Tələbələr üçün kredit: Yeni Fond nə vəd edir?

 Tələbələr üçün kredit:  Yeni Fond nə vəd edir?
  17 İyun 2021    Oxunub:5475
Xəbər verdiyimiz kimi, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsdir. Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır.

Təhsil eksperti Kamran Əsədov Azvision.az -a açıqlamasında bildirib ki, hələ 2013-cü ildə "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda Təhsil Tələbə Krediti Fondu yaradılması nəzərdə tutulmuşdu, amma yaradılmamışdı:

"Son 7 il ərzində 5 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib. Qanunla isə insanların təhsil alması üçün şərait yaradılmalıdır. Tələbə kreditləri üçün 80 milyon manat ayrılıb və ayrılan 80 milyon manat 38-42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcək. Hesab edirəm ki, kreditlər faizsiz verilməlidir, çünki sonra tələbələr problemli kredit alana çevrilməli deyil. Həm də kredit verilən tələbələr sonra işlə təmin edilməlidir ki, təhsili başa vurandan sonra onu ödəyə bilsinlər.

İlk növbədə qeyd edim ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 182 minə yaxın tələbə təhsil alır. Onların 60 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 40 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Bu, o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 110 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır".



K.Əsədov qeyd edib ki, Avropa ölkələri və ABŞ, postsovet məkanından isə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistan təhsil kreditləşməsini tətbiq edirlər: "Məsələn, ABŞ-da bununla Federal Agentlik məşğul olur. Agentliyin çox böyük dövriyyəsi var. Kreditlər 3 növdür: federal tələbə krediti, valideyn krediti və özəl kredit. Hər biri müxtəlif qruplara və şərtlərlə verilir, faizlər çox aşağıdır. Dövlət yaxşı oxuyan tələbələr üçün bir sıra başqa güzəştlər də tətbiq edir. Bəzi ştatlarda təhsildə, elmdə yüksək nəticə əldə edən tələbələrə o kreditlər bağışlanır. Analoji qurumlar Almaniyada, Fransada, Böyük Britaniyada, Şərqi Avropa ölkələrində də var.

Kreditlərin mənbəyi kimi adətən dövlət resursları çıxış edir, amma dövlətin stimullaşdırdığı özəl fondlar, banklar da bu prosesdə iştirak edə bilir. Həmçinin universitetlərin özləri də kredit ayırırlar. Əksər ölkələrdə faizlər çox aşağı, müddət uzun olduğu üçün qaytarılmasında çətinlik yaratmır. Adətən kreditin qaytarılmasına universiteti bitirdikdən 2 il sonra başlanılır, 5-7-10 ilə, bəzənsə 30 ilədək müddətdə qaytarılır. Bütün dünyada təhsilin inkişaf etdirilməsində bu kreditlər böyük rol oynayır. Müsəlman ölkələrindən İndoneziya və Türkiyədə məhdud da olsa təhsil kreditləşməsi tətbiq olunmağa başlayıb. Avstraliyada təhsil kreditləri faizsiz verilir. Bəzi ölkələrdə isə faizlər yalnız texniki xərcləri örtəcək həcmdə olur – 1-2 faiz".

Hər bir vətəndaşın təhsil almaq hüququ olduğunu deyən K.Əsədov bildirib ki, bunu dövlət təmin edir: "Fondun yaradılması Fərmanına qədər Azərbaycanda tələbələrə güzəştli kreditlərin verilməsi mövcud olmayıb. "Maarifçi" Kredit Fondu müəyyən tələbələrə kredit verib. lakin o da özəl təşkilat olduğu üçün büdcəsi yoxdur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Tələbə   Kredit  





Xəbər lenti