“Porsche” kosmosa maraq göstərir

   “Porsche” kosmosa maraq göstərir
  07 Avqust 2021    Oxunub:1930
Almaniyanın lüks avtomobillər istehsal edən “Porsche” şirkəti kosmosa maraq göstərməyə başlayıb. Konsern “Isar Aerospace” startapının hazırladığı daşıyıcı raketə 75 milyon dollar yatırım qoymağa hazırlaşır. Raketin ilk buraxılışı 2022-ci ilin sonlarına planlaşdırılır.
Azvision.az “Daily Mail”ə istinadla xəbər verir ki, “Isar Aerospace”in rəhbərliyinin iddiasına görə onların “Spectrum” daşıyıcı raketlərilə orbitə peyklər qaldırmaq rəqiblərindən – “Blue Origin”, “SpaceX” və “Virgin Galactic”dən daha ucuz başa gələcək. Bu məqsədlə şirkət raketlərin istehsalını avtomatlaşdırmağı və “3D print” texnologiyasından istifadə etməyi düşünür.

“Porsche” şirkətində belə hesab edirlər ki, “Isar Aerospace”in Avropanın aparıcı raket istehsalçısına çevrilmək potensialı var. Amma məsələ təkcə bununla da bitmir: “Porsche” onun kosmik texnologiyalarından yaxın gələcəkdə avtomobil istehsalında da faydalanmağı planlaşdırır.


“Isar Aerospace” artıq Almaniyanın Aerokosmik Mərkəzilə iki peykin orbitə qaldırılması ilə bağlı müqavilə imzalayıb. Hazırda “Airbus Group” ilə əməkdaşlığa hazırlaşır. Şirkət 2023-cü ildə ən azı 3-4 daşıyıcı raket buraxmağı, bir il sonra onların sayını 10-a çatdırmağı düşünür.

“Blue Origin” və “Virgin Galactic”dən fərqli olaraq, “Isar Aerospace” kosmik turizm və insanların kosmosa uçuşu ilə bağlı heç bir plan qurmur.

Samir Quliyev
Azvision.az


Teqlər: Kosmos   Porsche  





Xəbər lenti