Əmanətə sədaqət: Şəhid övladları üçün düşərgə fəaliyyətə başladı - FOTOLAR+VİDEO

  Əmanətə sədaqət:  Şəhid övladları üçün düşərgə fəaliyyətə başladı -  FOTOLAR+VİDEO
  05 İyul 2021    Oxunub:9310
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün “Qaliblər düşərgəsi” fəaliyyətə başlayıb.
Azvision.az xəbər verir ki, 13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş düşərgənin məqsədi şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı və yaddaqalan etməkdir.



“For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə reallaşan layihə Təhsil Nazirliyi, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Sosial Xidmətlər Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Dövlət Turizm Agentliyi, həmçinin digər dövlət qurumları, özəl sektor və qeyri-hökumət təşkilatlarının birgə səyi nəticəsində ərsəyə gəlib. Təşkilati-logistik məsələlər üzrə tərəfdaş “Miqrasiya Könüllüsü” İctimai Birliyidir. Düşərgədə Azərbaycan Könüllülər Təşkilatının üzvləri də layihə müddətində iştirakçıları müşayiət edəcəklər.



Şüvəlan qəsəbəsi Humanitar Fənlər Təmayüllü Gimnaziyada 14 gün davam edəcək düşərgədə müxtəlif mövzuları əhatə edən təlimlər, fərdi dərslər, əyləncəli və intellektual oyunlar, idman və incəsənət sahələri üzrə dərslər təşkil olunacaq. Bundan başqa, Bakının görməli yerlərinə ekskursiyalar planlaşdırılır. Layihə çərçivəsində yeniyetmələr tanınmış ictimai xadimlər, idman, təhsil və mədəniyyət sahəsinin məşhur simalar ilə də görüşəcəklər.



Düşərgənin açılış mərasimində çıxış edərək layihənin əhəmiyyətinə toxunan Təşkilat komitəsinin sədri, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “ForAzerbaijan” Təşkilatının hər bir üzvünə və bütün tərəfdaşlara təşəkkürünü bildirib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının yadigarları olan uşaqların hər birimiz üçün əmanət olduğunu, şəhid ailələrinə və onların övladlarına dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Xidmət rəisi dövlət qurumlarının layihədə fəal iştirakını təqdirəlayiq hesab edib.



“For Azerbaijan” Xeyriyyə Təşkilatının qurucu üzvlərindən olan, “Dentos” şirkətinin partnyoru Ülviyyə Zeynalova -Bockin çıxışında təşkilatın əsas fəaliyyət məqsədlərindən söhbət açıb. Bildirib ki, qazi və şəhid ailələrindən olan uşaqların, gənclərin təhsilinin inkişafına töhfə vermək prioritetlər sırasındadır. Belə layihələrin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.



Açılış mərasimində “Qaliblər düşərgəsi”nin Əməliyyat Komitəsinin rəhbəri, Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov tədbir iştirakçılarına layihənin hazırlıq prosesində görülmüş işlər barədə ətraflı məlumat verib. 76 nəfərlik düşərgə iştirakçıları üçün nəzərdə tutulmuş təlim, ekskursiya və əyləncə proqramları ilə bağlı təqdimat edib.



Qeyd edək ki, layihənin təşəbbüskarı olan “For Azerbaijan” Təşkilatı Vətəndən kənarda yaşayan xeyirxah insanların maddi dəstəyini daha səmərəli, şəffaf, dayanıqlı şəkildə Azərbaycandakı hədəf qrupuna çatdırılması məqsədilə bir qrup peşəkar həmyerlimiz tərəfindən yaradılıb.





















Şahanə Rəhimli
FOTO: Anar Bayramlı
VİDEO: Əhməd Xəlilov

Azvision.az

Qalereya




Teqlər:





Xəbər lenti