Kolleclərə tələbə qəbulu elan edildi

Kolleclərə tələbə qəbulu elan edildi
  14 İyun 2021    Oxunub:4009490
Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir.
Azvision.az xəbər verir ki, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu iyunun 14-dən 29-dək internet vasitəsilə aparılır.

Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə ( eservices.dim.gov.az/erizetex/erize ) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat "Abituriyentin elektron ərizəsi" proqramı tərəfindən abituriyentə təqdim olunur.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respub­likası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli 2635 nömrəli Sərəncamına əsasən aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Azərbaycan Respublikası Prezidentinin 2021‑ci il 7 may tarixli 2635 nömrəli Sərəncamına əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən abituriyentlər elektron ərizələrini təsdiq etməzdən (etdirməzdən) əvvəl DİM-in internet səhifəsində eyni adlı qeydiyyat sistemində qeydiyyatdan keçməlidirlər ( ekabinet.dim.gov.az/pSerencam2635.aspx ).

Qəbul imtahanının nəticəsi 2 il qüvvədə olduğuna görə 2020-ci ildə qəbul imtahanında iştirak edən abituriyent (topladığı balı cari ilin müsabiqə şərtlərini ödədiyi halda) cari ildə qəbul imtahanında iştirak etməyə bilər. Bu zaman həmin abituriyentin qəbul imtahanının nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və ərizənin təsdiqi ödənişsiz olur. Abituriyent cari ildə keçirilən imtahanda iştirak etmək istədiyi halda ərizənin müvafiq bölməsində bu istəyini qeyd edir və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə edir. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini ixtisas seçimi zamanı özü müəyyən edir.

Ərizənin təsdiqi DİM-in informasiya sistemlərində abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):

Sənəd Qəbulu Komissiyalarının ünvanları və tələb olunan sənədlərlə elanın tam mətnində tanış ola bilərsiniz.

Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər.

Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Lakin elanda verilən xüsusi hallarda bu abituriyentlər əlavə olaraq DİM tərəfindən elan olunacaq tarixdə bəzi fənn və yaxud fənlərdən imtahan verirlər. Bu zaman onlar hər əlavə imtahan üçün ödəniş edirlər. Ödəniş etmək üçün abituriyent tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir.

Qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Qəbul imtahanında abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. İmtahan fənləri üzrə tapşırıqların strukturu aşağıdakı kimidir:

Xarici dil

- Dinləyib-anlamaya dair mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və cavabının kodlaşdırılması tələb olunan açıq tipli 1 tapşırıq;

- Dil qaydalarına dair 16 tapşırıq: qapalı tipli 14 və cavablarının kodlaşdırılması tələb olunan açıq tipli 2 tapşırıq;

- Oxuyub-anlamaya dair mətn və mətnə aid 8 tapşırıq: qapalı tipli 7 və cavabının kodlaşdırılması tələb olunan açıq tipli 1 tapşırıq;

Azərbaycan (rus) dili

- Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;

- Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq (cəmi 20 tapşırıq): qapalı tipli 8 və cavablarının kodlaşdırılması tələb olunan açıq tipli 2 tapşırıq;

Riyaziyyat

- Qapalı tipli 21 tapşırıq;

- Cavablarının kodlaşdırılması tələb olunan açıq tipli 4 tapşırıq.

Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur. Həmin nəticələr əsasında abituriyent müvafiq illər üzrə müsabiqə şərtlərini ödədiyi halda cari və növbəti tədris ilində orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında keçirilən tələbə qəbulu üzrə müsabiqədə iştirak edə bilər. Beləliklə, 2020-ci ildə qəbul (buraxılış) imtahanında iştirak edən (01 mart 2020-ci il tarixdə buraxılış imtahanının birinci mərhələsində iştirak etmiş 2020-ci il məzunlarının həmin imtahan üzrə nəticələri nəzərə alınmır) və imtahanda topladığı balı bu ilki müsabiqə şərtlərini ödəyən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanında iştirak edə və ya etməyə bilər. İştirak etmədiyi halda abituriyentin qəbul imtahanının nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür. İmtahanda iştirak etdiyi halda isə müsabiqəyə hansı imtahanın nəticəsi ilə qatılacağını ixtisas seçimi zamanı özü müəyyən edir. 2020-ci ildəki qəbul (buraxılış) imtahanının nəticəsinə əsasən cari ildə müsabiqədə iştirak etmək istəyənlər elanda gös­təri­lən müddətdə və qaydada elektron ərizələrini təsdiq etməlidirlər (etdirməlidirlər).

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər ümumi qaydada elektron ərizələrini təsdiq etdikdən (etdirdikdən) sonra “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən “Azərbaycan dili (dövlət dili kimi)” fənnindən (ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün) imtahan verirlər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Bu imtahanda abituriyentlərə fənn kurikulumu əsasında hazırlanmış 30 test tapşırığı təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 45 dəqiqə vaxt ayrılır. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Azərbaycan Respublikasının tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumtəhsil müəssisələrini (ümumi orta təhsil səviyyəsi üzrə) cari ildə bitirən abituriyentlərin buraxılış imtahanı çərçivəsində verdikləri “Azərbaycan dili (dövlət dili kimi)” fənni imtahanından nisbi balı ən azı 50 olduğu halda, onların həmin nəticələri əsas götürülür və “məqbul” almış hesab olunurlar. Həmin imtahan üzrə nisbi balı 50-dən az olan abituriyentlər isə “qeyri-məqbul” almış hesab olunurlar və qəbul imtahanı çərçivəsində “Azərbaycan dili (dövlət dili kimi)” fənnindən yenidən imtahan verirlər.

“Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə imtahanın nəticəsi iki il qüvvədə olduğundan, 2020-ci ildə həmin imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.

“Azərbaycan dili (dövlət dili kimi)” fənni imtahanından “məqbul” ala bilməyən abituriyentlər müsabiqəyə buraxılmırlar.

İxtisas seçimi qəbul imtahanı başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər (bax: “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayı).

Müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.

Tələbə qəbulu elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.

Azvision.az


Teqlər: Kollec   Tələbə   Qəbul  





Xəbər lenti