqlər: Abituriyent   İxtisasseçimi  





Xəbər lenti